27.07.2024, 09:17
AZ EN
31.03.2023, 09:35 276

Ulu Öndərlə tanışlığım əziz xatirəyə dönüb

XƏBƏRLƏR
  • İctimai-siyasi xadim, sabiq millət vəkili,  hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseynov “Real”TV-yə müsahibəsində Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrdən söhbət açıb. O, bildirib ki, atam Hüseyn Hüseynov Heydər Əliyevlə bir yerdə tarix fakültəsində oxumuşdular.

1964-cü ildə mən Göyçayda bir saylı orta məktəbdə oxuyurdum. Bir gün məktəbdən çıxanda gördük ki, böyük bir kəndli kütləsi, necə deyərlər, yük maşınları ilə Rayon Partiya Komitəsini darmadağın etdilər. O vaxt Xuruşovun hakimiyyətdə olan vaxtlar idi.Yaşlı təbəqə xatırlayar, belə bir kəndli islahatı aparılırdı ki,  kolxozlar, sovxozlar birləşdirilsin. Onda da buna etiraz olaraq  kəndli qiyamı baş vermişdi. Nəinki Göyçayda, bir neçə rayonlarda, bəlkə də, SSRİ miqyasında  bunlar təşkil olunmuşdu. Göyçay rayon partiya komitəsinin birinci katibi Mürsəlov idi. Həmin hadisələr zamanı ona xəsarət yetirdilər və onu Moskvaya xəstəxanaya apardılar. Belə bir cətin vəziyyətdə atam həm Rayonun Xalq Hakimi, həm də  büronun üzvü idi. Demək olar ki, rayonda partiya bürosunun üzvləri də  bu işlərin yatırılmasında fəal iştirak edirdilər. Ulu Öndər Heydər Əliyev onda Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı idi, Göyçaya ezam olunmuşdu. Təsadüf elə yarandı ki, həmin vaxt atam məni də özü ilə birgə onların qaldıqları qonaq evinə apardı. Mən ilk dəfə Heydər Əliyevi onda gördüm. Söhbət əsnasında məndən soruşdular ki, böyüyəndə nə olacaqsan? Mən də dedim ki, hüquqşünas olacam. Ona görə ki, uşaqlıqdan buna həvəsim var idi...

Daha sonrakı illərdə, əlbəttə, mən bilirdim  ki, 1969-cu ildə plenumda Heydər Əliyevin mərkəzi komitəyə birinci katib seçilməsində atamın da çox böyük sevinci oldu.  Mən Moskvada oxuduğum 1987-ci illərdə Müslüm Maqomayevin 100 illik yubileyi idi. Mən də akademiya üzrə bu mədəni-maarif işləri üzrə kurator kimi  iştirak edirdim.  Biz də getdik tədbirə. Həm azərbaycanlı kimi, həm də milis kapitanı kimi burda iştirak etməkdən şərəf duyurdum. Ümummili Lider Heydər Əliyev, Demiçev, mədəniyyət naziri Futse və digər vəzifəli şəxslər də bu konsert proqramında iştirak edirdilər. Tədbirin birinci hissəsi bitdi, ikinci hissəsi başladı və elə alındı ki, Ulu Öndər Heydər Əliyevin oturduğu loja ilə  mənim aramda təxminən bir-iki metr məsafə var idi. Cavan Müslüm Maqomayev birinci dəfə  “Azərbaycan” mahnısını ifa etdi. Mənim üçün Heydər Əliyevə, siyasi büronun üzvlərinə baxmaq çox maraqlı idi. “Azərbaycan” mahnısı ifa olunanda Heydər Əliyevin gözlərində, necə deyərlər, böyük kövrəlmə hiss elədim və bunu təsəvvür eləmirdim.  Düşünürdüm ki, belə böyük bir insan yəqin ki, heç bir zaman kövrəlməz. O da hiss edirdi ki, mən ona baxıram. Elə alındı ki, konsertdən sonra mən formada olduğuma görə yaxınlaşıb həm Heydər Əliyevlə, həm də Azərbaycan nümayəndə heyəti ilə görüşdüm və özümü təqdim elədim ki, mən akademiyanın dinləyicisiyəm...

Sabiq millət vəkili söhbətini davam etdirərək bildirdi ki, bu illər təbii ki, arxada qaldı:  “1989-cu ildə mən Ağdaşda milis rəisi vəzifəsində işləyirdim. Bir gün atam dedi ki, ay oğul, gedək Naxçıvana, bəlkə, Heydər Əliyev ordadı. Mən də etiraz etmədim. Təyyarə ilə Naxçıvana getdik. Biz orda daxili işlər nazirliyində, prokurorluqda, rayon partiya komitəsində olduq, nümayəndələrlə görüşdük və bizə bildirildi ki, Heydər Əliyev Naxçıvana gəlməyib.

1990-cı ilin iyun ayında bir gün yenə  atam zəng elədi ki,  Cahangir, Bakıya gəl. Mən də həmin gün yola çıxdım, gəldim Bakıya. Atam dedi ki, (Sabit Hüseynov o vaxtilə mərkəzi komitənin inzibati şöbəsinin  müdiri işləmişdi, ancaq artıq o da təqaüddə idi) Sabit müəllim xahiş edib ki, Heydər Əliyev Moskvadan gəlir. Siz də iştirak edin, onu qarşılamağa bir yerdə gedək. Biz atamın şəxsi avtomobilində Binə Aeroportuna getdik. Biz ora yaxınlaşanda gördüm ki, xeyli adam yığışıb. Təbii narahatçılıq hiss elədik. Baxdıq ki, müəyyən  plakatlar var, müəyyən qüvvələr var. Vəziyyət heç də ürəkaçan deyildi. Çətinliklə də olsa “Qaz 24” markalı maşınla aeroportun trampından Heydər Əliyevi çıxarda bildilər. Mən bu hadisənin canlı şahidi oldum.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər