21.11.2024, 21:12
AZ EN
24.01.2024, 17:01 586

Qərbi Azərbaycan, Ardanış kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Ardanış kəndi Göyçə mahalının Çəmbərək rayonunda, Göyçə gölünün şimal sahilində, göldən 2 km aralıda, rayon mərkəzi olan Qırmızıkənd qəsəbəsindən 25 km şimal-şərqdə, İrəvan-Basarkeçər dəmir yolunun və Basarkeçər-Qazax avtomobil yolunun üstündə, dəniz səviyyəsindən 1954 metr yüksəklikdə, Adatəpə burnunda yerləşir.

Qərbi azərbaycanlıların 1988-ci il soyqırımına qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar.

“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) kənd Məzrə nahiyəsinin Ərdanyc kəndi kimi qeydə alınıb, dövlətin müxtəlif vergilər şəklində kənddən ildə 4399 ağça gəlir götürdüyü göstərilib.

İ.Şopendə (1831) isə İrəvan əyalətinin Göyçə mahalının Ardanic kəndi kimi qeydə alınıb, kənddə 20 təsərrüfatda 119 (67 kişi, 52 qadın) azərbaycanlının yaşadığı göstərilib.

1873-cü ilə aid statistik məlumatda İrəvan quberniyasının Yeni Bayazid qəzasının Göyçə gölü hövzəsi nahiyəsinin Ardanic (Ordaniç) kəndi kimi siyahıya alınan kənddə 48 təsərrüfatda 389 (241 kişi, 148 qadın) azərbaycanlının yaşadığı göstərilib. Kəndin Göyçə gölünün kənarında, Adatəpə burnunda yerləşdiyi də həmin mənbədə qeyd olunub.

1886-cı ildə İrəvan quberniyasının Yeni Bayazid qəzasının Məzrə nahiyəsinin Ordaniç (Ardaniç) kəndi kimi qeydə alınmış kənddə 91 təsərrüfatda 602 nəfər (329 kişi, 273 qadın) azərbaycanlı yaşayıb.

Qafqazın 5 verstlik xəritəsində kəndin adı Ardanic şəklində qeydə alınıb.

1897-ci ildə kənddə 788 nəfər, 1908-ci ildə 1000, 1914-cü ildə 1045, 1916-cı ildə 1158 azərbaycanlının yaşadığı qeydə alınıb.

1919-cu ilin aprelində erməni quldur dəstələri kəndə hücum edərək azərbaycanlı əhalini qətl və qırğınlarla doğma yurddan qovub, var-dövlətlərini talan ediblər. Sağ qalanlar Azərbaycanın yaxın rayonlarına sığınıblar. Bölgədə sovet hakimiyyəti qurulduqdan sonra onlar doğma kəndlərinə qayıdaraq dağılmış evlərini bərpa ediblər.

Həmin illərdə erməni daşnaklarına qarşı döyüşlərdə Qaraqoyunlu-Çəmbərək bölgəsinin başqa igidləri ilə çiyin-çiyinə ardanışlılar da böyük şücaət göstəriblər. Xüsusilə Məşədi Hümbət, Kalvayi Abbasəli, İsmayıl, Qəhrəman, Hacı Qulu və başqaları bu mübarizənin önündə gedənlərdən olublar.

Sovet dövründə 45,5 kvadratkilometr ümumi sahəsi оlаn Аrdanış kəndinin təsərrüfatının əsasını heyvandarlıq, taxılçılıq, tütünçülük təşkil edirdi. Kənddə оrtа məktəb, klub, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərirdi.

Кəndin qədim tarixi var. Kənddə əhalinin məskunlaşması bizim eradan əvvələ təsadüf edir. Кəndin ərazisində alban kilsəsinin, albanlara məxsus qala divarlarının qalıqları, oğuz qəbiristanlığı son dövrlərə qədər qalırdı. Göyçə mahalında yaşayan əhalinin şimala çıxışı bu kəndin içindən olub və "Topaşan" deyilən aşırımdan keçərək Gədəbəy rayonuna çıxırdı. Müxtəlif dövrlərdə sərkərdələr (Şah İsmayıl Xətai, Nadir şah və başqaları) qoşunlarını buradan keçiriblər. Bu gün də ərazidə onların bir çoxunun adı ilə toponimlər mövcuddur: Koroğlunun başı, Şah ocağı, Şahın meydanı və s.

Ardanış kəndindən yuxarıda, Şah dağının ətəyindəki kiçik qəbiristanlığı yerli əhali “Nadir şahın qoşununun qəbiristanı” adlandırırdı.

Ardanış toponiminin etimologiyası ilə bağlı yekdil rəy yoxdur, versiyalar isə istənilən qədərdir.

Kənddə 1922-ci ildə 1138, 1926-cı ildə 1235, 1931-ci ildə 1246, 1970-ci ildə 1993, 1979-cu ildə 2102, 1986-cı ildə 2500 nəfər azərbaycanlı yaşayıb.

