“Heydər Əliyev Azərbaycandır!” filmində dahi şəxsiyyətin ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın inkişafında mühüm rol oynamış 100 tarixi fakt təqdim edilir.
Filmin hazırlanması üçün Azərbaycanın bir sıra regionlarında çəkilişlər aparılıb, böyük həcmdə tarixi məlumatlar toplanıb. Filmin baş prodüseri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, quruluşçu rejissorları Seyran Mahmudoğlu və Fariz Əhmədov, ssenari müəllifi Yunis Orucovdur.
“Heydər Əliyev Azərbaycandır!” sənədli filminin 1-ci hissəsi oktyabrın 2-də saat 21.00-da, 2-ci hissəsi isə oktyabrın 3-də saat 21.00-da İTV-də yayımlanacaq.
Filmin 1-ci hissəsində Ümummilli Liderin həm sovet, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman cərəyan edən önəmli hadisələr əksini tapıb. Burada Heydər Əliyevin Azərbaycanda sənayenin və iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətin tanıdılması istiqamətində həyata keçirdiyi nəhəng layihələr barədə geniş məlumatlar təqdim olunur.
Filmin 2-ci hissəsi Azərbaycanın müstəqilliyinin bərpası dövrünü əhatə edir. Ulu Öndərin müasir müstəqil Azərbaycanın banisi kimi həyata keçirdiyi genişmiqyaslı layihələrdən, onun qətiyyətli siyasi fəaliyyətindən söhbət açılır. (AZƏRTAC)