Bunu bu ölkənin fəxri senatoru Alən Vassel (Alain Vasselle) Evian şəhərində ermənipərəst qüvvələrin təsiri nəticəsində Azərbaycan parkına vurulan zərər və şəhər meriyası tərəfindən parkın adının dəyişdirilməsi təşəbbüslərinə münasibət bildirərkən deyib.
O söyləyib ki, hadisələrlə bağlı narazılıq bildirməyin müxtəlif yolları var: "Lakin yazıçı-şairlər bizim tariximizdir. Dümanın və şair şahzadə Xurşidbanu Natəvan kimi dahilərimizin əsərləri bizim mədəni irsimizin bir hissəsidir və mədəniyyətimizə məxsusdur. Evianda baş verənlər absurddur və obyektivlikdən tamamilə uzaq olan ermənipərəst qüvvələrin əməllərinin nəticəsidir".
Fəxri senator onu da əlavə edib ki, Azərbaycana sülh yolu ilə öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi üçün şərait yaradılmalı idi:
"Ermənistan və Azərbaycan diplomatik kanalları vasitəsilə danışıqlar masası arxasına əyləşmək barədə razılığa gəlinməli idi".
Alən Vassel
Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü Jerom Lamber (Jerome Lambert) "Report"un yerli bürosuna açıqlamasında vurğulayıb ki, Evian şəhər meriyasının əl atdığı əməllər tamamilə yersizdir və çox güclü olan erməni diasporasının fəaliyyətinin nəticəsidir.
"Azərbaycan Ermənistan tərəfindən 30 il bundan qabaq işğal olunmuş əraziləri üzərində öz suverenliyini bərpa etdikdən bəri rəsmi Bakıya qarşı xüsusilə də Fransada müxalif qüvvələr baş qaldırıb. Bu qüvvələr vəziyyətdən narazı olan Fransadakı erməni diasporundan istifadə edirlər. Bu müxalifət hətta isterik davranışlara belə əl atır. Belə ki, Azərbaycanla əlaqəsi olan bütün simvollara, yerlərə əl atmağa çalışılır. Erməni diasporunun Fransadakı bir sıra nümayəndələri fransalı siyasətçiləri Azərbaycana qarşı qızışdırmağa çalışırlar", - o söyləyib.
Jerom Lamber
J.Lamber bildirib ki, Azərbaycana qarşı aparılan mənfur əməllərə heç bir əsas göstərmək mümkün deyil: "Azərbaycan öz haqlarına sahib çıxıb. Fransada Azərbaycana qarşı fəaliyyət göstərən ermənipərəst qüvvələr Bakı və İrəvan arasında sülhün yaranmasına mane olurlar. Evian şəhər meriyasının əl atdığı əməllər tamamilə yersizdir və çox güclü olan erməni diasporasının fəaliyyətinin nəticəsidir".
Fransa Milli Assambleyasının və NATO-nun Parlament Assambleyasənın fəxri üzvü Jan-Lük Reitzer (Jean-Luc Reitzer) "Report"un yerli bürosuna bildirib ki, Evian şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı olunan pis rəftardan çox kədərlənib.
Jan-Lük Reitzer
"Mən Evian şəhərində baş verənləri qəmginliklə qarşıladım. Azərbaycanla Fransa arasında hər bir sahədə istər iqtisadi, istər mədəni və digər sahələrdə hər zaman gözəl münasibətlər olub. Lakin bu gün Fransada bir çoxları Azərbaycanı tanımadan, tarixini bilmədən, Azərbaycana heç zaman ayaq qoymadan ona qarşı mövqe tutmaqdadırlar. Xatırladım ki, Birinci Qarabağ müharibəsi zamanı Qarabağ separatçılar tərəfindən ələ keçirilmişdi və idarə olunurdu. Heç bir dövlət, hətta Ermənistan belə bu ərazinin müstəqilliyini tanımamışdı. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Erməni qaçqınlarından danışanlar unudublar ki, yüz minlərlə azərbaycanlı Birinci Qarabağ müharibəsindən sonra evini, torpağını Qarabağda qoyub getməyə məcbur olub, öz doğma yurdlarından didərgin düşüb. Mən Bakıda o qaçqınların düşərgələrində olmuşam. Mən bu gün ölkəmdə Azərbaycan və Azərbaycan xalqının mövqeyinə göstərilən ədalətsiz münasibətlərdən çox kədərlənirəm" - o bildirib. (Report)