"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib. Onun sözlərinə ABŞ administrasiyasının ən yüksək səviyyədə dəstəklədiyi bu layihənin reallaşdırılması Vaşinqtonun iqtisadi maraqlarını əks etdirir: "Vaşinqton bəyanatı heç bir hüquqi öhdəlik nəzərdə tutmur, heç bir yerdə ABŞ-nin Ermənistanın təhlükəsizliyinin qarantı rolunu öz üzərinə götürdüyü deyilmir, amerikalıların regionda eskalasiya cəhdlərinə qarşı çıxacağına dair bənd də yoxdur. Bəli, sülhlə bağlı bəzi müddəalar var, amma bütün sənəd tərəflərin niyyətləri ilə bağlıdır".
Zakaryan Zəngəzur layihəsinin mahiyyəti barədə danışarkən bildirib ki, ABŞ şirkəti üçüncü operatordan istifadə edərək yüklərin Ermənistan ərazisindən tranzitini asanlaşdıracaq. Onun fikrincə, həmin yolda tranzit xidmətlərindən əldə olunan gəlirin əsas hissəsi Sünikdə (Qərbi Zəngəzur) həyata keçirilən biznes layihələrindən, o cümlədən otellər, yanacaqdoldurma məntəqələri, yol və dəmir yolu infrastrukturundan əldə ediləcək: "Mənfəətin yalnız 26 faizi . Ermənistana çatacaq, qalan hissə bütünlüklə Amerikaya gedəcək".
Keçmiş erməni nazir əlavə edib ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Azərbaycan birbaşa quru əlaqəsi, yeni kommunikasiya imkanları qazanacaq, Ermənistan isə müqayisə edilə bilən nəqliyyat üstünlüyü əldə etmir. Onun sözlərinə görə, Vaşintonla İrəvan arasında imzalanmış sənəddə Ermənistan yüklərinin Azərbaycana və ya Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə çatdırılması mexanizmlərinə dair hər hansı müddəa yoxdur: "Ermənistan ərazisindən yükdaşımaların nə qədər İrəvanın nəzarəti altında olacağı və bütün bu prosesin Ermənistan qanunlarına nə dərəcədə tabe olacağı ilə bağlı çox ciddi suallarım var".
Elxan SALAHOV