Tapdıq Nəsirov çıxış edərək ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini və bununla bağlı respublikamızın hər yerində olduğu kimi, Cəbrayıl rayonunda da silsilə tədbirlər keçirildiyini qeyd edib.
T.Nəsirov bildirib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı.
Dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, bu siyasətin yaradıcılıqla davam etdirilməsi missiyası cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan xalqı tərəfindən minnətdarlıqla qarşılanır və dilimizin bundan sonra da qorunması və inkişaf etdirilməsi sahəsində işlərin davam etdiriləcəyinə əminlik yaradır.
Təbdirdə Cəbrayıl rayon Təhsil sektorunun müdiri Zamiq Qurbanov, 8 saylı tam orta məktəbin direktoru Ülfət Həsənov, Azərbaycan dili və ədəbiyyatı müəllimləri Zaur Vəliyev və Əlqəm Şahverənov çıxış edərək Ulu öndərimiz Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyev cənablarının doğma ana dilimizə, milli adət-ənənələrimizə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar.
Sonda Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində göstərdiyi misilsiz xidmətlərdən bəhs edən videoçarx nümayiş olunub. .
Hazırladı: Mina RƏŞİD