Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun Alıkeyxalı kəndi Azerbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991 ci il tarixli, 54-XII saylı Qərarı ilə Soltanlı kənd Sovetindən alınaraq Maşanlı kənd Sovetinin tərkibinə verilmişdir. Dağətəyi ərazidə yerləşən kəndin əhalisinin əsas məşğuliyyəti heyvandarlıq idi. Oykonim Alıkeyxalı/Alıkoyxalı/Alıkovxalı kimi qeydə alınmışdır. Yaşayış məntəqəsi keçmişdə Beydilli adlanan ərazidə salınmışdır. Yerli əhalinin məlumatına görə, XVI əsrdə yaşamış Cəbrayıl adlı kişinin 6 oğlundan birinin adı Alı olmuşdur. Ataları öldükdən sonra onların saldıqları kəndlər də öz adları ilə adlandırılmışdır. Bu kəndlərin biri də Alıkeyxalıdır (Alıkovxalı). Zaqatala rayonu ərazisində Alkoxalı (Alıkovxalı) çay adının qeydə alınması bu ərazidə də vaxtilə eyniadlı yaşayış məntəqəsinin olmasından xəbər verir.
İsa MUSAYEV