“Vətən səsi” xəbər verir ki, Şahnazaryan Qarabağda yaşayan erməni əsilli əhalinin Azərbaycanın qanunlarına uyğun hərəkət etmək məcburiyyətində qalacaqlarını söyləyib. O deyib ki, Azərbaycan hökuməti Qarabağdakı erməni ailələrinin inteqrasiyası ilə bağlı proqram hazırlayıb və bu proqramın əsas tezisləri sülh danışıqlarının ən mühüm predmeti kimi qəbul olunub: “Rəsmi Bakı Qarabağ və orada yaşayan erməni əhalisinin Azərbaycana tam inteqrasiyasını əhatə edən proqram hazırlayıb. Qarabağda yaşayan ermənilərin Bakıya inteqrasiyasını nəzərdə tutan “yol xəritəsi” demək olar ki, razılaşdırılıb”.
Şahnazaryan onu da əlavə edib ki, proqram xarakterli “yol xəritəsi” 4 mərhələdən ibarətdir.
1. Sənədlərin Azərbaycan pasportu ilə dəyişdirilməsi, yəni ermənilərin pasportlaşdırılması;
2. Qarabağda Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması;
3. Qeyri-qanuni erməni silahlı birləşmələrinin tamamilə tərkisilah edilməsi və ləğv olunması;
4. Qondarma “Artsax Respublikası”nın buraxılması və hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi.
Təhlükəsizlik Şursının keçmiş katibi inteqrasiya prosesi ilə bağlı daha detallı məlumatlara malik olduğunu deyib. Ancaq o, digər detalları açıqlamaq istəməyib. Yalnız onu əlavə edib Qarabağda yaşayan erməni əsilli əhalinin Bakıya inteqrasiyasını özündə ehtiva edən “yol xəritəsi” 1 il ərzində həyata keçiriləcək. Bu müddətdə 4 mərhələli proqramın hər mərhələsi üçün 3 ay vaxt müəyyən edilib.
Şahnazaryan bildirib ki, Ermənistan hakimiyyəti Azərbaycanın hazırladığı bu proqram barədə məlumatlıdır: “Bilirəm ki, Ermənistan hakimiyyəti də bu proqramı “Artsax hakimiyyətinə” (separatçılar) verməlidir”.
Elxan SALAHOV