Kəndi dağətəyi ərazidədir. Keçmiş adı Novlu dərə olmuşdur. Kənd salındığı dərənin adını daşıyır. Dərə isə burada daş novlu (su yolu olan) bulaq olduğu üçün belə adlandırılmışdır.
1918 soyqırımına (Q.Nijdenin və A.Ozanyanın başçılığı ilə) tuş gələn obalarından biri olan Novlu kəndi Kəpəz dağının “Qarağac bulağı” və “İmamzadə bulağı” meşəliyi (burada 150-yə qədər yaşı 600 ilə çatan və üzərində qoç heykəlləri qoyulmuş qəbirlər olmuşdur, mühafizəçisi Qubadlı rayonunun Xələc kəndindən olan Seyid Haşım ağa (1875-1960) idi, bu ocaq da ermənilər tərəfindən yandırılmış, qoç qəbirləri dağıdılmış və aparılmışdır), “Saqqızsultan meşəliyi” (burada ən çox daş vələs və vən ağacları bitirdi, “Vəndam” toponimi bu sözdən yaranıb) əhatəsində yerləşməklə, həm də Gorusun müsəlman-türk mənşəli Qurdqalağı, Şamsız, Şurnuxu kəndləri yaxınlığında idi.
Novlu kəndinin simsarındakı “Göy qala” dağı və oradakı mağara, “Aynaxlı dərəsi”, Davudlu kəndinin mərkəzindəki “Nəbi bağı” (alma, armud, gilas, qoz, tut ağaclarından ibarət) yerləri Qaçaq Nəbinin adı ilə bağlıdır. Bu kənddəki su dəyirmanı Tapdıq Xudayar oğlu (1883-1972) tərəfindən Gorus çayından ayrılmış qolun üstündə tikmişdi. Bu dəyirman da düşmən hədəfinə tuş gəlmişdi.
Novlu kəndindən Alı, Hüseyn və Təmraz İsmayıl oğullarının, Murtuza Cəfər oğlunun (1875-1965), Məcid Cəfər oğlunun (1876-1964), Şiralı İsa oğlunun (1882-1972), Adil İsa oğlunun (1890-1943), Qara İsmayıl Təmraz oğlunun (qardaşları Cavad və İbadla birgə), Göyüş Hümbətalı oğlunun (1872-1954), Albaba Allahverdi oğlunun (1853-1943, kəndin imkanlı şəxsi olub, həm də döyüşçüləri silah-sursatla təmin edib) müqavimətinə baxmayaraq düşmən əvvəlcədən bu soyqırımına hazırlıq gördüyündən qanlı faciələr bütün yaşayış yerlərini əhatə etmişdir. Novlu kəndinin igid döyüşçüsü Bərxudar Şahbaz oğlunu (1885-1918) haylar Gorus nahiyəsinin Kərəvinc kəndi yaxınlığında qətlə yetirmişlər (onun qardaşları Tanrıverdi və Novruz da bu döyüşlərdə vuruşub), ümumilikdə bu kənddən 35 döyüşçü, Davudlu və Məzrə kəndlərinin 25 dinc sakini həmin illərdə şəhid olmuşdur.
1993-cü il avqust ayının 31-də mənfur düşmənlərimiz ermənilər tərəfindən işğal olunmuş və 2020-ci il oktyabr ayının 25-də qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir.
Novlu kəndi Birinci Qarabağ müharibəsi zamanı xeyli sayda Şəhidlər verib.
Hazırladı: Tahirə AĞAMİRZƏ