Səfirlikdən bildiriblər ki, veloyürüş iştirakçılarını salamlayan Azərbaycan səfiri Əşrəf Şıxəliyev müasir Azərbaycanın tarixinin, inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıraraq, məhz dahi siyasətçinin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın sabitlik və inkişaf yolu ilə getməyə başladığını deyib. Səfir qeyd edib ki, Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti dövlət quruculuğu və Azərbaycanın dünyada tanıdılması, ölkəmizin bugünkü iqtisadi qüdrətinin əldə edilməsində misilsiz rol oynayıb. Ulu Öndərin enerji strategiyası sayəsində enerji resurslarının iqtisadiyyata töhfəsi, onların dünya bazarına çıxarılması, eyni zamanda nüfuzlu neft şirkətlərinin Azərbaycana cəlb olunması ilə ölkənin dayanıqlı inkişafının təməli qoyulub.
Azərbaycan səfirliyinin qarşısında başlayan və 250-dən çox velosipedçinin iştirak etdiyi veloyürüş paytaxt Dehlinin rəmzi sayılan “İndia Gate”in önündə başa çatıb. Tədbir çərçivəsində səfirliyin həyətində Ümummilli Lider Heydər Əliyevə həsr olunan fotosərgi də təşkil edilib.
Tədbir çərçivəsində səfir Ə.Şıxəliyev Hindistan KİV-lərinə müsahibə verib. (AZƏRTAC)