21.05.2024, 04:20
AZ EN
02.08.2023, 12:23 368

“Qərbi Azərbaycan Xronikası”: 35 il əvvəl törədilən Xalisa faciəsinin əsas təşkilatçısı kim idi?

QƏRBİ AZƏRBAYCAN
  • “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində  sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında  “Baku”TV-də növbəti verilişi efirə gedib. Bu dəfəki veriliş Vedibasar rayonunun Xalisa kəndində erməni vəhşiliyinin, qəddarlığının canlı şahidi erməni millətçisi Svetlana Markaryanın özünün qələmə aldığı materiallar əsasında hazırlanıb.

Verilişdə bildirilir ki, Ermənistanda tanınmış blokçu Svetlana Markaryan özünün kəskin millətçiliyi, daşnak baxışları ilə seçilir. Təpədən dırnağa kimi erməni şovinizmi ilə yoğrulmuş Markaryan  belə erməni vəhşiliyinə tab gətirməyib və Azərbaycanlılara qarşı törədilən erməni amansızlıqlarını, vəhşiliklərini yazıya köçürüb.

1988-ci il Vedibasarın Xalisa kəndində ermənilərin ağlasığmaz qeyri-insani davranışları, dinc azərbaycanlılara qarşı xüsusi qəddarlıqları Svetlana Markaryanın gözü önündə baş verib və o bunları “Arxadan zərbə” yazılar silsiləsində detallarıyla təqdim edir. 30 noyabr 1988-ci ildə Vedi rayonunun Xalisa kəndində ermənilərin vəhşicəsinə etdikləri zorakılıq və talanları olduğu kimi qələmə alıb. Keçmiş baş nazir və yazıçı Vazgen  Sarkisyanın cinayətləri bu hadisələrdə tam aydın görünür.  Erməni yazıçılarında amansızlıq, uşaq, qadın qətli törətmək, görünür, qanlarına qanına işləmiş bir vərdişdir. Ermənistanın və qondarma  “arsax”ın milli qəhrəmanlıq adına yüksəlmiş 1999-cu ildə parlamentdə güllənən Vazgen  Sarkisyanın ən  böyük “qəhrəmanlığı” günahsız, silahsız qandınları, uşaqları yalnız azərbaycanlı olduğu üçün  öldürməsindən ibarətdir. Markaryan öz yazısında silahlı Vazgen və onun dəstəsinin etdikləri amansızlıqları dəqiqliklə çatdırır. Vedinin Xalisa kəndində dinc əhaliyə tutulan divanın dəhşətini elə müəllfin öz yazısıyla  təqdim edirik:

“Hər tərəfdən zorakılıq fəryadları, ağlaşma,  köməyə çağırış səsləri gəlirdi. Ararat rayonundakı Qarabağ komitəsinin üzvləri azərbaycanlıların hamısının  qızıl və pullarını alır,  ciblərini yoxlayır, sonra isə yük maşınlarına minməyə məcbur edirdilər. Verməyəni vurur, ayaq altına salıb təpikləyirdilər”.

Müəllif Qarabağ adlı komitə, onun Qərbi Azərbaycanda dinc əhaliyə qarşı xüsusi amansızlıqla talan etməsini vurğulayır: “Ararat rayonunun Qarabağ komitəsində olanları, burda azərbaycanlıları talan eləyir öz evlərindən zorakılıqla çıxarırdılar. Onların arasında mən Vazgen Sarkisyanı, Kamu adında birini tanıdım.  Ermənistanın və qonradma Qarabağın “qəhrəmanı” olan Köçəryan Sarkisyanla birlikdə hərbi cinayətlər törətmiş Vazgen Sarkisyanın  əsl “qəhrəman”lığı elə bu xatirələrdən bilinir: “Vazgen azərbaycanlıların evlərinə soxulub axtarış aparan erməni oğlanlara təlimat verərək tez-tez evlərə girib çıxırdı. Onun əlində böyük bir torpa vardı və qışqıraraq deyirdi ki, talan etdikləri qızıl və pulları ona təhvil versinlər”.

Qadın yazar erməni quldur dəstəsinin qadınlara qarşı etdikləri zorakılıdan dəhşətə gələrək yazır: “Artaşad komitəsinin qadın üzvləri azərbaycan qadınlarının qulaqlarındakı sırğaları dartaraq qoparır, barmaqlarını pıçaqla kəsməklə hədələyərək üzüklərini alırdılar. Erməni oğlanlarımız isə azərbaycanlıları evlərindən çıxarır, ciblərini boşaldıb yük maşının yanına gətirir və  minməyə məcbur edirdilər. Mən  və bir neçə erməni qadın maşının yanındakı evin qarşısında dayanıb bu dəhşətli mənzərəni izləyirdik”.

