18.02.2026, 15:36
AZ EN
18.02.2026, 13:50 46

"Bakıdakı məhbuslar" kartı Simonyanın əlində...

XƏBƏRLƏR
  • "Bakıdakı erməni məhbusların ən sonuncusu geri dönənə qədər onların qaytarılması prosesi ilə əlaqədar danışıqlar davam edəcək. Biz təslim olmamalıyıq. Biz məhz bununla məşğuluq. Hamı geri dönəcək. Bəlkə bu gün deyil, bəlkə sabah deyil, amma nəticədə hər kəs geri dönəcək".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan dövlətinə və xalqına qarşı xüsusilə ağır cinayətlər törətməkdə barəsində hökm çıxarılmış separatçı liderlərin geri alınması ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, hazrkı şəraitdə onların geri qaytarılması son dərəcə mürəkkəb və çətin olsa da, davam edən sülh prosesi irəliləmək üçün imkan yaradır: "Yaxın keçmişdə Azərbaycanda əsirlikdə təxminən 200 nəfər erməni var idi və onların qayıtması qeyri-mümkün görünürdü. Lakin ardıcıl səylər nəticəsində onlar Ermənistana geri qaytarılıb. Bu iş sonuncu erməni geri dönənə qədər dayandırılmayacaq".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Münxendə "France 24" kanalına müsahibəsində Bakıda barələrində məhkəmənin hökmü ilə hökm çıxarılmış separatçı-terrorçu dəstə üzvlərinin azadlığa buraxılmasının gündəmdə olmadığını bildirib. Dövlət başçısı bununla bağlı mövqeyini əsaslandırarkən İkinci Dünya müharibəsindən sonra Nürnberq tribunalında mühakimə edilən nasistləri misal çəkib.

Bundan əvvəl isə ABŞ-ın vitse-prezidenti Ceyms Vens də Bakıda Prezident İlham Əliyev görüş zamanı erməni məhbusların azad olunması məsələsini qaldırıb. Əliyev amerikalı qonağa da təıxminən eyni cavabı verib.

Bəs, Ermənistan parlamentinin sədri nəyə əsaslanaraq erməni məhbusların tez və ya gec azad ediləcəyinə inanır? Simonyanda bu inamı yaradan nədir?

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Alen Simonyan bu cür açıqlaması ilə sadəcə olaraq, erməni ictimaiyyətini sakitləşdirməyə çalışır: "Simonyan sadəcə bu açıqlama ilə erməni ictimaiyyətinə mesaj göndərir ki, Ermənistan hökuməti guya erməni məhbusların azad olunması işində dayanmadan çalışır. Halbuki, Ruben Vardanyan kimi caninin sərbəst buraxılması başda baş nazir Nikol Paşinyan və elə Alen Simonyan olmaqla Ermənistan hakimiyyətinin problemlərini artırardı".

Elxan Şahinoğlu Bakıda məhbus həyatı yaşayan separatçı-terrorçu liderlərin İrəvana təhvil verilməsinin Ermənistanın hazırkı hakimiyyətinə sərf etmədiyi qənaətindədir: "Bir anlığa təsəvvür edək ki, Ruben Vardanyan hansısa yolla Qarabağdan Ermənistana qaçmağa müvəffəq olur. Bu halda İrəvanda peyda olan oliqarx erməni Rusiyanın da dəstəyi ilə Nikol Paşinyanın devrilməsi və Ermənistanda daxili gərginliyin artırılması üçün milyardlarını xərcləyəcəkdi. Yəni, Vardanyanı biz həbs etməsəydik, onu bir müddət sonra İrəvanda Paşinyan həbs etmək məcburiyyətində qalacaqdı. Bu isə parlament seçkisi öncəsində həmin oliqarxın tərəfdarlarının Paşinyana təzyiqi ilə müşahidə olunacaqdı. Ona görə də Alen Simonyan açıqlamasında səmimi deyil. O və onun lideri Riben Vardanyanın məhz Azərbaycanda məhbus həyatını davam etdirməsində maraqlıdır".

Hazırda Azərbaycanda 19 erməni məhbus var. Onların əksəriyyəti Qarabağdakı keçmiş separatçı rejimin liderləri və ya Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, terror aktlarına rəhbərlik etmiş şəxslərdir. Fevralın 5-də isə Qarabağda fəaliyyət göstərmiş keçmiş separatçı qurumun rəhbər şəxsləri və digər rəsmiləri barədə məhkəmə hökmü elan edilib. Onlara məhkəmənin hökmü ilə 16 ildən 20 ilədək, bəzilərinə isə ömürlük azadlıqdan məhrumetmə cəzaları verilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan qanuni qüvvəsini almış hökmlə cəzasını çəkir. O, Bakı Hərbi Məhkəməsinin 17 fevral 2026-cı il tarixli hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.  Bundan bir qədər əvvəl isə barələrində hökm çıxarılmış 4 erməni məhbus – Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib.

Elxan SALAHOV

Oxşar xəbərlər