"Vətən səsi"nin məlumatına görə, “Az Thermo King” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. Bununla da həmin Sənaye Parkının rezidentlərinin sayı 19-a çatıb.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, “Az Thermo King” MMC tərəfindən Sənaye Parkının ərazisində il ərzində 5 növdə olmaqla 3700-dək soyutma avadanlıqları istehsal etmək gücündə olan müəssisə inşa ediləcək. İnvestisiya dəyəri 8 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.
Xatırladaq ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı prezident İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə Cəbrayıl rayonunda yaradılıb. Sənaye parkının yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə, Qarabağın sənaye potensialının inkişaf etdirilməsinə, sahibkarlığın dəstəklənməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkilinə və əhalinin məşğulluğunun artırılmasına nail olmaqdır.
Elxan SALAHOV