XX əsrin ortalarına kimi əhalisi əsasən azərbaycanlılardan ibarət olub. 1988-ci ildə beş minə yaxın azərbaycanlının yaşadığı kənddə bir ümumtəhsil, iki ibtidai məktəb, texniki peşə məktəbi, metallurgiya müəssisəsi, xəstəxana və digər sosial-iqtisadi obyektlər fəaliyyət göstərirdi.
Kənd 1921-cü ildə sovet rəhbərliyi tərəfindən tarixən ancaq azərbaycanlıların məskunlaşdığı Qaraqoyunlu dərəsi və Göyçə mahalı ilə birlikdə Ermənistana verilib.
Kəndin adı 1988-ci ilə qədər 3 dəfə dəyişdirilib. İlk adı III-V əsrlərdən - XIV əsrin sonları (1387-1388), XV əsrin əvvəlinə (1400) qədər Başkalafa olub. Həmin yerlərdə III-V əsrlərdə albanların yaşamasını təsdiq edən böyük kalafalar olduğuna görə kəndin adı həm də Başkalafa adlandırılıb. Kəndin ikinci adı 1813-1814-cü illərə qədər Vəliağa, üçüncü adı isə 1813-1814-cü illərdən 1995-ci ilə qədər Zod olub. Bu ad “söd” sözündən götürülüb. Kənd əvvəllər yaxınlıqdakı kiçik dağların ətəyində yerləşdiyinə görə Söt (Göyçə şivəsində söt həm də maili yer deməkdir – S.) adlandırılıb.
Mübariz təbiətli kənd əhalisinin 1988-ci ildə tam deportasiyasında Ermənistan SSR rəhbərliyi və Sovet ordusunun birləşmələri yaxından iştirak ediblər. Azərbaycan SSR-inin o vaxtkı rəhbərliyinin qətiyyətsizliyi də kənd əhalisinin kütləvi köçürülməsinə şərait yaradılıb.
Ermənistanı tərk edərək Göygöl rayonuna pənah gətirən milliyyətcə rus L.V.Tolstyak Azərbaycan Qaçqınlar Cəmiyyətinə izahatında yazırdı: "1988-ci il noyabrın 27-də Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini (daha sonralar Ermənistan KP MK-nın birinci katibi) V.Movsesyan Vardenis rayonunun Zod kəndinə gəlib əhalinin kəndi tərk etməsi üçün üç gün vaxt veridiyini bəyan etdi və əlavə etdi ki, bu müddətdə kəndi tərk etməsələr, onların təhlükəsizliyinə təminat verilməyəcək".
Zodlular hazırda, əsasən, Göygöl rayonunda, xüsusən, həmin rayonun Yeni Zod kəndində və respublikanın müxtəlif bölgələrində məskunlaşıblar.
1960-1970-ci illərdə əsası qoyulmuş Zod qızıl mədəni Sovet İttifaqının dağılmasından sonra tam gücü ilə istifadə edilmir. Azərbaycanla cəmi 5 km sərhəddə yerləşən Zod qızıl mədəni əksər hissəsi Kəlbəcər rayonunun Söyüdlü zonasında yerləşən qızıl yataqlarının işlənməsi ilə məşğuldur.
Qızıl mədəninə xidmət məqsədi ilə 1960-1970-ci illərdə çəkilmiş Ağstafa-İcevan, İcevan-Razdan, Sevan-Şorca, Şorca-Zod elektrikləşdirilimiş dəmiryol xətti ümumilikdə Ermənistanın iqtisadiyyatının dirçəlməsinə xeyli təkan vermişdi.
Kənd rayon mərkəzindən 9 km şərq tərəfdə yerləşmişdi. Şimal tərəfdən 3 km Zərzibil və 2 km Ağkilsə kəndləri ilə, Basarkeçər yolunun şimal tərəfindən 3 km İnəkdağı kəndi ilə, eləcə də Kəlbəcər rayonu ilə şərq tərəfdən 25–30 km həmsərhəddir. Kəndin eni 2 km, uzunluğu isə 5 km-dir. Kəndin 6000 hektar torpağı olmuşdur. Ondan 3000 hektarı otlaq və biçənək, 3000 hektarı isə əkinə yararlı torpaq sahələridir. Kəndin mərkəzində III-V əsrlərə aid olan, üzərində "Qrabar" əlifbası ilə yazılan albanların tarixindən bəhs edən xaç daşları vardı. Kəndin və eləcə də mahalın tanınmış ziyarətgah yeri olan, Seyidlər tayfasının banisi Qara seyidin ocağı da burada idi.
