Tarixi Zəngəzur mahalının ən qədim yaşayış məntəqələrindən biri olan Qubadlı rayonu haqqında müxtəlif fikirlər var. Bəziləri rayonun adının, daha doğrusu Qubadlı kəndinin adının orta əsrlərdə formalaşdığını qeyd edirlər. Lakin daha inandırıcı, daha dürüst hesab etdiyimiz variant isə V əsrin sonları, VI əsrin əvvəllərində Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır. Tarixdən də məlumdur ki, I Qubadın hökmranlığı dövründə Azərbaycanın şimalında müdafiə tikintiləri və abadlıq işləri görülmüşdür.
M.C.Qarabağinin «Qarabağ tarixi» əsərində göstərilir ki, Beyləqan şəhəri və onun ətrafında bir neçə kənd Qubad tərəfindən salınmışdır.
XVIII əsrdə Qarabağ xanlığının inzibati ərazisinə daxil olan Qubadlı sonralar Zəngəzur mahalına, 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibində quberniyaya daxil olmuşdur.
1933-cü ildə rayon kimi yaranan Qubadlı rayonunun ərazisi 802 kvadrat kilometr olmaqla Gorus, Qafan, Zəngilan, Cəbrayıl, Laçın rayonları, həmçinin Qarabağın Xocavənd rayonu ilə həmsərhəddir.
Rayon ərazisindən iki böyük çay keçir – Həkəri və Bərgüşad çayları. Öz mənbəyini Kəlbəcərdən götürən Həkəri çayı Araza qovuşana qədər Minkənd və Daşbulaq kəndlərindən, Pəriçınqılı və Çalbayır dağlarından süzülüb gələn bulaqların Şəfalı suları, həmçinin Qaranlıq çayı tökülür.
Bərgüşad (Bazarçay) çayının mənbəyi isə Ərikli dağlarından başlayaraq Həkəri çayına qovuşana qədər bir çox çaylar ona qovuşur. Dəli çay, Şəki (Sisyan rayonu) çayı, Sisyan çayı, Taxtakörpü çayı, Daşlı dərə çayı, Gorus çayı, Bəxtiyarlı və Ağa çayları Bərgüşad çayına tökülür.
Rayonun ərazisində sıx meşələr, yeraltı və yerüstü qiymətli sərvətlər, eləcə də xeyli sayda abidələr var. IV əsrə aid edilən Gavur dərəsindəki mağara ibadətgahı, Muradxanlı kəndindəki «Qalalı» qalası, Dəmirçilər kəndindəki XIV əsrə aid iki türbə, XIX əsrə aid məscid, Yazı düzü adlanan sahədəki XIV əsrə aid «Cavanşir» qalası, Gürcülü kəndi yaxınlığında XVII əsrə aid «İmamzadə» türbəsi, V əsrə aid Xocamsaxlı kəndindəki mağara ibadətgah və «Göy qala», 1867-ci ilə aid «Laləzar» körpüsü, XIX əsrə aid Dondarlı kəndindəki Hacı Bədəl körpüsü və s. Uzaq keçmişimizlə səsləşən köhnə «sandıq» və «qoç» abidələri də bu yurdun qədimliyinin canlı sübutudur.
Qubadlıda boy atıb ucalan yazıçı və şairlərimizdən Süleyman Rəhimov (ilk Xalq yazıçısı adını almışdır), Əli Vəliyev, professor Məsud Əlioğlu, Afaq Məsud, professor Qaçay Heydərov, Əhliman Axundov, Qasım Qasımzadə, Cəlal Bərgüşadlı və yüzlərlə başqaları.
Qubadlı rayonu həm də ölkəmizdə tanınan böyük vəzifə sahiblərinin də doğma yurdudur. Uzun illər İctimai Təminat naziri işləyən Zəhra Kərimova, Azərbaycan Nazirlər Soveti sədrinin birinci müavini Möhbalı Əmiraslanov, bir vaxtlar Respublika Ali Soveti Rəyasət Heyətinin sədri olmuş Nəzər Heydərov, Nazirlər Soveti sədrinin müavini işləmiş Kamran Hüseynov, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov (əvvəlcə Nazirlər Sovetinin sədri), Azərbaycan SSR Daxili İşlər Nazirliyində rəhbər vəzifələrdə çalışmış bacarıqlı çekist Qulu Əbbüləzimov və b.
Bütün sahələrdə layiqli övladlar yetişdirən Qubadlının generalları da bizim fəxr yerimizdir: Nizami Təhməzov, Mais Bərxudarov, Arif Heydərov, Valeh Bərgüşadlı, Tahir Əliyev.
Onu da xüsusilə qeyd edək ki, Birinci Qarabağ savaşında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Əliyar Əliyev, Güloğlan Məmmədov, Aqil Məmmədov, Kazımağa Kazımov, Bəylər İsayev, Aslan Atakişiyev, Ələkbər Əliyev, Vasili Əliyev, Kərim Mirzəyev, Allahverdi Bağırov və Fəxrəddin Cəbrayılov kimi qəhrəmanların yolunu ləyaqətlə davam etdirən Həmidov Şükür Nəriman oğlu, Qasımov Faiq Qaçay oğlu, Ağayev Vüqar Əhməd oğlu, Alıyev Elçin Bayram oğlu, Allahverdiyev Vüsal Tahir oğlu, Həsənzadə Məhəmmədəli Hörmət oğlu, Abışov Sirac Abış oğlu, Rəhimli Orxan Elxan oğlu, İsgəndərov İlkin Camal oğlu, Mustafayev Rüfət Zöhrab oğlu, Məhərrəmov Ülvi Tahir oğlu Vətən müharibəsinin Zəfər çalmasında öz canlarını belə əsirgəmədilər. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı ilə onlar müxtəlif yüksək mükafatlara layiq görülmüşlər.
Bu gün Qubadlı azaddır, orada geniş quruculuq və bərpa işləri aparılır. Tezliklə doğma yurda köç başlayacaq, torpaqların və insanların həsrətinə son qoyulacaq, hər yerdə vüsal nəğmələri səslənəcəkdir - Şuşada olduğu kimi.
İsa MUSAYEV