Sənədli film Ulu Öndər Heydər Əliyevin həyatının son dövrünə həsr olunub.
Mixail Qusman bildirib: “1987-ci ildə xəstəlikdən sonra Heydər Əliyev tutduğu bütün vəzifələrdən haqsız olaraq azad edilmişdi. O, Vətəninə, sonra isə xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıtdı. Belə bir qayıdış dünya tarixində ilk dəfə idi. Filmdə “Formula vlasti” verilişinin təcrübəsindən istifadə edilir. Biz Jak Şirak, Bill Klinton, Corc Buş, Toni Bleyer və digər dünya siyasətçiləri ilə Heydər Əlirza oğlu barədə söhbət edirik. Polad Bülbüloğlu isə “Liderin ürəyi” filmi üçün rus şairi Yuri Ryaşentsevin şeirlərinə gözəl mahnı yazıb”.
Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışan M. Qusman vurğulayıb ki, məhz Heydər Əliyevin siyasi kursunun strateji çoxvektorluğu, Rusiya və Türkiyə kimi Azərbaycanın ənənəvi tərəfdaşları ilə qarşılıqlı faydalı əməkdaşlığa yönəldilməsi, Qərb tərəfdaşlarının maraqlarının nəzərə alınması Prezident İlham Əliyevin ölkədə inamla və uğurla həyata keçirdiyi müasir xarici siyasət kursunun əsasını qoyub.
Sənədli filmin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir.
Qeyd edək ki, Mixail Qusman 2001-ci ildə “Formula vlasti” müəllif verilişi çərçivəsində “Heydər Əliyev. Son söz” televiziya proqramını lentə alıb. Ulu Öndərin anadan olmasının 100 illiyi ərəfəsində, mayın 6-da və 7-də proqram “Rossiya-24” telekanalında təkrar nümayiş etdirilib. Bu verilişdə Heydər Əliyev müəllif Mixail Qusmanla söhbətində bir çox mövzulara toxunub. (AZƏRTAC)