Zabux kəndində 400 yaşlı iki ədəd şərq çinarı mühafizə olunurdu. Əhalisi, əsasən, heyvandarlıq və bağçılıqla, baramaçılıqla məşğul idi, tütün də əkilirdi.
Kənd ərazisində XVIII əsrə aid iki tağlı körpü, qədim qəbristanlıq, daşdan yonulmuş at və qoç fiqurları vardı.
Kəndin camaatı yerli zabuxlu, bağırbəyli, xallanlı, sümüklü tirələrinə bölünür.
Zabux kəndində böyük bağlar var idi. Bağlarda tut, alma, üzüm, heyva, gilas, gilənar, gavalı, ərik, göyəm və digər meyvələr yetişirdi. Kənd çay sahilində olduğundan, demək olar ki, hamı öz həyətində çoxlu sayda ördək, qaz saxlayırdı. Zabuxun geniş əkin sahələrində bol buğda, arpa əkilirdi.
Kənddə “Qısxanımın bağı”, “Göyüşün bağı”, “Çalaxlıq”, “Məmərzə yeri”, “Kəlbalı bağı”, 6 bağdan ibarət “Allahqulunun dərəsi”, “Məmmədhüseynin bağı”, “Çınqıllı bağ”, “Duz bağ”, “Rəhimin bağı”, Qızlar bulağı, Buzlu dərə, Zoğal bulağı, Çömçəli adlanan bağlar, bulaqlar vardı. Camaat qoyun-quzunu, mal-qaranı Topatılan, Qunçauçan, Zallar, Qasımoğlu kahası, Küllü kaha, Dəvə yurdu, Bədəluçan, Kölgəli göl, Qıjılı şam, Qızıl qaya, Donuzqaçan, Qara qaya, Çayqovuşan, Eyvaz bağı, Ağ ev, Söyüdlü, Xırda bağın dərəsi, Kahalı, Gendərə, Axca yazı (iki yerə bölünür, Böyük yazı, Xırda yazı), Quru dərə, Kömür basdırılan (Ermənistanla sərhəddə), Xırman düzü, Şavsen təpəsi, Mehdinin quzeyi, Daşqıran, Daşlı güney, Quzğun yuvası, Bədəlin yolarası, Xatun (Zahman) dibi, Umudun akasiyası, Otuz beş hektar, Sus çalası, Qurban təpəsi, Sümüklü tələləri və s. örüş yerlərində bəsləyirdi.
Ermənilər 1992-ci ildə Zabux kəndini işğal etdikdən sonra talayıb yandırıblar. Soyğunçular arasında Xankəndidən olan “dinc” sakinlər də olub. Ermənistan rəhbərliyi kəndin adını dəyişərək Ağavno qoyub. ABŞ-da yaşayan erməni diasporunun maliyyə dəstəyi ilə Zabuxda erməni kilsəsi inşa edilib. 2014-2016-cı illərdə onlar üçün Zabuxda qanunsuz qəsəbə salınıb. Livanlı erməni iş adamlarına məxsus fondun dəstəyi ilə işğal dövründə 150-dən çox ev tikilib. Buraya həm Ermənistandan, həm də Suriya və Livandan olan ermənilər yerləşdirilib. Buradakı məktəbə isə faşist Qaragin Nijdenin adı verilib. İşğalçıların “artsaxın qapısı” adlandırdığı Azərbaycan kəndi Zabux, qonşu Sus kəndi və Laçın şəhəri 44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli razılaşmaya əsasən, müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətindədir. Onların bir nömrəli postu Zabux kəndindədir.
Sus kəndi Laçın şəhəri ilə üz-üzə Mərkiz dağının ətəyində, Həkəri və Zabux çaylarının sahilində, Qarabağ yaylasında yerləşir. Oykonim “sulu yer” mənasındadır.
Laçında teleötürücü qüllə bu kəndin ərazisində - Mərkiz dağının zirvəsində quraşdırılmışdı. Azərbaycandan Ermənistana və Naxçıvana gedən beynəlxalq nəqliyyat yolu, yüksək gərginlikli elektrik xətti və yeraltı rabitə kabel xətti bu kəndin ərazisindən keçirdi. Məşhur Nikolay körpüsü də Sus kəndinin ərazisində tikilmişdi. Mənbələrdə qeyd olunur ki, erməni-müsəlman davası zamanı mənfur Andranikin dəstəsini Sultan bəyin rəhbərliyi ilə kəndin igidləri bu körpüdə yarı bölüb qırıblar. Zabuxdan təxminən 12 km aralıda – Sus dərəsində baş verən hadisələr mənbələrdə, nədənsə, Zabux dərəsi kimi qeyd edilib. Hadisənin şahidləri isə nəql edirlər ki, Sus bağlarında qırılan ermənilərin meyitlərinin iyindən üç il oraya girmək mümkün olmayıb...
Susda Tat dərəsi (bura Oba da deyirmişlər), Aşağı Xallanlı, Yuxarı Xallanlı, Mərkiz məhəllələr vardı. Kəndin camaatı Şadmannı tayfasına aiddir...
Əhali, əsasən, heyvandarlıq, bağçılıq və əkinçiliklə məşğul olurdu. Həkəri çayı boyunca yüzlərlə tut, alma, gilas ağacları vardı. Susda örüş geniş, torpaq verimli olduğundan insanlar heyvandarlıq, bağçılıq, bostançılıq, arıçılıq təsərrüfatında çalışmışlar. Kənddə qış ovçuluğu da inkişaf etmişdi. Çaylarda isə hər növ balıq vardı. Yaşlı insanların dediyinə görə aclıq illərində laçınlılar qonşuluqdakı ermənilərə əl tutublar.
Kənddə ta qədimdən əhəng quyusu olub. Burada xüsusi daşları yandırıb əhəng əldə edirmişlər. Əhənglə həm divar hörər, həm də evləri, qara damları ağardardılar...
Sus kəndinin tanınmış şəxsləri də çox olub. Susda mollaxanada dərs deyən dövrünün tanınmış şəxslərindən biri - Molla Lətif böyük nüfuza sahib imiş. Buna görə o, repressiya illərində ailəsi ilə birlikdə Sibirə sürgün olunub. Sus kəndində ən varlı şəxslərdən biri Nemət Qəhrəman oğlu olub. Kolxoz onun var-dövləti ilə qurulub. Bütün var-dövlətini kolxoza könüllü verib. Mənbələrdə Nemət babanın səxavətli biri olduğu haqqında məlumat verilir.
Yaxın günlərdə Laçın şəhəri, Zabux və Sus kəndləri tam olaraq Azərbaycanın nəzarətinə veriləcəkdir.
Hazırladı: Tahirə AĞAMİRZƏ