27.07.2025, 10:12
AZ EN
10.11.2022, 12:48 731

Laçın rayonu, Bozdağan kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Bozdağan kəndi Laçın rayonunun Şamkənd inzibati ərazi vahidinə daxil olan beş kənddən biridir. Kənd Bakı şəhərindən şose yolla 520 km qərbdə, rayon mərkəzindən şose yolla 70 km şimal- qərbdə, Kiçik Qafqaz sıra dağlarında, Qarabağ silsiləsinin cənub-qərb yamacında  yerləşir. Xankəndi dəmir yolu stansiyası ilə şose yolla ara məsafəsi 130 km-dir. Dəniz səviyyəsindən 1540 metr yüksəklikdədir. Bozdağan kəndi şimaldan  Qarabağ cənubdan Şamkənd kəndi, qərbdən isə Nağdalı kəndi ilə həmsərhəddir. Kənd ərazisi sıx meşəliklərlə zəngindir. Kəndin adı boz və doğan sözlərindəmn ibarət olub  etnotoponimdir. Toponim Oğuzların qədim tayfalarından biri olan Bozdoğan tayfalarının adından formalaşdığı ehtimal olunur. Bozdoğan adlı yaşayış məskənlərinə  Türkiyənin Trabzon, Aydın, Çorum, Mersin, Adıyaman, Adana şəhərlərinin yaxınlığında rast gəlmək mümkündür. Həmin yaşayış məskənlərində Bozdoğan tayfasının müxtəlif qollarına mənsub olan  əhali yaşayır. İrəvan yaxınlığında Arpaçaydan  8 verst aralıda Bozdoğan adlı kəndin olduğu “İrəvan əyalətinin icmal dəftəri”ndə qeyd olunub. Bozdoğan tayfalarının köçəri həyat tərzi sürdüklərini nəzərə alsaq, ehtimal olunur ki, tarixin hansısa dönəmində həmin tayfaya mənsub insanlar Bozdoğan kəndində və yaxud ona yaxın bir ərazidə yaşayıblar. İşğaldan öncə kənddə 51 ev, əhaliyə məxsus 42 tövlə, sovxoza məxsus  2 tövlə, 1 klub, 1 mağaza, 1 feldşer-mama məntəqəsi, 1 kitabxana olub. Kənd əhalisi Azərbaycan türklərindən ibarətdir. Əhalinin əsasını Oğuz türklərinin salur boyundan  təkəli (təkə-türkmən) tayfasının bir qolu olan Hacısamlı elinin Qasımuşağı nəsli təşkil edir. Birinci Qarabağ müharibəsi zamanı kənd əhalisindən 2 nəfər şəhid olub, 2 nəfər isə itkin düşüb. Hal-hazırda kəndin 208 nəfər əhalisi var. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər