"Vətən səsi"nin məlumatına görə, politoloq Elxan Şahinoğlu Bakı və İrəvan arasında sülh razılaşmaları ilə bağlı Moskavadan gələn xəbərləri şərh edərkən belə deyib. onun fikrincə, rusiyalı diplomatın həmin bəyanatı Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda səsləndirməsi təsadüfi deyil: "Qaluzin iddia edib ki, Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir. O, “Rusiya İrəvan və Bakı arasında nizamlanma prosesində böyük və təsirli rol oynayıb” deməklə tərəflərə qalan fikir ayrılıqlarının aradan qaldırılmasında bütün zəruri dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb".
Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişini harada imzalanması Rusiyanın da marağındadır. Onun fikrincə, ABŞ prezidentinin Əliyev və Paşinyanla dil tapmasından sonra rəsmi Moskva iki qonşu ölkə arasında münasibətlərin normallaşmasında yenidən rol almağa çalışır. Qaluzinin “Aydındır ki, planlarımızı praktiki olaraq həyata keçirmək üçün hələ mühüm işlər görülməlidir” cümləsi də buna hesablanıb: "Onun bu fikri xüsusilə maraq doğurur. Birincisi, Qaluzinin iddia etdiyi kimi İrəvanla Bakı arasında xüsusi fikir ayrılığı qalmayıb və buna görə tərəflərin Moskvanın vasitəçiliyinə ehtiyacı yoxdur. Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Ermənistan Baş naziri Nikol Paşinyan gələn ilin iyun ayında parlament seçkilərindən sonra yeni Konstitusiya qəbul edəcəklərinin anonsunu verib. Ermənistan yeni Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi çıxardıqdan sonra iki ölkə arasında sülh sazişinin imzalanması üçün maneə qalmayacaq. Bu səbəbdən Qaluzinin açıqlamasından fərqli olaraq, “mühüm işlər”ə ehtiyac yoxdur. Mühüm işlər buna qədər görülüb”.
Xatırladaq ki, Azərbaycan və Ermənistan sülh sazişinin mətni avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə paraflayıb. Buna baxmayaraq, Moskva tərəflər arasında vasitəcilik marağından əl çəkməyib. Elxan Şahinoğlu bildirib ki, Kreml Cənubi Qafqaz regionunu rahatlıqla əldən buraxmaq istəmir: "Ukrayna müharibəsinə görə, ABŞ ilə Rusiya arasında dərin fikir ayrılığı var. Azərbaycan hakimiyyəti və cəmiyyəti də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini qəbul etmir. Bundan başqa, Azərbaycan və Ermənistan Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldılmasında maraqlıdır. Təkcə bu iki amili nəzərə alaraq Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün Rusiya paytaxtının seçilməsi ehtimalı azdır. Sülh sazişinin imzalanması üçün yenidən okeanın o tayına səfərə ehtiyac olmasa da, sənəd müxtəlif məkanlarda, iki ölkənin sərhədində, Tbilisi, Ankara və ya Astanada imzalana bilər”.
Elxan SALAHOV