Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdıqları İmişli rayonuna səfər edərək qaçqın və məcburi köçkünlərlə görüşmüşdü. 1994-cü il aprelin 9-da Ümummilli Liderimiz yenidən İmişli rayonuna səfər edib və məcburi köçkünlərin vəziyyəti ilə maraqlanıb.
Xalqın ümidi Sizədir!
Ulu Öndər Heydər Əliyevin İmişliyə yenidən səfər etməsi sakinləri, xüsusilə də, qaçqın və məcburi köçkünləri çox sevindirmişdi. Onlar ölkə başçısını sanki bir üzük qaşı kimi dövrəyə alıb ona öz ehtiramlarını bildirirdilər. Sonra şuşalı bir qadın bütün köçkünlərin adından fikrini belə ifadə etmişdi: “Əziz Prezidentimiz, həyata keçirdiyiniz bütün tədbirləri ürəkdən bəyənirik. Xalqın ümidi Sizədir. Biz qaçqınlar göstərilən diqqət və qayğıdan razıyıq. Lakin doğma Şuşamıza qayıtmaq istəyirik. Gərək bütün xalq ayağa qalxsın. Düşmən tərəfindən işğal olunmuş torpaqlarımızı geri qayrtarmaq üçün hamımız yumruq kimi birləşməli, güclü ordu yaratmalı və erməni qaniçənlərinə layiqli cavab verməliyik. Şuşalılar qələbə gününü səbirsizliklə gözləyirlər. Mən Şuşa camaatının Bakıda yaşamasının əleyhinəyəm. Qoy biz çadırlarda yaşayaq, əziyyət çəkək - bütün bunlara razıyıq. Təki torpaqlarımız geri qaytarılsın. Şuşanın da, bütün Respublikanın da, qeyrətli oğulları böyük inamla silaha sarılmalı, Vətən uğrunda, torpaq uğrunda canını əsirgəməməlidirlər”.
Sonra ölkə başçısı Heydər Əliyev köçkünlərlə səmimi söhbət etdi. Onların qayğıları ilə maraqlandı. Müharibə və iqtisadi çətinliklərlə bağlı problemlərin həll edilməsi və cəbhədə dönüş yaradılması ilə bağlı fikirlər səsləndirildi.
Daha sonra Prezident onu müşayiət edən bir qrup şəxslə İmişli rayonu ərazisindəki qaçqınlar üçün salınmış çadır şəhərciklərinə baş çəkdi.
Məcburi köçkünlər Ulu Öndəri böyük bir inam və rəğbətlə qarşıladılar. İnsanlar öz qayğılarından danışdıqca məlum oldu ki, ötən vaxt ərzində burada məcburi köçkünlərin həyat şəraitinə bir sıra rəhbər işçilər etinasız yanaşıblar. Ölkə başçısı Heydər Əliyev icra başçılarının qaçqın və məcburi köçkünlərin taleyinə belə laqeyd münasibətlərinə görə mütəəsir oldu və onlara ciddi xəbərdarlıq etdi.
Ulu Öndər köçkünlərin məskunlaşdığı bir neçə çadır evlərə daxil olaraq onların güzəranları ilə daha yaxından tanış oldu.
Hazırladı: Mina RƏŞİD