1905-1907-ci illərdə kənd əhalisi erməni daşnaqları tərəfindən çıxarılaraq doğma yurdlarından qaçqın düşərək Kəlbəcər, Goranboy, Tərtər, Qazax və başqa yerlərdə məskunlaşmışdı. Kənd əhalisi 1907-ci ilin yazında yenidən doğma yurdlarına qayıdıb, az bir hissəsi isə məskunlaşdıqları yerdə qalmışdı. Həmin vaxt kəndin təxminən 100 evi, 300-350-ə yaxın əhalisi olmuşdur. 1918-1920-ci illərdəki II qaçqınlıq zamanı kənd əhalisi Goranboy, Qazax, Tovuz və başqa yerlərdə məskunlaşmışdı. 1921-ci ilin yazında onlar yenidən doğma yurdlarına qayıdıb, az bir hissəsi məskunlaşdıqları yerlərdə qalıb. Kəndin təxminən 200-230 evi, 800-1000 nəfərə yaxın əhalisi olmuşdu. 1948-1953-cü illərdəki deportasiya, III qaçqınlıq zamanı kəndin 125 evi, 500 nəfərə yaxın əhalisi Azərbaycanın Xanlar rayonunda məskunlaşmışdı. Onlar indi də həmin yerdə yaşayırlar. Kəndin 400-450 evi, 1600-2000 nəfərə yaxın əhalisi olmuşdur. 1988-1991-ci illərdəki IV qaçqınlıq zamanı kənd əhalisi tamamilə doğma yurdlarından çıxarılaraq Bakı, Gəncə, Xanlar, Samux və başqa yerlərdə məskunlaşmışdır. Onda kənddə 650-700 ev, 4700 nəfərə yaxın sakin vardı.
1995-ci ildə Zod kəndinin adı dəyişdirilərək Sotk adlandırılıb. Erməni mətbuatının yazdığına görə, hazırda həmin kənddə 820 nəfər yaşayır. Onların çoxu Zod qızıl mədənində işləyir.
Zod kəndinin sənət adamlarının qoyub getdikləri kitabələr, oymalar və sair memarlıq nümunələri dövrümüzə qədər gəlib çatmışdı. Belə sənət əsərlərindən Vəliağanın və Məşədi Ağakişinin qranitdən işlənmiş iki metr hündürlüyündə olan baş daşındakı oymalar, yazılar və naxışlar dəyərli incəsənət nümunələri idi.
Zod həm də ustad şairlərin, sözü keçən ağır ləngərli adlı-sanlı kişilərin doğulub boya-başa çatdığı bir kənddir. XIX əsrin sonu XX əsrin əvvəllərində el şairlərindən Molla Tağı oğlu Məhəmməd (1830-1910), Qasım, Ağayar, Hacı Əliş ağa (1872-1922), nəhayət, Usta Abdulla kimi söz sərraflarının göz açdığı bu kənddə lirik şeirləri elin dillər əzbəri olan XX əsr aşıq poeziyasının ecazkar nümunələrini yaradan şair Əbülfət də yazıb-yaradıbdır.
Göyçə mahalında ozan-aşıqlarımızın və ümumiyyətlə, şifahi xalq ədəbiyyatı qaynaqlarımızın keçdiyi tarixi zəngin zirvənin başında duran Dədə Ələsgər məktəbinin ən parlaq səhifələri Ağkilsə, Daşkənd və Zod kəndləri ilə bağlıdır.
1884-cü ildə Zod kəndində birinci olaraq real məktəb açılmışdı.
Kənddə 1912-1913-cü illərdən 1917-ci ilə qədər dövlət tərəfindən açılmış dini məktəb 3 il fəaliyyət göstərmişdir. Məktəbin təxminən 2 buraxılışı olmuşdur.
İctimaiyyətin yaxşı tanıdığı millət vəkili, Azərbaycan Tibb Universitetinin sabiq rektoru, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın biologiya elmləri bölməsinin akademik-katibi, cərrah-onkoloq, Əməkdar elm xadimi Əhliman Əmiraslanov, millət vəkilləri Nağı Əbdüləzimov və Aydın Mirzəzadə, Milli Qəhrəman şəhid Etibar Hacıyev, "Azərbaycan bayrağı" ordenli şəhid Azay Kazımov, ustad el şairi Abdulla, şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, komik aktyor Elməddin Cəfərov da əslən zodludurlar.
Hazırladı: Sevda Süleymanova