21.11.2024, 23:36
AZ EN
03.11.2023, 10:50 320

Ulu Öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə görüşü: Bakı şəhəri, 1 aprel, 1996-cı il.

XƏBƏRLƏR
  • “Vətən səsi” Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycanda “Heydər Əliyev İli” münasibətilə xalqımızın böyük liderinin qaçqınlıq və məcburi köçkünlük probleminin həllində, xalqımızın vətənpərvərlik ruhunun yüksəldilməsində, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə səfərbər olunmasında tarixi xidmətləri barədə silsilə yazılar hazırlayır. Bu silsiləyə Ulu Öndərin məcburi köçkünlərlə görüşləri barədə tarixi arayışlar da daxildir...

1996-cı il aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident sarayında Kəlbəcərin Ermənistan silahlı qüvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşüb.  Ulu Öndər görüşdəki giriş nitqində  deyib: “Kəlbəcər rayonu əhalisinin nümayəndələri ilə mənim bugünkü görüşümün məqsədi birinci növbədə, respublikanın ayrı-ayrı yerlərində məskunlaşmış bu rayonun sakinlərinin vəziyyəti ilə tanış olmaqdan ibarətdir. Kəlbəcər rayonu üç il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna görə Kəlbəcərin sakinləri yerlərindən, yurdlarından didərgin düşüblər və respublikanın müxtəlif raonlarında, şəhərlərində yaşayırlar.     

Siz üç ildir ki, yerinizdən-yurdunuzdan olmusunuz, didərgin düşmüsünüz. Bu günü xatırlamaq lazımdır. Bu görüş həm də bu faciədən nəticə çıxarıb işğal olunmuş torpaqlarımızdan işğalçı qüvvələrin çıxarılması, torpaqlarımızın azad olunması uğrunda mübarizəmizi daha da gücləndirmək üçün, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək üçün fikir mübadiləsi aparmaq məqsədi daşıyır”.

Heydər Əliyev daha sonra Kəlbəcərin özünəməxsus gözəl təbiətindən, yeraltı və yerüstü sərvətlərindən və insanlarının fədakarlığından danışıb, rayon ictimaiyyəti nümayəndələrini dinləyib.

Prezident Heydər Əliyev yekun nitqində deyib: “Güman edirəm ki, biz bu gün ətraflı söhbət etdik. Həm sizin – kəlbəcərlilərin problemləri ilə daha yaxından tanış olduq, həm də ki, üç il bundan öncə Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının səbəbləri, bu işğalın günahkarları haqqında ətraflı fikir mübadiləsi apardıq.

Sizin çıxışlarınız, dediyiniz sözlər, fikirlər çox əhəmiyyətlidir.

Burada bəzi təkliflər irəli sürdünüz. Kəlbəcərlilərin vəziyyətinə qayğı, ayrı-ayrı fərdi xahişlər. Mən burada iştirak edən müvafiq rəhbər şəxslərə, xüsusən İcra Aparatının başçısına tapşırıram ki, bu təkliflərin hamısı cəmləşdirilsin və mənim adımdan icraçılara çatdırılsın ki, burada irəli sürülən məsələlər həll olunsun.

Ancaq Sizinlə birgə bizim hamımızın bu gün burada danışılan sözlərdən meydana gələn fikrimiz bundan ibarətdir ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğsl olunmuş torpaqları azad edilməlidir, respublikamızın ərazi bütövlüyü bərpa olunmalı və müstəqil dövlət kimi Azərbaycan bütün ərazisinin sahibi olmalıdır, bütün ərazisinə, öz sərhədlərinə tam nəzarət etmək haqqına nail olmalıdır. Bu qarşımızda duran ən böyük, eyni zamanda deyə bilərəm ki, ən çətin vəzifədir.

Burada deyildiyi kimi Kəlbəcər işğal olunmaya da bilərdi. Çünki o bir qala idi. Təəssüf ki, içimizdə nə qədər qəhrəmanlar varsa, o qədər də satqınlar, xainlər olub ki, Kəlbəcər işğal olundu”.

Heydər Əliyev çıxışında bildirib ki, torpaqlarımız uğrunda canlarını fəda edən oğullar olub, gəlinlər düşmən əlinə keçməsin deyə özlərini qayadan atıblar. “Gün o gün olacaq ki, biz torpaqlarımızı azad edəcək və o gəlinin özünü atdığı qayanın üzərində heykəlini ucaldacağıq. Sizin fikirlərinizi, dediklərinizi cəmləşdirərək belə nəticəyə gəlmək olar ki, işğal ounmuş torpaqlarımızın hamısını, o cümlədən Kəlbəcəri də müdafiə etmək mümkün idi. Əgər vaxtilə bunu edə bilməmişiksə bu xalqın, millətin günahı deyil, xalqa xəyanət edənlərin günahıdır,” – deyə Ulu Öndər qeyd edib.

O vurğulayıb ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı təcavüzə başlayarkən xalqımız bir yumruq kimi birləşəydi. Bütün daxili ixtilafları, çəkişmələri, cürbəcür narazılıqları bir kənara qoyaraq yumruq kimi birləşib gərək torpağı qoruyaydı. Sizin burada dediklərinizlə tamamilə razıyam. Doğrudan da, Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək sadəcə mümkün deyildi.

Heydər Əliyev deyib: “Kəlbəcərin işğalı bizim üçün böyük itkidir. O vaxtlar, keçmişdə biz Kəlbəcərin inkişafı üçün çox səylər göstərmişdik. İstisuda böyük kompleks tikilmişdi. Bu, neçə-neçə nəsillərin yaratdığı abidələr, yaşayış binaları idi. Təəssüf ki, vaxtilə qızıl yataqlarından istifadə edilməsi ilə məşğul olmamışdılar. Hələ o sakit dövrdə ermənilər gəlib bizim qızıl yataqlarımızı zəbt etmək istəyirdilər. Xatirimdədir, biz o barədə çox ciddi tədbirlər gördük.        

Kəlbəcərin çox gözəl keçmişi olubdur və güman edirəm ki, çox gözəl də gələcəyi var. Biz qoymayacağıq ki, torpağımızın bir qarışı da qəsbkarlara qalsın. Bir qarışını da qoymayacağıq...

Burada bu söhbəti apararkən bu fikir beynimə gəldi. Hesab edirəm, bunu başqa rayonlarımız üçün də etməliyik. Hansı kəndin, qəsəbənin işğal olunmasında günakar olanlar araşdırılsın, dəqiq qeyd edilsin və baş prokurora və təqdim edilsin.

Hesab edirəm ki, bu gün bizim danışığımız çox səmərəli oldu. Bir tərəfdən Kəlbəcərin faciəsini xatirimizə saldıq. O biri tərəfdən isə biz Kəlbəcərin azad olunması üçün özümüzü daha da səfərbər edirik.

Biz gərək özümüzü hazırlayaq nəyin bahasına olursa-olsun torpaqlarımızı geri qaytaraq. Bu barədə fikrim qətidir. Mən bu yolun yolçusuyam, bu yoldan dönməyəcəyəm”.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər