22.11.2024, 01:03
AZ EN
25.10.2023, 14:10 323

"Ulu Öndər silahdaşlarının xatirələrində" adlı kitab ədəbiyyat ictimaiyyətinə təqdim olunub

XƏBƏRLƏR
  • Ümummilli Lider Heydər Əliyevi 100 illiyi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən hazırlanan, Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən, dahi şəxsiyyətin mənalı ömrünün təhlükəsizlik orqanlarında keçən hissəsi ilə bağlı "Ulu Öndər silahdaşlarının xatirələrində" adlı kitab ədəbiyyat ictimaiyyətinə təqdim olunub.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar, AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev, DTX rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kitabda vaxtilə təhlükəsizlik orqanlarında uzun müddət Heydər Əliyevlə birlikdə çalışmış, onunla mütəmadi birbaşa təmasda olmuş veteran əməkdaşların xatirələri yer alıb.

Kitabın yazılmasında əsas məqsəd Ulu Öndərin xüsusi xidmət orqanlarında çalışarkən xalqının rifahı və Azərbaycanın təhlükəsizliyi yolunda etdikləri ilə bağlı yeni məqamları ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Ümummilli Liderin xüsusi xidmət orqanlarındakı fəaliyyətindən bəhs edən "Ulu Öndər silahdaşlarının xatirələrində" adlı kitab "Heydər Əliyev - Azərbaycan təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı" adlı giriş hissəsi ilə başlanır.

Kitabın ən önəmli, unikal cəhəti burada indiyə kimi heç bir yerdə dərc olunmayan, vaxtilə təhlükəsizlik orqanlarında Heydər Əliyevin rəhbərliyi altında çalışmış veteran əməkdaşların üzərində Ulu Öndərin imzası olan və onların şəxsi işlərində saxlanılan məxfi qrifli arxiv sənədlərinin, dahi rəhbərin bu təsisatda xidmət etdiyi vaxtlara aid fotoşəkillərin, o cümlədən Ümummilli Liderin Rusiya təhlükəsizlik orqanlarının arxivində saxlanılan şəxsi işindən olan sənədli materialların, həmçinin Özbəkistan və Qazaxıstan təhlükəsizlik orqanları veteranlarının xatirələrinin yer almasıdır.

Cari il mayın 10-da DTX-də keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə təqdimatı baş tutmuş nəşrin "Ön söz"ünün müəllifi olan DTX-nin rəisi general-polkovnik Əli Nağıyev kitabın ərsəyə gətirilməsinin əsas məqsədini aşağıdakı kimi açıqlayıb: "Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunduğu ərəfəyə təsadüf edən bu kitabın hazırlanmasında əsas məqsəd Heydər Əliyev ideyalarının geniş təbliği, insanlara, xüsusən də gənc nəslə onun mənalı həyat və nümunəvi xidmət yolu barədə vaxtilə rəhbərliyi altında çalışmış, dahi şəxsiyyətin diqqət və qayğısını öz üzərilərində hiss etmiş, məsləhət və tövsiyələrindən bəhrələnmiş təhlükəsizlik orqanlarının veteranlarının və onların övladlarının hafizələrinə ömürlük həkk olunmuş unudulmaz xatirələri oxucularla bölüşməkdir".

Kitabda 42 veteran əməkdaşın Heydər Əliyevlə bağlı bölüşdükləri xatirələri, müxtəlif zamanlarda dövri mətbuatda dərc edilmiş məqalə və müsahibələri əks olunub.

Kitabda Heydər Əliyevin silahdaşları qürur hissi ilə paylaşdıqları xatirələrində Ulu Öndərlə ilk tanışlıqlarından, aralarında mövcud olan rəhbər-işçi münasibətlərindən, onun əməkdaşlara diqqət və qayğısından, iş prinsipindən, geniş əməliyyat təfəkküründən, hadisələri qabaqcadan görə bilmək qabiliyyətindən, analitik və təhlil bacarığından ətraflı söhbət açırlar.

Onlar qeyd edirlər ki, məhz belə keyfiyyətləri sayəsində Heydər Əliyev mürəkkəb əməliyyat kombinasiyalarını uğurla həyata keçirir, qarşısında duran çətin tapşırıqların öhdəsindən layiqincə gələ bilirdi. Heydər Əliyevin təhlükəsizlik orqanlarında sıravi əməkdaşdan qurumun rəhbərinə, leytenant rütbəsindən general-mayor rütbəsinə kimi yüksəlməsi də sadalanan cəhətlərin müqabilində mümkün olmuşdu.

Qeyd olunub ki, Azərbaycan təhlükəsizlik orqanları məhz Ulu Öndərin miras qoyduğu vətənpərvərlik irsi və peşəkarlıq məktəbi əsasında fəaliyyət göstərir, bu orqanlarda xidmət vaxtilə Heydər Əliyevin müəyyən etdiyi meyarlar üzərində inkişaf etdirilir. General-polkovnik Əli Nağıyev qeyd olunanları "Ön söz"də xüsusi vurğulayır: "Heydər Əliyevin şərəfli ömrünün 25 ilini həsr etdiyi Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyəti, gələcək nəslə miras qoyduğu peşəkarlıq məktəbi xüsusi xidmət orqanlarının əməkdaşları üçün etalon olaraq qəbul edilir. Ulu Öndərin millətə və dövlətə sədaqət amalları isə daima gənc zabitlərə aşılanır". (AZƏRTAC)

Oxşar xəbərlər