Rafiq müəllim universitetdə təhsil alanda kino şöbəsində çalışıb. Daha sonra fotolobaratoriya qurub və özünü inkişaf etdirib. Dünyanın ən müasir fotoaparatlarını əldə edib.
1993- cü ildə Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri seçildikdən sonra Prezidentliyə namizəd kimi reklam üçün ona portret lazım idi. Bunun üçün Rafiq müəllimə müraciət olunub. Şəkil çəkmək üçün ona 2 saatdan çox vaxt ayrılıb. Sonra baxış üçün şəkilləri böyük ölçüdə çap edərək onun kabinetində masaya düzüb. Ulu Öndər hər bir şəklə çox incəliklə baxaraq onun işini bəyənib.
Bundan sonra Rafiq Bağırov bu böyük insanla ən mötəbər görüşlərdə birlikdə olub. Təbii olaraq bütün bu çəkilişlərdə o, həmişə həyəcanlı, son dərəcə məsuliyyətli hiss edib özünü.
Rafiq müəllim deyir ki, Ulu Öndərin demək olar ki, 99 faiz şəkillərinin müəllifi odur və o bununla fəxr edir.
R.Bağırov Ümummili Liderlə bağlı maraqlı anlardan da, danışıb. Deyir ki, Ulu Öndər bir dəfə kimsəsiz uşaqların konsertində iştirak edirdi. Bir uşaq “Qarabağ şikəstəsi”ni çox gözəl oxudu. Ulu Öndər bundan elə təsirləndi ki, gözləri yaşardı və çox adam da ona baxıb kövrəldi.
“Bir dəfə baş nazir Marqaret Tetçerlə görüşürdü. “Dəmir ledi” ona dedi ki, neynirsiniz Qarabağı, balaca yerdi, onu ermənilərə verin. Ulu Öndər bunun əvəzində ona Argentinanın Folklend adalarını nümunə çəkərək, söylədi. Bəs Siz niyə bu adaları başqalarına vermirsiniz?”
Rafiq müəllim deyir ki, Ağ Evdə Corc Buşun atasıyla görüşəndə o da, orada olub. Fotoqraf Ağ Evdə Ulu Öndərlə düz beş dəfə olduğunu söyləyib.
R.Bağırov onu da əlavə edir ki, bu dahi şəxsiyyətlə işləmək məsuliyyətli olduğu qədər də, çox maraqlı idi. Ulu Öndər səliqəli, özünə qarşı da, tələbkar, hərtərəfli bir insan idi...
Mina RƏŞİD