08.09.2024, 05:46
AZ EN
08.04.2022, 11:00 413

Ağdaban faciəsinin şahidləri danışır

ŞƏRQİ ZƏNGƏZUR

Rafiq hərrəmov: “Aprelin 7-si 8-nə keçən gecə qardaşımın qırx mərasiminə hazırlaşırdıq. 9-u axşam isə rayonda özünü müdafiə batolyonu yaratmışdıq. Orda növbədə idim. Uşaqlar dedi ki, sən get bu gün növbəyə gəlmə, qardaşının qırx mərasimi verin. Ətrafdan da qonaqlarımız var idi, onlar da gəlmişdi. Səhər yuxudan durduq ki, qonaqları qarşılayaq, yas mərasimini təşkil edək. Elə bu vaxt, (bizdə Qaraşiş deyilən yer var) bizim ev kəndin başında yerləşdiyi üçün kəndə hücum zamanı divara güllələr dəyən zaman məəttəl qaldım ki, bu nə məsələdir. Baxdım ki, BTR adlanan texnika yerində dairəvi şəkildə fırlanır. Çıxış üçün başqa yol tapa bilmədik. Hamımız evin içinə yığışdıq. Ailə üzvlərimizi evə yerləşdirib, qonşu evlərin qabaq hissəsi ilə keçə-keçə Topallı adlanan yerə toplaşa bildik. Oradan kənd bütünlüklə görünürdü, baxdıq ki, kənd artıq alovlar içərisindədir, şiddətli şəkildə yanır”.

Rafiq Məhərrəmov qeyd edir ki, həmin vaxt düşündük ki, erməni faşistləri gecədən kəndə gəlib, kəşfiyyat aparıblar: “Çünki səhər saatlarında biz onların texnikasını çox yaxın məsafədən görmüşdük. O vaxt bizim ermənilərlə aramızdakı yol minalanmışdı, tamamilə bağlanmışdı, təhlükəsizlik səbəbindən biz bütün işlərimizi görmüşdük. 4 aprel tarixində tanımadığımız dəstələr gəlib dedilər ki, həmin yolu açırıq. Yolu təmizləyib, həmin yerdən Çapar istiqamətinə hücuma keçəcəyik. Çünki ermənilər bizə dinc şəkildə yaşamağa imkan vermirdilər. Yolun açılacağını eşidən zaman kənd ağsaqqalları öz narazılıqlarını bildirdilər. Dedilər ki, siz bu yolları təmizləyib, axşam gedib öz evlərinizdə yatırsınız, bəs bu kənddə yaşamaq təhlükəli vəziyyətdə qalır axı?

Kəndi qorumaq üçün 10-15 nəfərdən ibarət özünümüdafiə dəstəsi yaratmışdıq, gecələr növbə çəkirdik. Həmin faciə günü ərəfəsində keşik çəkənlər – qəsəbə nümayəndəsi (sovet sədri) Yaşar Məmmədov, Natiq Məmmədov, Rayət Qasımov, Qədir Məmmədov keşik çəkdikləri anda ermənilər əks istiqamətdə gələrək, onları mühasirəyə alıblar. Səhər saatlarında Yaşar Məmmədov yanındakına deyir ki, götür qarşıdakı daşa bir güllə at, görək o kiçik daşı vura bilirsənmi? Yəni təsadüfdən atılan o güllədən sonra, ermənilərin qurduqları o plan pozulur. Ermənilərin məqsədi o idi ki, bizim evdə yas mərasimi keçirilən zaman ordakı insanların hamısını öldürsünlər, uşaqları isə məktəbdə olduqları zaman qətlə yetirsinlər. Bizim tarix müəllimimiz vardı, Sovet müəllim. O müharibə vaxtı əsir düşmüşdü, əsirlikdən qayıdandan sonra onun özü də ermənilərin bu cür planları olduqlarını bildirdi. Sadəcə, təsadüfən atılan o güllə onların planlarını tamamilə məhv etmişdi”, - deyə o qeyd edib. 

Arif seynov: Erməni vandalları 6 aylıq, 1-2 yaşlıq uşaqları, ən çox da qocaları amansızcasına qətlə yetirdilər. Hamımız bir kənddənik. Hamı bir-birini tanıyır. Aşıq Şəmşirin nəslindən olan çox insanı öldürdülər. Rəhmətlik Camal kişi vardı. 2 yaşlı uşağını belinə alıb qaçan yerdə kürəyindən vurmuşdular, ikisi də həlak olmuşdu”.

Vəhşiləşmiş erməni quldurlar kəndin ağbirçək sakinlərindən birini öz evində bağlı qapı arxasında diri-diri yandırmış, çətinliklə hərəkət edən yaşlı bir qadını divara söykəyib, güllələmişdilər.

Hüseyn Hüseynov: “Həmin vaxtı mənim 11-12 yaşım vardı. Saat 6-7 radələrində qonşumuz gəldi ki, ermənilər Ağdabanı mühasirəyə alıblar. Onu hiss etdik ki, başımızın üstünü alov alıb. Biz hər il aprelin 7-dən 8-nə keçən gecə bu faciəni hüznlə qəbul edirdik. İndi isə şəhidlərimizin də ruhu şaddır. Çünki Kəlbəcər işğaldan azaddır”. 

Əzim Hüseynov: “Evlərimizi yandırdılar, başımızdan od ələdilər. Maşınlarımızı, var-dövlətimizi, hər şeyimizi talayıb apardılar. Musa var idi, Allah rəhmət eləsin, onu diri-diri atmışdılar ot tayasının içinə orda yanmışdı. Anasını faciəvi şəkildə öldürdülər. Qonşuluqdakı Zeynəb nənəgili evdə yandırmışdılar. Bu gün isə alnımızda olan qara ləkə silinib. Başda Ali Baş Komandan olmaq­la, şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin sayəsində bu qara ləkə silinib gedib”.

Oxşar xəbərlər