21.11.2024, 10:36
AZ EN
20.11.2024, 17:34 128

Qərbi azərbaycanlı: Yurd nisgilinə məruz qalanların təsəllisi qayıdışa inamdır

QƏRBİ AZƏRBAYCAN
  • Doğmalıq təkcə insanlar arasında olmur, bu bağ torpaqla insanı da bir-birinə bir ömür bağlaya bilir. İlk kövrək addımların atıldığı, ömrün ən qiymətli anlarının, atalı-analı günlərin keçdiyi yurda, məskənə sevgi ürəklərə yazıldığı kimi, yaddaşlara da ömürlük həkk olunur. Hələ o yerlər dədə-babadan, neçə-neçə nəsillərdən mirasdırsa, onda bağlılıq daha möhkəm və sarsılmaz olur. Ötən əsrdə doğma torpaqlarından zorla didərgin salınan Qərbi azərbaycanlılar da illərdir ki, el-obalarına məhəbbəti, yurdlarına yenidən qovuşmaq ümidini qəlblərində yaşadırlar. Torpaq nisgili ilə üşüyən ruhunu ona qayıdışa inamla isidənlərdən biri də Göyçə mahalının Basarkeçər rayonunun qədim Sarıyaqub kəndində doğulub boya-başa çatmış Arifə Əhmədlidir.

Uşaqlıq və ilk gənclik illərindən danışan Gəncə Dövlət Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədli Sarıyaqublu günlərinin ömür kitabına ən gözəl, dərin izlərlə yazıldığını deyir. Oraya aid hər bir hadisə Qərbi azərbaycanlının yaddaşına ən incə naxışlarla işlənib.

“Kəndimiz qədim oğuz elidir, bunu yaşayış məskənində “Oğuz” qəbiristanlığının olması da sübut edib. Sarıyaqub kəndini Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətai 1515-ci il tarixli fərmanı ilə dövlət xadimi, qopuzdan saza keçidin banisi Miskin Abdala pay olaraq verib. Mən belə bir yurdda, öz dədə-babamın ocağında, 9 uşaqlı ailədə dünyaya göz açmışam, orada həddi-büluğa çatmışam”, - deyə həmsöhbətimiz sözünə başlayır.

Arifə xanım uşaqlıq xatirələrinə geri dönərək o günlərin acılı-şirinli anlarını vərəqləyir. “Atam hesabdar idi, onu uşaq yaşlarımda itirsəm də, atın belində şəstlə oturuşu, bizə göstərdiyi nəvaziş və qayğısı yadımda qalıb. Anam övladlarını xalça toxuyaraq, təsərrüfatla məşğul olaraq, kolxozda, məktəbdə çalışaraq böyüdüb. Təhsil almağımız üçün əlindən gələni edib”, - deyən müsahibimiz 1500-dən çox azərbaycanlının yaşadığı kənddə insanların əsasən əkin-biçin, heyvandarlıqla dolanıb, adət-ənənələrə çox bağlı olduqlarını da bildirir. “Novruz bayramını böyük tonqal, bol nemətli süfrələr, şənliklərlə qeyd edərdik. Bütün türk xalqlarının keçirdiyi Xıdırəlləz bayramında anam buğda qovurub, qovut hazırlayar, 7 qapıya paylayardı. Hər kəs bir-birinin şad və kədərli günlərinə şərik çıxardı. Böyüyə-kiçiyə hörməti, yurda-torpağa sevgini, ədəbiyyata, öyrənməyə marağı, insanlığı da böyüklərimizdən öyrəndik”,- deyən Arifə Əhmədli Sarıyaqub kəndinin ərazisində Şadman bulağı, Buğabölünən, “Ağ daşlar”, Qaşın dalı, Sarıtəpə, Quzey yamacı, Güney dərəsi, Qızıl qaya, İlan qayası, “Daraman” yoxuşu, Şivri, Xəlvir təpəsi kimi adları türk toponimlərindən ibarət bir çox qədim, mənzərəli yerlərdən də böyük həvəslə bəhs edir. “Məktəbimizdə 24 uşaq idik. Dərslərimizi yaxşı oxumağımızdan ürəklənərək Talıb müəllimdən xahiş edərdik ki, bizi həmin məkanlara aparsın. Sarıyaqubdan keçən, mənbəyi Yelli dərə, Keyti dağı, Əyriqar, Sarıyer yaylaqlarından başlayan və Göyçə gölünə tökülən Məzrə çayının kənarı ilə gəzməyi çox sevərdik. Futbol, voleybol oynayar, qışda usta Məhəmmədin düzəltdiyi xizəklərlə təpədən sürüşüb doyunca əylənərdik”, - deyib keçmişinə dönən həmsöhbətimiz həmin yerlərin, ötən günlərin onun üçün çox dəyərli olduğunu dilə gətirir.

