Prezidentimiz İlham Əliyevin fikirlərindən o da bəlli olur ki, işğaldan azad edilən ərazilərdə sınaqdan çıxarılan yeni idarəetmə və inzibati modellər Azərbaycanın digər regionları üçün də nümunə olacaq.
Bura Laçın şəhərinə giriş hesab olunur və poçtun dairəsi adlanır. Laçında tikinti-quruculuq işləri xüsusən məhz burda aparılır. Çünki bura dörd yolun birləşdiyi yerdi. Yolun bir tərəfi Ermənistandan, digəri Qubadlıdan, bir tərəfi Şuşadan, sonuncusu isə Laçının mərkəzindən gəlir. Yerli əhalinin dediyinə görə, bir zamanlar buralarda ev tikmək, yurd qurmaq çox çətin imiş. Ərazisi elə dağlıq, sərt qayalıqdır ki, evin bünövrəsini qazmaq, özünü tikməkdən çətin, baha başa gəlirmiş.
Laçın sakini, memar Azər Məmmədov deyir ki, bir şeyə görə çox sevinirəm ki, bizə göstəriş verildi ki, Laçın şəhəri əvvəl olduğu kimi bərpa olunsun, yəni, hər kəsin öz evi necədi, eləcə bərpa olunub verilsin. Bu da bizim üçün xüsusilə önəmlidir. Çünki hamının özünün qurduğu ev, dam daha qiymətlidir, nəinki bir saray.
İşğal vaxtı azərbaycanlıların saraydan qiymətli yurd-yuvaları, yaşayış yerləri, qəbiristanlıqları, maddi-mədəni nə vardısa, hər şeyləri yerlə-yeksan edilib. Lakin şəhərin işğal altında qaldığı 30 il ərzində bir dənə də olsun məscid ziyan görməyib. Çünki bünövrəsi 1923-cü ildə qoyulan Laçın şəhərində sovet vaxtında məscid olmayıb. Müstəqilliyin ilk illərində rayonun ağsaqqalları Allah evinin tikintisi üçün ianə toplayıb yer ayırsa da, işğal onu ucaltmağa imkan verməyib. Bu imkan Azərbaycanın qəhrəman oğullarının işğala son verməsi, Azərbaycan Prezideti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik uğurları fonunda yenidən reallığa çevrilib. Bu nəcib missiyanı isə Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Laçının çıxışı, Həkəri çayına gedən istiqamətdə, gözəl mənzərəli yerdə Laçın məscidi inşa olunacaq.
Azər Məmmədov onu da qeyd edib ki, biz bu yaxınlarda mikrafonla Əzan səsləndirdik. İndi hər gün namaz saatlarında Əzan veriləndə insanın ruhu qidalanır. Həm Laçınımızın işğaldan azad olunması, həm də dinimizin Laçına qayıtması üçün şükürlər edirik.
Füsunkar təbiəti, meşələri dağları, çayları ilə Laçın cənnət-məkan olacaq. Laçın nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Bunun üçün şəhərdə 4 minə yaxın işçi qüvvəsi işə cəlb olunub, işlərin tez başa çatması üçün gecə-gündüz növbəli çalışılır. 30 illik işğaldan sonra təxminən Laçında evlər talan, dağıdılmış vəziyyyətdə idi. İndi isə təmir-bərpa, quruculuq işlərinin aparılması nəticəsində şəhərin görünüşü dəyişdirilir, son standartlara uyğun yeni görkəm qazanır. Qeyd edək ki, Laçının mərkəzində həyata keçirilən layihənin standartı isə İsveçrə nümunəsidir.
Laçın sakini Mahir Şahverdiyev bildirib ki, dözümlü, yaxşı əla evlərdir. Bu sevinci Azərbaycan xalqına yaşatdığına görə dövlətimizin rəhbərinə dərin minnətdarlığımızı bildiririk.
Maraqlıdır ki, Laçın şəhərində yenidənqurma işlərində Azərbaycanın bütün bölgələrindən olan insanlar çalışsa da, əksəriyyəti laçınlılardır.
Əslən Laçından olduğunu bildirən İxtiyar Quliyev deyir ki, Xocalıda yaşamışam, böyümüşəm. Hal-hazırda isə Goranboyun Ağcakənd qəsəbəsində məskunlaşmışıq. Laçında abadlıq işlərinin aparılmasında yaxından iştirak etmək üçün bura gəlmişəm və yaxın zamanlarda Laçından məcburi köçkün düşmüş sakinləri yenidən bura qayıdanda görəcəklər ki, əvvəlki Laçın necəydi, indiki necədir. Həqiqətən də evlər çox gözəldir. Usta Niyaz Mirzəyev isə bildirib ki, burda darvaza quraşdırma işləri ilə məşğul olurlar, taxtaları bəzəyirlər. Görülən işlərin keyfiyyətindən söz açan kənd sakini deyib ki, hər şey gözəldir, öz doğma Vətənimizdə başladığımız işləri canla-başla yerinə yetirəcəyik.
Qeyd edək ki, Laçın şəhərinin mərkəzində gedən iş ümumi rayon üzrə həyata keçirilən layihələrin kiçik bir qismidir. Laçında görülən bərpa-quruculuq işləri onu deməyə əsas verir ki, Azərbaycan dövləti laçınlıların gözəl şəraitdə rahat yaşaması, şəhər və kəndlərin memarlıq nöqteyi-nəzərdən müasir, layiqli olması üçün həqiqətən də bütün resurslarını səfərbər edib. Bu isə deməyə əsas verir ki, tezliklə laçınlılar doğma yurda qayıdıb, rahat evlərində firəvan ömür sürəcəklər.
Hazırladı: Tahirə AĞAMİRZƏ