Bunu açıqlamasında politoloq Azər Qarayev deyib.
"Azərbaycan və Çin diplomatik əlaqələrini 1992-ci ildə qurublar. O vaxtdan bəri ikitərəfli münasibətlər strateji səviyyəyə yüksəlib. Xüsusilə, Çin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib və Qarabağ münaqişəsi dövründə Azərbaycanın mövqeyini haqlı hesab edib. Azərbaycan və Çin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər. Prezident İlham Əliyevin Çinə səfərləri və Si Cinpinin Azərbaycanla bağlı müsbət mövqeyi ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu göstərir.
Azərbaycan və Çin arasında iqtisadi əlaqələr də günü-gündən genişlənir və inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi ildən-ilə artır. Hətta 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi rekord həddə çatıb. Bu da öz növbəsində əlaqələrin yüksələn xəttlə irəlilədiyinin göstəricisidir", - o bildirib.
A.Qarayev Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına müsahibəsində də Azərbaycan-Çin əlaqələrindən mühüm məqamlara toxunulduğunu xatırlatdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular: "Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq".
Politoloq qeyd edib ki, Azərbaycan Çinin Avropa bazarlarına çıxışını təmin edən əsas tranzit ölkələrdən biridir. Xüsusilə, “Orta Dəhliz” bu baxımdan böyük əhəmiyyət daşıyır.
"Orta Dəhliz Çindən Avropaya gedən yüklərin tranziti üçün ən optimal marşrutlardan biridir. Bu marşrut Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanır. Son illərdə Azərbaycan Orta Dəhlizin inkişafına böyük sərmayələr qoyub. Belə ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və sair.
Çin də təbii ki, "Orta Dəhliz"ə ciddi maraq göstərir. Əsas səbəblərdən biri Rusiyadan keçən marşrutun Ukrayna müharibəsinə görə riskli olmasıdır. Orta Dəhliz Rusiya üzərindən keçən Transsibir dəmir yoluna alternativ olaraq nəzərdən keçirilir. Bundan əlavə, Orta Dəhliz həm də dəniz marşrutlarına nisbətən daha sürətlidir. Məsələn, Çindən Avropaya dəniz yolu ilə yük daşınması 45-60 gün çəkirsə, Orta Dəhlizlə bu müddət 20-25 günə qədər enir.
Eyni müsahibədə dövlətimizin başçısı Azərbaycanın coğrafi mövqeyinin üstünlüklərinə də toxundu. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin coğrafi mövqeyi, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəsi nöqteyi-nəzərindən əhəmiyyətli olacaq: "Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik"", - o bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycan və Çin münasibətləri gələcəkdə daha da genişlənəcək.
"Xüsusilə, yaşıl enerji, kənd təsərrüfatı, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələri əsas prioritet sahələr olacaq. Məsələn, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun buraxılış qabiliyyətini artırmağı planlaşdırır, bu isə o deməkdir ki, Çin də bu layihədə iştirak edə bilər. Bundan əlavə, Çin şirkətləri Azərbaycanın azad iqtisadi zonalarına sərmayə qoymaqda maraqlıdırlar. Eyni zamanda Çin və Azərbaycan rəqəmsal ticarət sahəsində əməkdaşlığı gücləndirə bilər. Çinin bu istiqamətdə təcrübəsini nəzərə alarsaq, bu Azərbaycan üçün mühüm irəliləyiş ola bilər.
Azərbaycan və Çin münasibətləri strateji əhəmiyyət daşıyır və getdikcə daha da möhkəmlənir. Azərbaycanın geostrateji mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və Orta Dəhlizdəki rolu Çinin Avropaya çıxışını asanlaşdıran əsas faktorlardandır. Gələcək illərdə bu əməkdaşlığın daha da dərinləşməsi gözlənilir, bu xüsusda da Orta Dəhlizin əhəmiyyətinin daha da artması planlaşdırılır. Azərbaycan öz tranzit imkanlarını genişləndirməklə həm iqtisadi fayda əldə etməyə davam edəcək, həm də Çinin Avropa bazarlarına çıxışını təmin edən əsas oyunçulardan biri olacaq", - A.Qarayev əlavə edib. (Trend)