Kəndi cəngəl, şax-şəvəl basıb. Atlı girsə itər içində. Ancaq heyvanlar ən çətin yerlərə də soxulub cığır-iz salıblar. Bəli, adamlarla bir yerdə cığırlar da qayıdıb kəndə. Əsl qayıdış təkcə geniş, rahat yolların deyil, həm də cığırların çoxalmasıdır.
Beş-altı dəfə gedəndən sonra kəndin otuz illik həsrəti, ölüb-gedənlərin kədəri nisbətən səngiyir. Təbiətlə təbiət kimi davranırsan. Obyektiv! Araya insan amilindən doğan dərd-sər atmırsan.
Budəfəki Laçın səfərim ilk növbədə bununla yadda qaldı: dağılmış evlərdən, viranə məhəllələrdən, ölmüş-itmiş insanlardan “yaxamı qurtarıb” daha çox daldım təbiətə.
Baxmaqla doymurdum!
Bir müəllimimiz vardı, deyirdi, əsl sənət əsəri odur ki, yüz dəfə də baxırsan, dinləyirsən, oxuyursan, doymursan, elə bil ilk dəfə rastına çıxır. Gözəl təbiət də belədir. Demək, o da bir sənət əsəridir.
Eyni mənzərə müxtəlif rakurslardan fərqli – biri-birindən daha mənzərəli görünür.
Bəlkə, buna görə doymaq olmur dağlardan.
Bu dəfə həm də maraqlı tədbirlərdə iştirak etdim. “Aydınlar Ocağı”nın təşkil etdiyi “Sarı Aşıqdan Dədə Şəmşirə” saz-söz festivalının yekun konserti Laçında, yenidən tikilib bərpa edilmiş kinoteatrda – “LaSinema” klubunda keçirilirdi.
Festivalın spesifikliyi ondan ibarət idi ki, indiyədək keçirilən çoxsaylı mədəni tədbirlər kimi dövlət tərəfindən yox, ictimai birlik tərəfindən təşkil olunmuşdu. Lakin həm Mədəniyyət Nazirliyinin, həm Kəlbəcər rayon İcra Hakimiyyətinin, həm də Azərbaycan Respublika Prezidentinin Laçın rayon nümayəndəliyinin yaxından dəstəyi ilə baş tuturdu.
Festivalın əsas iştirakçıları Laçın və Kəlbəcərin yeni nəsil aşıqları idi: Aşıq Elbrus, Aşıq Şöhrət, Aşıq Afil, Aşıq Pərviz, Aşıq Elvin Axundov, Aşıq Sahil, Aşıq Seymur və başqaları...
Zalda azad və abad Laçın şəhərinin əhalisi ilə yanaşı rayon ziyalıları, ədəbiyyat və mədəniyyət adamları əyləşmişdi.
“Sarı Aşıqdan Dədə Şəmşirə” festivalının Laçın şəhərində keçirilən yekun tədbirinin açılış nitqini bəndənizə həvalə etdilər. Mən ilk növbədə Sarı Aşıq başda olmaqla Laçın rayonu ərazisində yetişən və yazıb-yaradan sənət adamlarından danışdım, Sarı Aşığın Azərbaycan ədəbiyyatındakı yerini xarakterizə edən ən vacib amilləri saydım. Daha sonra klassik saz sənətinin son nümayəndələrindən olan və ustadlardan qalan ənənələrin yeni nəslə ötürülməsində mühüm rol oynayan Dədə Şəmşirdən söz açdım.
Laçın rayon Ağsaqqallar Şurasının üzvü, Birinci Qarabağ müharibəsinin veteranı Möhübbət Həsənov öz çıxışında həm vətən, həm Sarı Aşıq sevgisindən danışdı.
Tədbirin təşkilatçısı olan “Aydınlar Ocağı” ictimai birliyinin idarə heyətinin üzvü Vüqar Qədirov çıxış edərək festivalın yaranma ideyasından və həyata keçirilmə prosesindən danışdı. Yekun tədbirin Laçında – onun doğulub boya-başa çatdığı torpaqda keçirilməsindən məmnunluq duyduğunu bildirdi.
Festivalda Azərbaycanın tanınmış muğam ifaçısı, əslən Laçından olan əməkdar artist Ehtiram Hüseynov da iştirak edirdi. Tədbirdən sonra təşkil olunan çay süfrəsində onunla xeyli söhbət etdik. Ehtiram bəy bizim kəndi – Ağbulağı görmək istədiyini bildirdi. Mən özüm qonaq getsəm də, sənətkar dostumu Laçın rayon mərkəzindən 60 km şimalda, Dəlidağın ətəyində yerləşən kəndimizə dəvət etdim. Səhəri gün bu yaddaqalan görüş gerçəkləşdi.
