21.11.2024, 18:09
AZ EN
10.07.2023, 07:00 267

Ulu Öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə görüşü: Bakı şəhəri, 24 fevral, 1996-cı il.

XƏBƏRLƏR
  • “Vətən səsi” Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycanda “Heydər Əliyev İli” münasibətilə xalqımızın böyük liderinin qaçqınlıq və məcburi köçkünlük probleminin həllində, xalqımızın vətənpərvərlik ruhunun yüksəldilməsində, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə səfərbər olunmasında tarixi xidmətləri barədə silsilə yazılar hazırlayır. Bu silsiləyə Ulu Öndərin məcburi köçkünlərlə görüşləri barədə tarixi arayışlar da daxildir...

1996-cı il fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident sarayında Xocalı soyqrımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşmüşdür.

Görüşdə Prezident Heydər Əliyev giriş və yekun nitqi söylədi.

Azərbaycan Prezidenti Heydər Əliyevin giriş nitqi

- Biz bu günlər Xocalı faciəsinin dördüncü ildönümünü qeyd edirik. Bu, xalqımızın, millətimizin tarixində qara bir səhifədir, xalqımızın faciəsidir. Eyni zamanda bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibədə artıq səkkiz il tamam olubdur ki, Azərbaycana Ermənistan tərəfindən hərbi təcavüz başlanıbdır. Səkkiz il ərzində bu təcavüz davam edib və xalqımız öz torpaqlarını, Vətənini müdafiə etmək üçün vuruşub, çalışıb, mübarizə aparıbdır və bu gün də torpaqlarının keşiyindədir.

Azərbaycan xalqı bu müddətdə çox şəhidlər, qurbanlar veribdir.    Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olublar. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var.

Mən söhbətə başlamazdan əvvəl rica edirəm ki, Xocalı torpağını qoruyarkən, müdafiə edərkən şəhid olmuş bizim Azərbaycan övladlarının xatirəsini, torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq özlərini qurban vermiş bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin.

Bu gün hər bir Xocalı sakini ilə görüşmək bizim üçün çox əziz olardı. Lakin bilirsiniz ki, bu mümkün deyil.

Xocalıdan didərgin düşmüş soydaşlarımız Azərbaycanın bir çox yerlərində məskunlaşıblar. Mən isə Xocalının bir qrup nümayəndəsi ilə burada görüşərək hesab edirəm ki, bütün xocalılarla görüşürəm. Mən bu görüşdən məmnun olduğumu bildirmək istəyirəm. Siz dörd ildir ki, özünüzün, qohum-əqrabanızın öz yerinizin sakinlərinin başına gəlmiş bəlalara, faciələrə, itkilərə görə dərd-kədər içindəsiniz. Eyni zamanda bu faciə bütün Azərbaycan xalqını kədərləndirir. Biz hamımız kədər hissi keçiririk həm Xocalıda həlak olanlar üçün, həm onların xatirələrinə görə, həm də bütün Azərbaycanın verdiyi şəhidlərə görə. Bugünkü görüşümüzdə o günləri müəyyən qədər xatırlamaq, həyatdan gedənlərə rəhmət diləmək, yaşayanlara isə kömək etmək, onların yaşayışının daha da yaxşılaşması üçün lazımi tədbirlər görmək bizim borcumuzdur. Güman edirəm ki, bu gün bizim görüşümüzün də, söhbətimizin də məqsədi bundan ibarətdir. Mən sizi dinləmək istəyirəm, sizi eşitmək istəyirəm.

Xocalı sakinlərini ayrı-ayrılıqda dinlədikdən sonra Prezident Heydər Əliyev yekun nitqi söylədi. O, bildirdi ki, bugünkü görüşümüz və uzun sürən söhbətimiz çox əhəmiyyətlidir. Eyni zamanda böyük kədər hissi doğurur. Xalqımız çoxəsrlik tarixində qəhrəmanlıq nümunələri göstərib, ancaq müəyyən vaxtlarda uğursuzluqlar da, faciələr də yaşayıb. Bütün bu ağır, çətin proseslərin içərisində Xocalı faciəsi xüsusi bir yer turtur. Xocalı soyqrımı Ermənistan, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən ən dəhşətli soyqrımdı. Bu bizim tariximizdə belə də həkk olunmalıdır. Bu faciəni heç vaxt unutmaq olmaz. Amma eyni zamanda o gecə bizim nə qədər qəhrəman övladlarımız dişinə qədər silahlanmış erməni silahlı dəstələrinə və keçmiş Sovet İttifaqının çox böyük silaha və təcrübəyə  malik olan böyük bir alayına, onun hücumlarına sinə gərə bilmiş, vuruşub, döyüşmüşlər. Döyüşə-döyüşə həlak olmuşlar, qəhrəmanlıq nümunələri göstərmişlər və Milli Qəhrəman adı almağa layiq görülmüşlər.

