Qeyd edək ki, körpənin valideynləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi şəhərində çalışan əməkdaşı Abdullayev Abbas Məmməd oğlu ilə həmin qurumda mühəndis kimi fəaliyyət göstərən Namazlı Səadət Faddin qızıdır.
“Bugünkü gündə övladım dünyaya gəlib, bunun üçün çox sevincliyəm. Uğruna şəhidlər verdiyimiz torpaqda uzun illərdən sonra sevinirəm ki, Azərbaycan qeydiyyatında olan oğlan uşağı yaşayacaq. Ordu sıralarında bir əsgər daha da artdı. Qalib ordunun, qalib xalqın, millətin bir nümayəndəsi də artdı. Mən, bugünü bizə yaşadan şəhidlərimizə rəhmət diləyirəm. Şəhid ailələrinə Allahdan səbr diləyirəm. Allah bizə bu günü nəsib eləyən Müzəffər Ali Baş Komandanımıza cansağlığı versin. Uğurları daimi olsun. Azərbaycanın uğurları daimi olsun. Bir daha təkrar eləyirəm. Qarabağ Azərbaycandır!” Bunu Xankəndidə yeni doğulan körpənin atası Abbas Abdullayev “Baku” TV-yə açıqlamasında ifadə edib.
O, daha sonra əlavə edib ki, biz ailədə belə bir qərara gəlmişdik, yəni uzun illərdi ki, bu fikirdəydik, gəldi, nə gözəl ki, belə bir təsadüf alındı. Suveren, bütün dünya tərəfindən tanınan Azərbaycan torpağında, Azərbaycanın sərhədlərinin birləşdiyi bir yerdə, Xankəndidə dünyaya gələn ilk oğlan uşağının adının İlham olmasını düşünürük: “Çünki bizi Şanlı qələbəyə aparan sərkərdə O insandır. Onun adı ilə bağlıdır bu qələbəmiz. Allah nəsib eləsin, Onun kimi xalqına, millətinə, dövlətinə layiqli bir insan olsun bizim övladımız. Allah ordumuzu, millətimizi qorusun. Allah Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevi qorusun! Ona cansağlığı versin.
Onu da demək istəyirəm ki, çalışdığım Agentliyin rəhbərliyi ilk gündən diqqətini üstümüzdə saxlayıb. Agentliyin rəhbərliyinə, Xankəndi şəhər xəstəxanasının rəhbərliyinə, baş həkim başda olmaqla bütün kollektivə ailəmiz adından təşəkkürümü bildirirəm. Çox sağ olsunlar, əziyyət çəkdilər, övladımız sağsalamat dnyaya göz açdı.
Tahirə AĞAMİRZƏ