İkinci Dünya müharibəsi illərində Ardanış kəndindən 250-dən artıq kişi müharibəyə gedib və onlardan 151 nəfəri döyüşlərdə həlak olub.

1988-ci ildə kənddə 450 təsərrüfatda 2500 nəfərə yaxın azərbaycanlı yaşayırdı. Onlar da Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı zamanı erməni millətçiləri tərəfindən sonuncu nəfərinə qədər qovulub kənddən çıxarıldılar. Belə ki, həmin il noyabrın 24-dən etibarən kəndə erməni hücumları intensiv şəkil aldı. Rayonun partiya, sovet və inzibati orqanlarının təşkilatçılığı, təhrikçiliyi və rəhbərliyi ilə həyata keçirilən bu aksiyaların qabağını almaq mümkün olmadı.

Həmin soyqırımı zamanı 5 kənd sakini həlak oldu: Ələsgərova Bahar Süleyman qızı, Həsənov Həsən Şaban oğlu, İsmayılov Səməd İsmayıl oğlu, Xəlilov Firəngiz Hüseyn qızı, İsmayılov Əli Abbasəli oğlu.

* * *

Кənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.

Кənddə 800 şagird yerlik üçmərtəbəli orta məktəb binası, 1988-ci ilə istifadəyə hazır vəziyyətdə olan 1200 şagird yerlik yeni məktəb binası, 500 yerlik mədəniyyət evi, kino qurğusu, 2 kitabxana, müasir üslubda tikilmiş inzibati idarə binası, futbol meydançası, ambulator-həkim məntəqəsi, poçt, 200 nömrə tutumlu ATS, ticarət və ictimai-iaşə müəssisələri, hamam, elektriklə işləyən dəyirman, ağac emalı qurğusu, heyvandarlıq üçün yem emalı sexi və s. var idi.

Kəndin ərazisində bir neçə alban-oğuz qəbiristanlığı, Ardanış yarımadasındakı Adatəpə ərazisində və “Ocaq” adlanan dağ zirvəsində iki alban kilsəsinin və qədim yaşayış məskəninin (tarixi mənbələrə görə Adatəpə adlı kəndin) qalıqları, hidrometeoroloji stansiya və "Dalğa" pansionatı var idi. Hazırda Adatəpə ərazisi Ermənistanın xarici turistləri cəlb etmək üçün reklam etdikləri ən məşhur istirahət mərkəzlərindən biri sayılır.

Bölgənin qədimliyini sübut edən faktlardan biri də Ardanış kəndinə gedən уоlun yaxınlığında yerləşən Əjdaha daş abidəsidir. Daşdan hazırlanmış 5 metr uzunluğunda оlan bu Əjdaha balıq şəklindədir. Belə abidələrin qəbilə quruluşu dövründə suya sitayişlə əlaqədar yaradıldığı ehtimal edilir.

Ardanış kəndinin içi ilə “Gülabçay” adlı çay axırdı. Bundan başqa, kəndin ərazisində çoxlu bulaqlar da var idi: Şirin bulaq, Dərin bulaq, Məxmər bulaq və s.

Ardanış ərazisi su mənbələri ilə zəngindir. Yaşlı insanların verdiyi məlumata əsasən, kəndin ərazisində 98 bulaq olub. Bulaqların suyuna da iki cür ad vermişdilər: ağ su və qara su. Ağ su güneydə yerləşən bulaqların, qara su isə quzey ərazilərdə yerləşən bulaqların suyudur.

Ardanış kəndinin üstündə, Şahdağ silsiləsindəki müqəddəs ziyarətgah “Şah ocağı” adlanırdı.

Ardanışda dünyəvi təhsilin təməli 1921-ci ildən qoyulsa da, dini təhsil çox-çox əvvəllərdən mövcud idi və Ardanış kəndindən də mollaxanada təhsil alanlar var idi. Ardanışdan Xaliq Verdiyev və Ələkbər Həsənli sovet dövrünün ilk illərində (1927-1928-ci illərdə) Qazax Müəllimlər Seminariyasını bitiriblər. Ardanışda ilk məktəb dördillik olub, sonrа yeddiillik məktəbə, 1938-ci ildə səkkizillik məktəbə, müharibə dövründə isə yenidən yeddiillik məktəbə çevrilib. Kənddə ауrıcа məktəb binası olmadığındаn məktəb kəndin müxtəlif evlərində yerləşirdi.

1938-ci ildə Ardanışda kənd əməkçilərinin gücü ilə ayrıca məktəb binası tikilib. Yeddi sinif otağından ibarət olаn bu bina Ardanışda ilk məktəb binası olub və 1958-ci ilə qədər fəаliyyət göstərib. 1958-ci ildə Ardanışdakı səkkizillik məktəb orta məktəbə çevrildi. (AZƏRTAC)

Oxşar xəbərlər