Müsahibimizin uşaqlıq illərinə dair xatirələrində xoş hadisələrlə yanaşı, erməni vəhşiliyinin, məkrinin izləri də var: “Göyçənin dağ kəndlərində dəfələrlə kütləvi insan sümüklərinə rast gəlmişdik. Sonradan ermənilər bizi də öz yurdumuzdan qarlı-boranlı noyabrda didərgin saldılar. Daha öncəki deportasiyalar zamanı sərt qışda torpaqlarından qovulan azərbaycanlılar soyuğa tab gətirməyərək həyatlarını itirmişdilər. Ermənilər bilərəkdən məktəbimizə rus və ingilis dili müəllimi göndərmirdilər, bir il erməni dili fənni tədris edildi, onda da dərsdən qaçırdıq”.

Arifə Əhmədli onu da xatırlayır ki, bilik yarışlarında, olimpiadalarda özü kimi neçə-neçə azərbaycanlı şagirdin qalib gəlməsinə baxmayaraq, müxtəlif bəhanələrlə erməni şagirdləri önə çəkilib. Sarıyaqub kəndində ermənilər yaşamasa da, onlarla əsasən Basarkeçər rayonuna gedəndə qarşılaşmalı olub. Burada da ermənilərin azərbaycanlılara nifrətini sezmək elə də çətin deyilmiş. “Rayona ehtiyac duyduğumuz malları almağa gedəndə türk olduğumuzu soruşub öyrənəndə kinli baxışları ilə rastlaşardıq, hətta mal satmaq istəmirdilər. Təhsilli gənclərimizi təyinatı üzrə deyil, ağır işlərə təyin edib, vəzifədəki azərbaycanlıları işdən çıxarırdılar. Bizim oğlanları dava-dalaşa cəlb etməyə çalışırdılar. Özlərinə lazım gələndə mehribanlıq göstərir, qalan hallarda hər vəchlə bizə qarşı düşmənçilik edirdilər”, - deyən müsahibimiz ermənilərin azərbaycanlılara münasibətinin 1987-ci ilin noyabr ayında Qafandan qərbi azərbaycanlıların çıxarılması ilə daha da pisləşdiyini bildirir. Ermənilər dinc insanları açıq-aydın hədələməkdən, öz torpaqlarını tərk etməyə məcbur buraxmaqdan heç də çəkinmirdilər.

“Kənddən rayon mərkəzinə avtobuslarla gedib-gələrdik. 1988-ci ildə bu, artıq mümkünsüz olmuşdu. Ermənilər avtobusları daşa basırdılar, bizə öz yurdumuzu tərk etməli olduğumuzu deyirdilər. Neçə nəfərə xəsarət yetirilmişdi. Rus komandir var idi, gəlib bizi artıq qoruya bilməyəcəklərini, 3 gün ərzində kənddən çıxmağımızın gərək olduğunu demişdi”, – deyə müsahibimiz xatırladır. Onun sözlərinə görə, kəndin kişiləri səngər qazıb, gecə-gündüz evlərə keşik çəkməyə məcbur olublar. Digər kəndlərdə azərbaycanlılara divan tutulması, insanların deportasiya edilməsi xəbəri belə sarıyaqubluların gözünü qorxutmayıb, heç kəs doğma yurdu tərk etmək fikrində olmayıb. “Nə qədər müqavimət göstərsək də, sonda elliklə deportasiyaya məruz qaldıq. Əhalinin və kolxozun bütün varidatı ermənilər tərəfindən talandı. Qarlı havada min bir zülmlə Kəlbəcərə, oradan Şəmkirə, Gəncəyə sığınmalı olduq. Bir sözlə, babamın, atamın qəbirləri, uşaqlığımın keçdiyi məhəlləmiz, ocağına isindiyim evimiz, doğma məktəbim orada bizsiz qaldı”, - deyən həmsöhbətimizin yaşla dolan gözləri yol çəkir...

Arifə Əhmədli qaçqın həyatının çox çətin keçdiyini, yaşanan müsibətlər ucbatından yaranan travmadan hələ də qurtula bilmədiklərini deyir. İllərdir ki, erməni zülmü ilə yurd nisgilinə məruz qalan hər bir Qərbi azərbaycanlının təsəllisi ancaq və ancaq qayıdışa inamdır. “Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə Goranboyun Aşağı Ağcakənd qəsəbəsində qaçqınlar və məcburi köçkünlərlə görüşündə bizə səslənib, “Siz mütləq gedib öz gözəl Göyçə torpağınızı, ata-babalarınızın qəbirlərini görəcəksiniz. Mən buna heç şübhə etmirəm” deməsi qəlbimizdə ilk ümid işığını yandırdı. Bu gün bu fikri Müzəffər Ali Baş Komandan İlham Əliyevdən də eşitməyimiz qayıdışa ümidimizi əminliyə çevirib”, - deyən Arifə Əhmədli Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən, tarixi faktlara əsaslanan “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın böyük əhəmiyyətə malik olduğunu dilə gətirir: “Qərbi Azərbaycan İcmasının Gəncə bölməsi də fəaliyyət göstərir. Deportasiyaya məruz qalan, erməni haqsızlığı ilə üzləşən, yurd nisgili çəkən bir Qərbi azərbaycanlı kimi bu bölmənin fəaliyyətinin uğuru üçün mən də əlimdən gələni əsirgəmirəm. Öz yurdumuza sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağımızı hədəfləyən dövlətimizə dəstək olmaq hər birimizin borcudur”. (AZƏRTAC)

Oxşar xəbərlər