Vətən səsi” Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycanda “Heydər Əliyev İli” münasibətilə xalqımızın böyük liderinin qaçqınlıq və məcburi köçkünlük probleminin həllində, xalqımızın vətənpərvərlik ruhunun yüksəldilməsində, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə səfərbər olunmasında tarixi xidmətləri barədə silsilə yazılar hazırlayır. Bu silsiləyə Ulu Öndərin məcburi köçkünlərlə görüşləri barədə tarixi arayışlar da daxildir...
1993-cü ildə Azərbaycanda vəziyyət olduqca çətin idi. Bir yandan torpaqlarımızın işğalı, digər tərəfdən hakimiyyətdə olanların səriştəsizliyi xalqı mənəvi bir böhran içərisinə yuvarlamışdı. Həmin ağır vaxtlarda xalqın böyük tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə gətirildi. O vaxt xalqın xilaskarı kimi Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizi düşdüyü çətin vəziyyətdən və mənəvi böhrandan çıxarmaq üçün əlindən gələni edirdi. Bu böyük insan vaxtaşırı qaçqınlar və məcburi köçkünlərlə görüşür, birlikdə bütün çətinliklərin öhdəsindən gəlməyin mümkünlüyünə hər kəsdə inam yaradırdı. Azərbaycanın bütün bölgələrinə səpələnmiş qaçqın və məcburi köçkünlər də dahi Liderə böyük ümid bəsləyir, ölkə başçısı ilə onların hər görüşü böyük bir bayrama çevrilirdi. Ulu Öndər Azərbaycanı qarş-qarış gəzir və ev-eşiyindən didərgin düşmüş insanların sıx məskunlaşdığı ərazilərə səfər edirdi.
1993-cü ildə Ümummilli Liderimizin belə görüşlərindən biri də, Sumqayıt şəhərində olmuşdu. Həmin il dekabrın 28-də Ulu Öndər Heydər Əliyev Sumqayıt şəhərinə gələrək əvvəlcə Tarix muzeyində “Bir elin harayı” adlı diyarşünaslıq bölməsi ilə tanış olmuşdu. Dahi şəxsiyyətin marağına səbəb olan buradakı ekspozisiya uzun illər Qərbi Azərbaycanın Qafan rayonunda Müsəlləm kənd məktəbində çalışmş Baxşeyiş Ələmşahov tərəfindən çətinliklə muzeyə gətirilmişdi. Həmin ekspozisiyada Sisyan, Meğri, Göyçə, Vedibasar ərazilərindən, həmçinin Naxçıvandan, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarından toplanmış 300-dən artıq eksponat da var idi.
Ulu Öndər Tarix Muzeyindən ayrılarkən burada toplaşmış minlərlə sumqayıtlı, həm də burada məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüşdü. Ulu Öndər çıxışında Sumqayıtın maraqlı tarixi olduğunu söyləyərək demişdi ki, tarix muzeyi ilə tanşlıq zamanı bunlar bir daha gözlərim önünə gəldi. Sumqayıtda nəinki böyük sənaye potensialı cəmləşib, həm də, indi bu şəhər ölkəmizin müxtəlif bölgələrindən gəlib burada məskunlaşanlar üçün doğma yurda çevrilib. Sumqayıt Qərbi Azərbaycandan güclə çıxarılan soydaşlarımızın da, ilk pənah gətirdiyi yerdir. Sonradan Dağlıq Qarabağdan və başqa ərazilərdən də köçkünlər buraya gəldilər...
Ölkə başçısı Sumqayıtda məskunlaşan qaçqın və məcburi köçkünlərə üz tutaraq dedi ki, Sizin indiki vəziyyətiniz müvəqqəti xarakter daşıyır. Biz indi Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almağa çalışırıq. Sonra nəyin bahasına olursa-olsun torpaqlarımızı erməni işğalçılarından təmizləyəcəyik. Gün gələcək ki, didərgin soydaşlarımız yenidən öz doğma yurdlarına qayıdacaq və soyumuş ev-eşiklərini qızdıracaqlar. Bunun üçün əli silah tutanlarımızın hamısını mərd əsgər və zabitlərimizlə bir yerdə olmağa çağırıram. Birlik, qardaşlıq, dostluq indi Respublikamızın, xalqımızın xilası naminə həyatımızın mənası olmalıdır.
Ulu Öndər sonra Sumqayıtda Şəhidlər Xiyabanına gəldi və burada 187 şəhidin məzarını ziyarət etdi. Şəhid ailələrinə başsağlığı vermək üçün ayaq saxladı. Onların qayğıları ilə maraqlandı, problemlərini dinlədi...
Ulu Öndər Heydər Əliyevin Sumqayıt görüşləri İcra Hakimiyyətində başa çatdı. İcra Hakimiyyətinin başçısı Şakir Abuşov ölkə başçısına Sumqayıtla bağlı məlumatlar verdi. Ulu Öndər söhbətə yekun vuraraq bildirdi ki, şəhərdə qaçqınlarla birlikdə 350 mindən çox əhali yaşasa da, vəziyyətə tam nəzarət olunması, burada sığınacaq tapmış insanların bütün hüquqlardan istifadə etməsi yaxşı haldır. Qaçqınlara diqqət daha da artırılmalıdır. Çünki yerli əhalinin ev-eşiyi, dolanışığı var. Amma qaçqın və məcburi köçkünlər isə böyük mənəvi əzab içindədirlər. Onlar evlərini, doğmalarını itirmiş adamlardır...
Ümummilli Liderimiz Bakıya dönməyə hazırlaşarkən yenidən sakinlərlə görüşərək onları əmin etdi ki, ölkəmiz tezliklə bu böhranlı vəziyyətdən çıxacaq və məkrli düşmən üzərində tam qələbə çalacaq. Bunun üçün bizə birlik, birlik və yenə də, birlik lazımdır.
Hazırladı: Mina RƏŞİD