Ona görə də bu hadisənin iki tərəfi də bu gün bizim üçün əhəmiyyətlidir və iki tərəfi də təbliğ olunmalıdır və dünyaya çatdırılmalıdır. Biz bundan sonra bunu etməliyik bu bizim vəzifəmizdir.

Mən tövsiyə edərdim ki, xocalıların adından, bəlkə də Azərbaycan ziyalılarının adından, ayrı-ayrı təşkilatların adından dünya ictimaiyyətinə Xocalı soyqrımının 4-cü ildönümü ilə bağlı müraciətlər göndərilsin. Bunu unutmaq olmaz! Bunu unutmaq olmaz! Bu gərək dünya ictimaiyyətinə çatdırılsın və bildirilsin, hər yerdə bilinsin ki, erməni işğalçıları nə qədər qəddar, nə qədər vəhşidirlər və Azərbaycan xalqına qarşı dünya, bəşər qanunlarına zidd olaraq nə qədər böyük vəhşilik, cinayətlər ediblər. Bunu biz mütləq etməliyik.         

Bu gün burada çıxış edənlərin hamısı, xüsusən Xocalının İcra Hakimiyyətinin başçısı çox ətraflı  məlumat verdi. Bunlar bu cinayətləri, yəni Azərbaycanın ayrı-ayrı dövlət nümayəndələri tərəfindən, xüsusən də dövlət başçısı tərəfindən olan cinayətləri və xəyanətkarlığı bir daha sözsüz sübut edir. Amma bu 4 ildə bu cinayətlərin üstünü örtüb basdırmağa çalışıblar. Xocalı faciəsi təkcə o vaxt hakimiyyətdə olanların deyil, eyni zamanda o vaxt hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin öz xalqına etdiyi xəyanətin və cinayətin nəticəsində olubdur. Artıq tam qətiyyətlə demək olar ki, bu cinayətin üstünün açılmasında onların marağı olmayıb.

Bilirsiniz ki, Xocalı soyqrımı 1992-ci fevralın 26-da olubdur. 1993-cü il fevral ayının 26-da soyqrımın birinci ildönümü idi. O yaranın hələ tamamilə qanlı vaxtı idi. Bəs nə üçün Xocalı soyqrımı günü elan olunmadı? Niyə! Halbuki bunun böyük tarixi əhəmiyyəti var, böyük mənəvi əhəmiyyəti var. 1994-cü il fevralın 26-da mən Milli Məclisə təklif verdim. Milli məclis qərar qəbul etdi və Xocalı soyqrımı, Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, matəm, hüzn, faciə günüdür.

Öz millətinin taleyinə bu qədər laqeydlik, biganəlik ola bilərmi? O adamlar indi orda-burda danışırlar, qəzetdə cürbəcür şeylər yazırlar, cürbəcür böhtanlarla məşğuldurlar. Bəzisi qaçıb Moskvada gizlənib, bəzisi, nə bilim, dağlarda gizlənib, bəzisi burada müxalifətdədir. Bu gün onların heç birinin mənəvi haqqı yoxdur danışmağa.

Onların başdan-ayağa hamısı Azərbaycan xalqının qarşısında etdikləri cinayətə görə cavabdehdirlər, cavab verməlidirlər. Bu gün də cavab verməsələr, sabah verəcəklər.

Mən bir daha xocalıların qəhrəmanlıq, rəşadət nümunələri qarşısında baş əyirəm, bütün xocalılara öz hörmət və ehtiramımı bidirirəm və bir daha bəyan edirəm ki, şəhidlərin qəhrəmanlığı heç vaxt unudulmayacaqdır, onların xalq, dövlət qarşısındakı xidmətləri bizim qəlbimizdə həmişə, daim yaşayacaqdır.

Prezident Heydər Əliyev daha sonra xocalılarla bir daha söhbət etdi, şəhid ailələri, doğmaları ilə yaxından tanış olaraq onların dərd-sərini bölüşdü. Xocalıların dərdini az da olsa yüngülləşdirmək və onların həyat şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni etdiyini və həmişə də edəcəyini söylədi.

Sonda bidirdi ki, bu görüş nə qədər kədərli olsa da, eyni zamanda o qədər də mənalıdır, o qədər də böyük iftixar hissi doğurur. Bu görüşə görə sizə təşəkkür edirəm.

Sağ olun!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər