1996-cı il martın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycana rəsmi səfərə gəlmiş Türkmənistan Prezidenti Saparmurad Niyazov ilə birlikdə Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumunun yataqxanasında müvəqqəti məskunlaşmış Füzuli, Zəngilan, Şuşa və Xocalı rayonlarından olan məcburi köçkünlərlə görüşmüşdür.
Məcburi köçkünlərin nümayəndələri Azərbaycan Prezidenti Heydər Əliyevi və Türkmənistan Prezidenti Saparmurad Niyazovu gül-çiçəklə qarşıladılar. Laçın rayonundan olan köçkün bildirdi ki, öz dədə-baba yurdlarından didəgin düşmüş və bu yataqxanada müvəqqəti məskunlaşmış Füzuli, Zəngilan, Şuşa, Xocalı sakinləri gələcəyə ümidlərini itirməmişlər. Onlar doğma yurdlarına dönmək üçün Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və göstərdiyi səyləri yüksək qiymətləndirirlər. Qonaqlara bildirildi ki, bu yataqxanada 109 qaçqın ailəsi, 510 qaçqın sığınacaq tapmışdır. Sonra Azərbaycan Prezideni Heydər Əliyev məcbri köçkünlər qarşısında çıxış etdi.
Prezidenti Heydər Əliyevi dedi:
- Hörmətli bacı və qardaşlar!
Əziz balalar!
Bu gün Türkmənistanın Prezidenti, bizim dostumuz Saparmurad Niyazov respublikamıza səfərə gəlmişdir. Səhər tezdən bir çox işlərlə məşğul olmuşuq. Ancaq indi o, sizin vəziyyətinizlə tanış olmaq üçün, sizinlə görüşmək üçün sizin yanınıza gəlmişdir.
...Sizin dərdiniz, qayğınız mənim ürəyimdədir və bütün fəaliyyətimi buna həsr edirəm. Ancaq bizim qonaq da, dostumuz -Türkmənistan Prezidenti Saparmurad Niyazov da sizinlə görüşüb, vəziyyətinizdən hali olmaq istədi və ona görə də biz sizin yanınıza gəlmişik.
Mən sizin adınızdan dostumuz Saparmurad Niyazovu salamlayıram və ona deyirəm: Xoş gəlmisiniz! Xüsusən sizin yanınıza, yerindən-yudundan didərgin düşmüş, varını-yoxunu itirmiş insanlarla, böyük itkilər vermiş insanlarla görüşə gəldiyinə görə mən ona təşəkkür edirəm və ümidvar olduğumu bildimək istəyirəm ki, o öz ölkəsinin Prezidenti kimi dünya birliyində öz fəaliyyətində Azərbaycanın bu bəlalardan çıxmasına kömək edəcəkdir, bizim vəziyyətimizi, sizin vəziyyətinizi yaxından görəndən sonra imkanları çərçivəsində öz addımlarını atacaqdır...
Türkmənistan Prezidenti Saparmurad Niyazov çıxışında bildirdi ki, siz bütün çətinliklərə həmişə sinə gərmisiniz və bunlardan mübariz olaraq çıxmısınız. Ona görə də sizə dözüm lazımdır. Sizin Prezidentiniz, mənim yaxın dostum Heydər Əliyev sizi bu çətinliklərdən çıxarmağa çalışır və mən əminəm ki, siz bu çətinliklərdən tezliklə çıxacaqsınız. Bizim ulu babalarımız belə çətinliklərdən həmişə üzüağ çıxmışlar. Ona görə də siz əmin ola bilərsiniz ki, sizin Prezidentiniz bu çətinliklərin qarşısını sülh yolu ilə alacaq və bütün maneələr axada qalacaqdır.
Biz türkmənlər sizə həmişə kömək etməyə hazırıq və o köməyi göstərəcəyik. Çünki bizim, dilimiz, dinimiz, kökümüz birdir. Türkmənistan dövləti sizi heç vaxt unutmayacaqdır.
Azərbaycan və Türkmənistan Prezidentlərinin nitqləri diqqətlə dinlənildi və alqışlarla qarşılandı.
Sonra Prezident Hedər Əliyev köçkünlərə müraciətlə dedi ki, darıxmayın, vəziyyətinizin çətin olduğunu bilirəm. Biz də əlimizdən gələni edirik. Bir daha deyirəm ki, indi mənim həyatımın, fəaliyyətimin mənası işğal edilmiş torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sizin hər birinizi doğma yerinizə, elinizə-obanıza qaytarmaqdır. Mən buna inanıram!
Hazırladı: Mina RƏŞİD