Başdan ayağa erməni millətçisi olan bloqçu Svetlana Markaryan  öz soydaşlarının etdikləri amansızlıqları acıyla təqdim edir: “Birdən ağlaşmanın, səs-küyün, fəryadın içərisində dəhşət dolu çığırtı, haray səsi eşidildi.  Erməni oğlanları 70-75 yaşlı bir qadının qollarından tutub sürüyərək maşına tərəf gətirdilər. O isə var gücü ilə ağlayır,  sanki göylərdən imdad diləyir. Ucadan qışqırarq ermənicə deyirdi ki, getməyəcəm, öz ata-baba ocağımdan getmiyəcəm, məni burda öldürün, getmirəm. Bu yaşlı qadın maşına minməmək üçün güc göstərəndə Kamo ona yaxınlaşdı və əl ağacı ilə qarının başından  vurub ayaqları altına saldı. Var gücü ilə onun qarnına, sinəsinə təpiklə vurmağa başladı. Biz donub qalmışdıq. Yanımda dayanan xalam oğlunun, “Allah bunlar neynirlər?”,- dediyini eşitdim. Kamo isə zərbələr endirməkdə davam edirdi. Qarının başından axan qan üzünə yayılmışdı və ağır nəfəs alırdı. Sonra haldan düşənə qədər döyülmüş azərbaycanlı kişilər onu ehtiyatla maşının yük yerinə qaldırdılar”.

Müəllif bu yerdə erməni dəstələrinin 1988-ci ildə Qərbi Azərbaycanın bütün rayon və kəndlərində dinc azərbaycanlılara qarşı  törədilən və  ustalıqla gizlədən o vaxtkı mərkəz Moskovanın da göz yumduğu cinayətlərdən birinin dedallarını ürək ağrısıyla çatdırır: “Bu dəhşətdən ayılmamışdım ki, biri 8-9 aylıq hamilə olan 3 azərbaycanlı qadın mənə yaxınlaşıb ağlaya-ağlaya yalvararaq dedilər ki, bacı, bu hamilədi,  kömək elə döyməsinlər, maşına mindirək. Mən  onlarla birlikdə maşına yaxınlaşdım. Onu yuxarı qaldırırdılar ki, iki erməni oğlan geriyə dartıb yerə saldılar. Mən hamiləyə kömək üçün bircə addım atan kimi  Ararat rayon komitə üzvlərindən biri məni geri itələyib əlimdən vurdu. Bir saniyənin içində o gənc hamilə qadın gözləri qızmış erməni oğlanlarının ayağı altındaydı. Buna dözməyib o iki erməniyə qarşı çıxan üç azərbaycanlı gənci də 7-8 nəfər erməni oğlanları hərəkətsiz qalana qaədər döydülər. Mən üzümü çevirirdim ki, bütün bunları görməyim. Amma azərbaycanlı qadınların daha da ucadan ağlaşaraq dedikləri bu sözləri eşidirdim: “ay vəhşilər,  bəsdi döydünüz, öldü”. Mən üzümü yenidən geri çevirəndə artıq hamilə azərbaycanlının yük maşınına mindirib başının altına paltar qoymuşdular. Bilmədim sağ qalıb, ya yox. Yanımda dayanıb bu səhnəni izləyən qaçqın erməni qadınlarından biri dedi ki,  əgər hələ ölməyibsə, yolda öləcək”.

Özü də erməni qəsbkarlığının fəalı olan müəllif məsləkdaşlarının ona hamilə qadına kömək etdiyinə görə aqressiv münasibətini qeyd edir: “Hadisənin ertəsi gün Artaşatın teatr meydanında Qarabağ komitəsinni üzvü Setraqkla onunla birlikdə Xalisaya talana gəlmiş  bir neçə aqressiv qadın məni mühasirəyə aldılar. Onlar məndən dünən hamilə azərbaycanlıya kömək etməyimin səbəbini soruşaraq cavab tələb elədilər ki, niyə ona kömək  edirdin, cavab ver”.

Şovinizm, milli ayrı-seçkilik xəstəliyinə düçar olan Svetlana Markaryan  belə erməni dəhşətlərini amansız münasibəti qınayır və acı xatirə kimi etiraf edir: “O gündən mən komitəçilərin arasında xoşagəlməz adama çevrildim.

Xalisa azərbaycanlılarının işgəncə və talanından uzun illər keçməsinə baxmayaraq,  orda baş verən vəhşiliklər gözlərimin önünə gəlir və uzaqlaşır. Xalisa “qəhrəmanı” Setrak isə bu gün Artaşatda yüksək vəzifədə çalışır. Bəs o necə, görəsən, Xalisada törətdikləri onun da gözləri önünə gəlirmi? Gəlirsə, hansı hisləri yaşayır? Axı, o. Artaşat rayonunun sosial təminat idarəsinin rəisidir və hər gün yaşlı insanlar və hamilə qadınlarla rastlaşır”.

1988-ci ildə Vedibasar rayonunun Xalisa kəndində baş verən dəhşətli hadisələr azərbaycanlıların yaşadıqları bütün mahallarda müxtəlif formada təkrarlanlanmışdı. Ermənilər cəmi bir neçə ay ərzində 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan kifayətlənməyib onlara qarşı qəddarlıq, nifrət, talan və qəsd edirdilər. Hadisəni öz gözləri ilə görən erməni yazarların qələmə aldıqları olmasaydı, Xalisada baş verənlər də gizli qalardı. Bu etiraf yazısı soydaşlarımıza edilən cinayətlərin ifşası üçün önəmli vəsaitdir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər