19.09.2024, 05:30
AZ EN
16.06.2023, 07:00 288

Ulu Öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə görüşü: Bakı şəhəri, 21 noyabr, 1995-ci il.

XƏBƏRLƏR
  • “Vətən səsi” Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycanda “Heydər Əliyev İli” münasibətilə xalqımızın böyük liderinin qaçqınlıq və məcburi köçkünlük probleminin həllində, xalqımızın vətənpərvərlik ruhunun yüksəldilməsində, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə səfərbər olunmasında tarixi xidmətləri barədə silsilə yazılar hazırlayır. Bu silsiləyə Ulu Öndərin məcburi köçkünlərlə görüşləri barədə tarixi arayışlar da daxildir...

1995-ci il noyabrın 21-də Prezident Heydər Əliyev Ağdərə rayonundan olan və Türkiyənin “Qızıl Ay” cəmiyyətinin Bərdə rayonunda təşkil etdiyi çadır şəhərciyində yaşayan məcburi köçkünlər – Quliyevlər ailəsinin üzvləri ilə görüşüb. Görüş zamanı Nübar və Nailə Quliyevalar əl ilə toxuduqları, üzərində Azərbaycan Prezidenti Heydər Əliyevin və ABŞ Prezidenti Bill Klintonun birgə şəkli olan xalçanı dövlət başçısına hədiyyə etdilər. Qızların atası, Yevlax rayonunda müvəqqəti məskunlaşmış Əkbər Quliyev ölkə başçısına məlumat verdi ki, onlar Heydər Əliyev ilə Bill Klintonun bu fotoşəklini Amerikada çıxan “Azərbaycan internəşnl” jurnalından götürüb xalça üzərində toxumuşlar. Daha sonra Əkbər Quliyev dedi:

-Dünyanın ən nüfuzlu dövləti olan ABŞ-ın Prezidenti ilə Sizin sıx şəxsi əlaqələrinizə, yaxınlığınıza biz ürəkdən sevinirik.

Heydər Əliyev dedi:

-Mən Sizin Azərbaycan Respublikasına, müstəqilliyimizə, xalqımıza olan hissiyyatlarınızı duyuram və yəqin ki, Siz də bu xalçanı həmin hissiyyatların təcəssümü olaraq toxumusunuz. Bu mənim üçün çox əzizdir, ona görə ki, siz peşəkar rəssam deyilsiniz. Məşhur rəssamlar, xalça ustaları çox əsərlər yaradırlar, o cümlədən bir sıra siyasi xadimlərin portretlərini də yaradırlar. Amma mənim üçün bu xalça onlardan qiymətlidir. Çünki bu sizin özünüzün əl işinizdir. Həm də yurdunuzdan zorla qovularaq ağır şəraitdə yaşasanız da xalqa, millətə, dövlət başçısına və dövlətin siyasətinə bu qədər səmimi münasibət göstərməyiniz mənim üçün hər şeydən əzizdir.          

Məcburi köçkünlərin ailə üzvləri:

-Hörmətli Prezident, Siz dövlətimizin müstəqilliyini qoruyub saxladınız, respublikamız üçün çox böyük işlər görürsünüz, doğma Azərbaycan dilimizin adını özünə qayrtarmısınız.

Nübar Quliyeva: Dövlət dilinin yenidən Azərbaycan dili adlanması ilə əlaqədar olaraq işlədiyim məktəbin pedaqoji kollektivi adından, qaçqınlar adından və öz adımdan Sizə minnətdarlığımı bildirirəm. Əziz Prezident, biz qaçqınlar Sizin diqqət və qayğınızı həmişə hiss edirik. Qoy Allahın da qayğısı həmişə Sizin üzərinizdə olsun.

Prezident Heydər Əliyev dedi:

-Siz ağır şəraitdə yaşayan ailə öz mənəviyyatınızı heç vaxt unutmamısınız və mənəvi həyatınızı maddi həyatınızdan üstün tutmusunuz. Bu, çox qiymətlidir və xalqımıza xas olan xüsusiyyətdir. Çünki xalqımız tarix boyu çox əzab-əziyyətlərə dözüb, çoxlu çətinliklərdən, ağır sınaqlardan keçib. Ancaq mənəviyyatını heç vaxt itirməyib. Siz də belə yaşayırsınız, ona görə də mən bu hədiyyəni məmnuniyyətlə qəbul edirəm.

Məcburi köçkün ailəsinin üzvləri ölkə başçısına səmimiyyətlə bildirdilər ki, əgər vaxtında dövlətimizin başında böyük siyasətçi, vətənini ürəkdən sevən Heydər Əliyev dayansaydı onda torpaqlarımız da işğal olunmazdı. Onlar əminliklə söylədilər ki, dövlətimiz indi etibarlı əllərdədir və tezliklə torpaqlarımız da işğal altından azad ediləcəkdir.

Prezident Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-80-ci illərdə xalqla sıx əlaqəsindən söhbət açan Əkbər Quliyev 1981-ci ildə Ağdərədə bu böyük insanla görüşdüyünü xatırlatdı.

Sonra Nübar Quliyeva dedi ki, noyabrın 12-də keçirilmiş parlament seçkiləri və ümumxalq referendiumu zamanı məntəqə seçki komissiyasının üzvü olub. Məntəqənin əhatə edən ərazinin əhalisinin hamısı həmin gün böyük həvəslə gəlib ona – xalqın xilaskarı olan Heydər Əliyevə səs verdilər. Nübar xanım sonra onu da bildirdi ki, ölkə başçısının əhvlə bağlı fərmanı da sakinlər tərəfindən rəğbətlə qarşlanmışdı...

Sonra Heydər Əliyev köçkün ailə üzvlərinin Bərdədən Bakıya gələrək ona öz ehtiramlarını bildirən köçkün ailəsinin bu addımını böyük dəyərləndirdiyini söylədi. “Bunların hamısı sizin nə qədər vətənpərvər olduğunuzu göstərir. Mənim həyatım xalqımızın gözü qabağındadır və həyatımın mənası xalqa xidmət etməkdir. Əgər xalqımız, ayrı-ayrı vətəndaşımız fəaliyyətimi qiymətləndirirsə, bəyənirlərsə bu mənim üçün ən yüksək mükafatdır və böyük mənəvi dayaqdır”.

Heydər Əliyev Quliyevlər ailəsinə tşəkkür etdi. Vaxt tapan kimi tezliklə yenidən qaçqın və məcburi köçkünlərlə görüşə gələcəyini bildirdi.

Ölkə başçısı dedi: Xahiş edirəm, mənim salamlarımı, hörmət və ehtiramımı ağdərəlilərə, çadır şəhərciyində yaşayan bütün vətəndaşlarımıza, bacı-qardaşlarımıza çatdırın.

Hazırladı: Mina RƏŞİD  

Oxşar xəbərlər