Xatırladım ki, bizim kənddə hələ təmir-bərpa işləri başlamayıb. Lakin hər yay kənd adamları arı və heyvan təsərrüfatı ilə Ağbulağa gedirlər. Bu il mənim yaxın qohumlarım da təsərrüfatla kəndə gediblər. Bacım – kəndimizin həkimi Səbirə Ağayarova da rəhbərlik tərəfindən Ağbulaqda yaradılan tibb məntəqəsi ilə birlikdə kəndə köçüb. Kənddə tibb məntəqəsinin yaradılması bu bölgədə yaylayan camaat üçün çox faydalıdır. Əvvəllər adi bir iynədən, sistemdən ötrü rayon mərkəzinə gedən sakinlərin indi lap yaxında ümid yeri var. Mən orda olduğum müddətdə hər gün ən azı beş-altı müraciət olurdu.
Hazırda Ağbulaqda və yaxın ətrafdakı otlaq sahələrində 40-a yaxın ev var. Adamların çoxu alaçığını öz dədə-bab yurdunda qurub.
Kəndimizin uşaqlı-böyüklü əhalisi Ehtiram Hüseynovu böyük sevinclə qarşıladı. Bu görüş Ehtiram bəyin də ürəyini açmışdı. Biz eyni zamanda kənddə ustad aşıq Cabbar Cabbarovu da ziyarət etdik, sənətkarın beçə balı ilə çay içdik. Ustad aşıq məcburi köçkünlük vaxtı qələmə aldığı “Girov sazın dastanı” kitabını Ehtiram bəyə hədiyyə etdi.
Bir neçə gündən sonra Ehtiram Hüseynovla Minkənd kəndində yenidən görüşdük. Bu dəfə onun başına qardaş Türkiyədən gələn rejissor və aktyorlar, eyni zamanda onları müşayiət edən həmvətənlərimiz toplaşmışdı. Türkiyəli qonaqlar arasında “Eşkiya dünyaya hükümdar olmaz” serialından yaxşı tanıdığımız Ozan Akbaba da vardı.
Qonaqlar məşhur “İstisu” istirahət mərkəzinə enərkən Minkənd çayının üstündə Azərbaycan bayrağı ilə yanaşı dalğalanan Türkiyə bayrağını gördülər. Onlar bu ərazilərin Ermənistan sərhədinə – xüsusən bir zamanlar bizdən zorla qoparılan Qara gölə yaxın olduğunu bilirdilər.
Türkiyəli sənətkarlar Laçına film çəkilişləri üçün gəlmişdilər. Ümid edirik, yaxın illərdə işğaldan azad olunan ərazilərimizi Türkiyə ekranlarında da görəcəyik.
Qayıdış uzun vədəli bir prosesdir. Bu, təkcə evləri tikib ora köçməklə bitmir. Adam daşlara, qayalara, yollara, meşələrə öyrəşir. Daşlar, qayalar, yollar, meşələr də adamlara öyrəşir. Hətta vəhşi heyvanlar da tədricən bu yerlərin əsl sahiblərini tanıyırlar. Bunun üçün orada daha çox yaşamalı, daha çox çalıb-oxumalı, daha çox gəzməli, füsunkar təbiətə daha çox dalmalısan.
Laçının Şəlvə kəndindən olan filosof Salman Salahov müəllim kimi işlədiyi indiki Nəsrəddin Tusi adına pedaqoji universitetdə yay imtahanlarının başa çatması ilə əlaqədar keçirilən yekun iclasda çıxış edir. Çıxışının sonunda zalda oturanları yaylağa – Şəlvə dərəsinə qonaq çağırır. Müəllim yoldaşlarından biri zarafatla deyir:
– Yollar narahatdır, gəlməyəcəyimizi bilirsən, ona görə ürəklə danışırsan.
Salman müəllim kürsüdən sinəsini qabağa verib qaşlarını qaldırır və özünəməxsus pafosla deyir:
– Rahat yol acizlər üçündür!
Mən Salman müəllimin müdrik fikrini kontekstdən çıxarmaq istəmirəm, lakin indi Laçının yollarının rahat olduğunu söyləyirəm. Artıq bəhanə yeri yoxdur. Hətta Cəbrayıl və Qubadlıdan getsəniz, rayon mərkəzinə qədər yoxuş da görməyəcəksiniz. Portaldan keçmək də əvvəlki kimi çətin deyil. Bu gün müraciət edirsən, sabah sənədlərin hazırdır.
Gəlin, gəzin, görün...
Nələr itirdiyimizi və nələr qazandığımızı yalınız bundan sonra təfərrüatı ilə anlaya bilərsiniz.
Şərif Ağayar