Film aprel ayında yayımlanacaq
Bu sözləri Azərbaycan Televiziyasının (AzTV) sədr müavini, jurnalist Rüfət Həmzəyev deyib.
Nümayiş olunan arxiv materiallarından bəzilərinin indiyədək ictimaiyyətə açıqlanmadığını qeyd edən R.Həmzəyev dedi: “Arxiv sənədləri təbii ki, çoxdur. Lakin nəzərə almaq lazımdır ki, onların mütləq əksəriyyəti hələ də “tam məxfi” qrifi altında qorunduğundan, sənədli filmlərdə ictimailəşməsi məqbul sayılan qədər istifadə edilir. Qeyd edim ki, filmin hazırlanmasında DTX-nin mətbuat xidmətinin xüsusi rolu var”.
“Konfidensial” kimi bir layihənin ssenari müəllifi və aparıcısı olmağın çox məsuliyyətli olduğunu vurğulayan R.Həmzəyev Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və ya iştirakı ilə həyata keçirilən əməliyyat tədbirlərinə dair məxfi sənədlərlə yaxından tanışlığın onda böyük təəssürat yaratdığını da qeyd etdi: “Arxivdə qorunan saysız-hesabsız məxfi sənədlərlə tanışlıq Ulu Öndəri tam fərqli prizmadan tanımağa imkan yaradır. Araşdırmalar zamanı rast gəlinən faktlar bir daha müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin hələ onilliklər əvvəl müstəqilliyə gedən yolu necə rəvan etdiyini sübut edir”.
R.Həmzəyev yayımlanacaq növbəti hissələrin tarixi və mövzusunu açıqladı: “Paralel olaraq sonrakı hissələrin ssenarilərinin yazılması və çəkilişləri prosesi davam edir. Ümumilikdə çəkilişlərimiz Türkiyə, Rusiya, Polşa, ABŞ, Qazaxıstan və digər ölkələrdə baş tutub. Sənədli silsilənin ikinci hissəsi aprelin ilk həftəsi yayımlanacaq. Bu, Ümummilli Lider Heydər Əliyevin kapitan rütbəsində, Azərbaycan SSR DTK-nın əks-kəşfiyyat idarəsinə rəhbərliyinin ilk illərinə aid əməliyyat tədbiri haqdadır”.
Qeyd edək ki, “Konfidensial” adlı layihənin birinci hissəsi “Naturalist” əməliyyatına həsr olunub. Bu əməliyyat Almaniya Federativ Respublikası vətəndaşı, “müstəqil jurnalist” V.B.-nin sovet xüsusi xidmət orqanına cəlb olunmasından bəhs edir.
Layihənin rəhbəri Namiq Abdullayev, ssenari müəllifi və aparıcısı Rüfət Həmzəyev, quruluşçu rejissoru Elnur Məmmədov, operatorları Elbrus Musayev və Cavid Əliyevdir.
“Konfidensial”ın sonrakı buraxılışlarında xarici xüsusi xidmət orqanlarının müasir dövrümüzdə ölkəmizdə həyata keçirmək istədiyi layihələrin məqsədinin izah olunacağını deyən Rüfət Həmzəyev AzTV-nin bu il üçün proqramına daxil edilən digər layihələr haqqında da məlumat verdi: “Bu xüsusda “Qızıl Fond” layihəsini xüsusi vurğulamaq istəyirəm. Burada 1956-cı ildən başlayaraq indiyədək tariximizi əhatə edən minlərlə qiymətli material var. Yeri gəlmişkən, yaxın günlərdə AzTV-nin 67 illik tarixini özündə saxlayan arxiv sisteminin rəqəmsal platformaya keçirilməsinə başlanılacaq”. (AZƏRTAC)