26.02.2024, 12:14
AZ EN
12.02.2024, 14:30 193

Rusiyanın səfiri: Azərbaycan Prezidenti İlham Əliyev ölkə əhalisinin qeyd-şərtsiz dəstəyinə malikdir

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyev ölkə əhalisinin qeyd-şərtsiz dəstəyinə malikdir.

Bu barədə “İzvestiya” nəşrinə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.

Səfirin sözlərinə görə, o, ölkənin ərazi bütövlüyünün bərpasından sonra İlham Əliyevin prezident seçkilərində səslərin 90 faizindən çoxunu toplayacağına əmin idi. Diplomat əlavə edib: “Hər kəs aydın şəkildə başa düşürdü ki, nəticələr çox yaxşı olacaq. Bu səbəbdən də 92 faizlik nəticə əvvəlcədən gözlənilən idi. Bu, həmçinin Azərbaycan Prezidentinin ölkə əhalisinin qeyd-şərtsiz dəstəyinə malik olmasını təsdiq etdi. Azərbaycanda istənilən adamla – rəsmi şəxslərlə, sadə vətəndaşlarla söhbət əsnasında da buna əmin ola bilərsiniz”.

M.Yevdokimov vurğulayıb ki, Rusiya-Azərbaycan ikitərəfli əlaqələri prezidentlər Vladimir Putin və İlham Əliyevin çoxillik və qarşılıqlı hörmətə əsaslanan münasibətləri üzərində qurulur. O qeyd edib: “Biz Azərbaycanda prezident seçkilərinin hansısa dəyişikliklərə səbəb olacağını gözləmirdik və gözləmirik. Sadəcə, hazırda olduğu kimi, gələcəkdə də səmərəli və intensiv fəaliyyəti davam etdirəcəyik”.

Bu il Rusiya, Azərbaycan, İran və Türkiyə arasında yüklərin daşınması üçün dəmir yolunun istifadəsi imkanlarının genişləndirilməsi üzrə layihələrə dair razılıq əldə olunmasının nəzərdə tutulduğunu qeyd edən səfir əlavə edib ki, bundan başqa, Şimal-Cənub, Rusiya-Azərbaycan-İran və Azərbaycan, İran, Naxçıvandan keçməklə Türkiyəyə uzanan Şimal-Qərb nəqliyyat dəhlizlərinin buraxılış qabiliyyətinin ildə 30 milyon tona qədər artırılacağı gözlənilir.

Diplomat qeyd edib ki, Rusiya şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirir və Qarabağda ərazilərin bərpası proqramlarında iştirak etməkdə maraqlıdır.

M.Yevdokimov vurğulayıb ki, Azərbaycan müstəqillik illərində iqtisadi cəhətdən inkişaf etmiş, çox güclü, sabit dövlətə çevrilib və ölkə biznesi Rusiya ilə iqtisadi əlaqələrdə yeni imkanlara çox səmərəli və çevik şəkildə cavab verir.

Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesi ilə bağlı sualı cavablandıran səfir bildirib ki, Qarabağ məsələsi artıq bağlanıb. O əlavə edib: “Hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişi layihələrinin bilavasitə mübadiləsi aparılır. Zənnimcə, Azərbaycan tərəfinin təklifləri tamamilə məntiqlidir, həmçinin tərəflər arasında mövcud olan sülh sazişlərində qəbul olunmuş standart ifadələrə və maddələrə uyğundur. Prinsip etibarilə, mənə elə gəlir ki, Bakının təklifləri əsasında bu danışıqları kifayət qədər tez başa çatdırmaq mümkündür”. Səfir onu da qeyd edib ki, Azərbaycan sülh sazişinin imzalanmasına dair danışıqları çox tez bir zamanda başa çatdırmaq istəyir, amma məlum olduğu kimi, sülh prosesinə yekun vurmaq üçün hər iki tərəfin istəyi olmalıdır.

Rusiyanın Qarabağda sülhməramlı kontingentinin taleyindən bəhs edən diplomat bildirib ki, hazırda Azərbaycan XİN-lə 2025-ci ildə yerləşmə müddəti başa çatan sülhməramlı kontingent üzrə Moskva ilə Bakı arasında danışıqların növbəti raundunun vaxtı razılaşdırılır.

M.Yevdokimov sonda deyib: “Rusiyalıları Azərbaycana - əhalinin rusiyalılara çox yaxşı münasibətinin olduğu müasir dünyəvi ölkəyə səfər etməyə çağırıram. Demək olar ki, hər yerdə rus dilində danışan insanlara rast gələcəksiniz, ona görə də təhlükəsizlik baxımından hər hansı problem və ya məhdudiyyətlər görmürük”. (AZƏRTAC)

Oxşar xəbərlər