Ümummilli Liderimiz Heydər Əliyevin işıqlı xatirəsinin xalqın qəlbində bu qədər yer tutması həm də onun ikinci dəfə hakimiyyətə gəldiyi - torpaqlarımızın işğal edildiyi, qaçqın-köçkün probleminin vüsət aldığı çətin bir vaxtda millətimizə dayaq olması ilə bağlıdır. Ulu Öndərin o vaxtlar qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları ərazilərə gedərək ağır vəziyyət yaşayan insanlarla keçirdiyi görüşlər, onlara göstərdiyi mənəvi-psixoloji dəstək, dövlət qayğısı unudulmazdır.
Xalqımızın böyük lideri 1993-cü il dekabrın 11-12-də cəbhəyanı bölgələrə - İmişli, Füzuli, Beyləqan, Şəmkir, Ağcabədi rayonlarına və Gəncə şəhərinə səfər etmişdi.
İMİŞLİ
Ulu Öndər Heydər Əliyev əvvəlcə Azərbaycanın cənub-qərbindən olan on minlərlə məcburi köçkünün müvəqqəti məskunlaşdığı İmişli rayonuna gəldi. Məcburi köçkünlərin çoxu burada məktəb və bağçalarda, çadır şəhərciyində sığınacaq tapmışdılar. Ulu Öndər ev-eşiyindən didərgin düşmüş insanlarla görüşüb, onların yaşayış şəraiti ilə yaxından tanış oldu, qayğıları ilə maraqlandı. Köçkünlər ən çətin vaxtlarında onlara baş çəkən, vəziyyətləri ilə maraqlanan böyük liderə təşəkkürlərini bidirdilər. Onlar bu böyük şəxsiyyətlə görüşdükləri üçün qəlbən rahatlıq tapdıqlarını, tezliklə doğma torpaqlarına qayıtmaq imidi ilə gələcəyə olan inamlarının daha da artdığını söylədilər.
Ulu Öndər köçkünlərin mənzil, ərzaq və iş təminatlarını yerindəcə həll etməyə çalışaraq aidiyyəti orqanlara təcili göstərişlər verirdi. İnsanlar Ümummilli Liderə bir dağ kimi arxalanır, torpaqlarımızın işğalında özümüzdən olan təxribatçıların və şəxsi mənafeyini güdənlərin də əli olduğunu Ona bildirirdilər. Ulu Öndər ondan doğma torpaqlarına nə vaxt qayıdacaqlarını soruşan didərgin soydaşlarımıza birlikdə bu çətinliyin öhdəsindən gələrək, bir gün mütləq o doğma yerlərə, öz ev-eşiklərinə dönəcəklərini inamla söyləyirdi.
GƏNCƏ
Xalqımızı düşdüyü bu çətin vəziyyətdən çıxarmaq və ona güvənən minlərlə insanın inamını doğrultmaq üçün Ulu Öndər əlindən gələni edirdi. 1993-cü il dekabrın 12-də H.Əliyev Gəncə şəhərində dövlət və hökumət oqanlarının məsul işçilərinin, komitələrin, şirkətlərin, cəbhə bölgələrindəki rayonların icra hakimiyyəti başçılarının, rayon sovetlərinin sədrlərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, hərbi komissarların və mətbuat nümayəndələrinin iştirakı ilə müşavirə keçirdi.
Müşavirədə əsas məqsəd ilk növbədə ölkənin müdafiəsi ilə bağlı məsələlərdən, sonra isə qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi, onların ərzaq, geyim və digər zəruri ehtiyaclarının təmin olunması üçün mexanizmlərin hazırlanması işinin sürətləndirilməsindən ibarət idi.
Ulu Öndər çıxışında dedi: “İndi əsas vəzifə respublikanın etibarlı müdafiə edilməsi və qaçqın düşmüş vətəndaşlarımızın yaşayışının lazımi səviyyədə təmin olunmasıdır. Bunlar bu günün vəzifələridir. Gələcəkdə isə respublikamızın işğal edilmiş torpaqları geri qaytarılmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, Azərbaycan dövləti bütün torpaqlarının, bütün sərvətlərinin sahibi olmalıdır”. Ümummilli Liderimiz çıxışında onu da bildirirdi ki, Ermənistanla Azərbaycan arasında gedən müharibənin dayandırılması üçün tədbirlər görülmüş, atəşin kəsilməsinə müəyyən qədər nail olmuşuq...
Sonra müşavirədə çıxış edən natiqlər Ulu Öndərin bölgələrdə müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşünün böyük əhəmiyyətindən danışaraq, onlara qayğının daha da artırılmasından söhbət açdılar. Çıxış edənlər Ordu quruculuğunda da müsbət dəyişikliklərin olduğunu vurğuladılar.
Ümummilli Lider Heydər Əliyev müşavirədə yekun nitqi söyləyərək bildirdi ki, indi elə bir sahə yoxdur ki, orada vəziyyət normal olsun. Belə ağır vəziyyətdən çıxmaq, respublikanın etibarlı müdafiəsini təmin etmək üçün, işğal edilmiş torpaqlarımızı geri qaytarmaq üçün cəmiyyətimizdə sağlam mühit, sağlam əhval-ruhiyyə, milli birlik, vətəndaş həmrəyliyi yaratmaq lazımdır. Son illərdə ayrı-ayrı qrupların, ayrı-ayrı şəxslərin bu çətinliklərdən istifadə edərək hakimiyyət, vəzifə uğrunda mübarizə aparması yetər!
Ulu Öndərin Gəncə şəhərində keçirdiyi müşavirədəki yekun nitqi yaddaşlara yazılaraq unudulmaz oldu. Bu dahi insanın yenicə hakimiyyətə gəldiyi, Azərbaycanın çətin bir dövrünə təsadüf edən həmin vaxtlarda, doğrudan da, xalqı bu durumdan xilas edəcək onun kimi işıqlı qəlbi, böyük ürəyi olan bir şəxsiyyətə böyük ehtiyacı vardı.
Ümummilli Lider Heydər Əliyev çıxışının sonunda deyir: “Mən xalqın müdrikliyinə, zəkasına inanıram və bir daha Azərbaycan xalqına, bütün vətəndaşlara müraciət edərək bildirmək istəyirəm ki, mənə göstərilən etimaddan tam istifadə edəcək, Azərbaycanın bu ağır vəziyyətdən çxması üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm”.
Hazırladı: Mina RƏŞİD