21.11.2024, 23:33
AZ EN
01.11.2022, 14:14 554

Qubadlı rayonu, Davudlu kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Qubadlı rayonunun qədim kəndlərindən biri də Davudlu kəndidir. Şanlı Ordumuz tərəfindən erməni işğalından azad edilən Davudlu kəndinin 27 ildən sonra görüntülərinə baxdıqda aydın olur ki, bu illər ərzində vandalizm siyasəti yürüdən faşist xislətli ermənilər kəndi yerlə yeksan ediblər.

Davudlu kəndi  Bazarçay (Bərgüşad) çayına qovuşan dərəsində, dağətəyi ərazidədir.

Bu yaşayış məntəqəsi Qarabağ bəylərbəyi olmuş Davuda məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sonralar burada Sofulu tayfasına məxsus ailələrin də məskunlaşması haqqında məlumat verilib.  

Davudlu kəndi Əliquluuşağı,Gürcülü, Novlu,Qədili, Eyvazlı kəndləri,  Ermənistanın Gorus (Gursu) şəhərinin Kərəgözlü (sonradan ermənilər Karagöz-Kərəvinc-Karaunc adı qoyublar), Muğancıq, Xinzirək kəndləri ilə həmsərhəddir. Qubadlı rayon mərkəzindən 23 km məsafədə yerləşir. Kəndin yerləşdiyi ərazinin çox qədim tarixi var. Tarixi abidələr, tarixi əhəmiyyət kəsb edən yer adları bu ərazilərin türklərə məxsus olduğunu sübut edir.

Davudlu kəndi aşağıdakı tarixi sirli-sehirli  abidələri ilə də məşhurdur: Yeddi qardaş, Çinarlı ocaq piri, Qoca ocağı piri, Qaradaş piri, Qara yazıdakı Qara daş piri, Dəlik daş abidə, Qız qalası, Qarakaha mağarası, Üçdərə mağarası,  Muğancıq kahaları, Hizandaşı abidə, Çınqıllıq abidə: (ermənilər dağıdıb qızıl çıxarıb aparıblar), Qışlaq mağarası, Çəvliyin kahası, Göy qala, Şah kahası, Ağ kaha, Məhəmmədhüseyn kahası, İncəlik kahası, Üçük qala kahası, Qəcirlik dərəsi kahası, Kəsəmə kahası, Qum kahası, Mövlanverdi kahası.

Davudlu kəndi ərazisində bulaqların sayı da çoxdur: Qasım bulağı, Kəsəmə bulağı, Mamedin bulağı, (bu bulağın qədim adı Məşədibaba bulağı olub, çaya yaxın olduğundan çay daşaraq bu bulağı itirib. Bir neçə il sonra Məmməd kişi bu bulağı tapıb. Çox keyfiyyətli suyu var). Sofulu bulağı, Bəylərin bulağı, Kəndin bulağı, Həsən bulağı, Palıdın bulağı, Gorundərəsi bulağı,  Çömçəquyruq bulağı, Üçdərə bulağı, Qışlağın bulağı, İncəcikdərəsi bulağı, Novruz bulağı, Gavallı bulağı, Armudlu bulağı, Zoğallı bulağı, Şırran şəlaləsi və s.

Davudlu kəndinin çox gözəl, əsrarəngiz, möhtəşəm bir təbiətə malik böyük ərazisi var. Bərgüşad çayının sol sahili boyunca irimiqyaslı bağlar, üzümçülük təsərrüfatları,  meyvə bağları, tut bağları, (Zəngəzur bölgəsində ad çıxarmış məşhur brend “Davudlu tut arağı” bu kənddə istehsal olunurdu). Alma, armud, ərik bağları, bütün növ tərəvəz-bostan məhsulları yetişdirilən tarlalar var idi. Bərgüşad çayının sağ sahili boyunca Sofulu bulağı, Göy Qala ətrafı uzanan meşəliklər, iri buynuzlu heyvandarlıq təsərrüfatları mal-qoyun sürüləri olub. 10 min hektarlarla otlaq sahələri, 500 hektara yaxın ərazisi olan  Qara yazı və 200 hektar Ağ yazı taxıl sahələri əkilirdi. Digər kəndlərimiz kimi Davudlu da eməni zülmünə məruz qalıb.

Çar Rusiyası 1828-ci ildən başlayaraq Azərbaycanın ərazilərinə hayların (ermənilərin) köçürülməsinə başlayandan sonra  bu ərazilər də diqqətdən kənarda qalmayıb. 1843-1850-ci illərdə ermənilər rus pristavları ilə bu ərazidə yerləşən kəndlərə gələrək kəndlilərə bildirirlər ki, çar bu torpaqları kilsəyə verib, kəndləri boşaldın. Kəndlilər buna etiraz etsələr də  faydası olmur. Ermənilər rus əsgərləri ilə kəndlərə girərək kəndililəri öz doğma torpaqlarından çıxarırlar. Beləliklə, Gərəgözlü, Ağana, Üçdərə, Muğancıq, Goru kəndlərini boşaldaraq, orada erməni kəndliləri  məskunlaşdırırlar.

Ermənilər bu kəndə köçürüldükləri vaxtdan 1950-ci ilə qədər kəndin əvvəlki Muğancıq adı qalırdı. Xəbis haylar  1950-ci il  aprelin 19-da Muğancıq kəndindən bir az aralı düzəngahda yeni qəsəbə salaraq oraya  erməniləri köçürmüşlər. Muğancıq adını tarixdən silərək kəndə Zəngəzur adını vermişdilər. Sonralar  Zəngəzur adını da dəyişib Hartaşhen ediblər. İnsanlara zülm verə-verə yuxarıda adları çəkilən kəndlərdən çıxarılan əhalini Davudlu çayının sol sahilində Davudlu kəndinə yaxın “Qışlaq” adlanan ərazidə məskunlaşdırırlar. Çox keçmir ki, bu ərazidən 1 km  cənub-şərqdə yerləşən Davudlu kəndini də “Qışlaq” deyilən əraziyə köçürərək kəndə Davudlu adı verilir. Həmin vaxt kənddə 400 təsərrüfat olub. Hazırda həmin evlərin xarabalıqlarında 400-ə yaxın evin kalafası durur..

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər