21.11.2024, 21:42
AZ EN
07.05.2023, 17:50 228

Tariximizin daş yaddaşı

ŞƏRQİ ZƏNGƏZUR
  • Bir zamanlar 20 min ədəd eksponatı olan və işğal dövründə ermənilər tərəfindən yerlə yeksan edilən Zəngilan Tarix Diyarşünaslıq Muzeyindən bu gün bizə yadigar qalan 2 daş qoç heykəlidir.

Arxeoloq Təvəkkül Əliyev: Biz hazırda Zəngilan şəhərinin mərkəzində yerləşmiş Zəngilan Tarix Diyarşünaslıq Muzeyinin yerləşdiyi ərazidəyik. Ötən əsrin 70-80-ci illərində demək olar ki, Azərbaycanın bütün rayonlarında Tarix diyarşünaslıq muzeyləri yaradıldı. İndi haqqında danışdığımız Zəngilan Tarix Diyarşünaslıq Muzeyindən əsər-əlamət yoxdur. Erməni vandalları tərəfindən muzey tamamilə dağıdılmış, yerlə yeksan edilmiş dağıntıları göz önündədir. O vaxt bu eksponatların daşınması mümkün olmadı. Xoşbəxtlikdən muzeydən iki yadigar qalıb. Həmin yadigarlar bu iki daşdan qoç heykəllərdir. Ümumiyyətlə belə heykəllərə orta əsrlərdə 14-15-ci əsrlərdən başlayaraq demək olar ki, Azərbaycanın bütün bölgələrində rast gəlinir.  Xəzər sahillərindən tutmuş Borçalı, Şərqi Gürcüstan əraziləri də belə heykəllərlə zəngindir. Bu heykəllərin üzərində Azərbaycan xalqının tarixini yaşadan ornamentlər həkk olunub. Tutaq ki, at üzərində silahlı adam təsvirinə rast gəlinir. Yaxud da ayrı-ayrı məişət əşyalarına rast gəlinir.  Bu isə insanların, Azərbaycan xalqının son 500 il ərzində həyatlarında baş verən dəyişiklikləri, onların gördüyü işləri, məşğuliyyətləri özündə əks etdirir.

Kəlbəcərdə, Laçında, Qubadlıda, Cəbrayılda, Zəngilan rayonunun ərazisində. Qədim qəbiristanlıqlarda, xüsusilə orta əsrlər qəbir daşı olan bölgələrdə bu heykəllərə rast gəlmək olar.

Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində qoç var-dövlətdən əlavə, qoçaqlıq, igidlik mənasıni verirdi. Çox vaxt döyüşçü və sərkərdələrə başdaşı kimi qoç formasında olan abidə qoyulurdu.

Belə heykəlləri azərbaycanlıların daş pasportları da adlandırırlar.  Ötən əsrdə ermənilər belə bir iddia ortaya atmışdılar ki, güya bu heykəllərin baş hissəsində xəzinə gizlədilib. Bunu da bəhanə etməklə çalışırdılar ki, bu heykəllər darmadağın edilsin, silinsin.

Təəssüf ki, bu ərazidə sovet dövründə geniş tədqiqat işləri aparılmayıb. 1992-ci ilin əvvələrində döyüş gedən dövrdə Qafanla sərhəddə Quyudərə Xəştab adlı kəndin ərazisində səngər qazarkən bizim əsgərlərimiz qəbirlərə rast gəlmişdilər. Biz də gəlib həmin qəbirlərdən birinin materialları ilə tanış olduq.

Güman edirəm ki, gələcəkdə Zəngilanda həmin muzey bərpa ediləndə bu  materialları ora təhvil verəcəyik. Həmin materiallardan bir neçəsini Sizə nümayiş etdirirəm. Məsələn bu tuncdan əşyadı, əvvəlcə bunun nə olduğunu bilmirsən. Amma bu çox nadir olan zəngin qadınların qəbirlərindən çıxan güzgüdü. Buna bəzən skif tipli güzgülər də deyirlər. O dövrdə şüşə hələ kəşf edilməmişdi. Bu cam Əhəməni dövrünə xas olan qabdır. Eradan əvvəl 5-6-cı əsrlərdə Azərbaycanda təsadüf olunub. Eləcə də, Ön Asiyada, İran ərazisində belə camlara rast gəlinir. Camın oturacaq hissəsində günəş təsvir olunub. Zanbaq rəsmləri qabı əhatə edir. Quş fiquru da var idi. Bu fiqura Xocalı-Gədəbəy Mədəniyyət abidələrində də rast gəlinir. Fiquru ölünün yanına qoyurlar ki, güya onun ruhu bu quş kimi uçsun. Tuncdan və gümüşün qarışığından olan qolbağı tarixin yadigarıdır...           

Yazıçı Oqtay Zəngilanlı: 1982-ci ildə bizdə muzey yaradıldı. Bu muzeydə 20 minə qədər eksponat var idi. Quldarlıq dövrünə aid olan  əşyalar, dəlillər burada öz əksini tapırdı. İndi həmin muzeyin cüzi bir hissəsi Masazırda Mədəniyyət şöbəsinin yanında saxlanılır.

Bizdə Genlik kəndi var idi. Yolun qırağında 2000 qoç  heykəli qoylmuşdu. Mən o qədər baxmışdım ki, onların cizgilərini də görürdüm. 1980-ci ildə mən Qafan şəhərinə getmişdim.  Gördüm ki, bu qoçlar gətirilib qoyulub burada. Onların Tarix diyarşünaslıq muzeyinin qarşısında. Mən rayona qayıdan kimi getdim “Raykom” katibinin yanına. Dedim ki, bizim abidələri çıxarıb aparıblar. Yenə də, biz güzəştə getdik, heykəllər onlarda qaldı. “Baba Hacı” deyilən bir ərazi var idi, orada çoxlu daş qoçlar vardı. Ermənilər bu daş qoçların 11-ni gətirib Mehri rayonunun “Raykom” katibi əyləşən binanın ətrafında qarşı-qarşıya düzmüşdülər.  

1985-ci ildə Ermənistan Elmlər Akademiyasının prezidenti Viktor Ambarsumyan deyir ki, siz nə ağılla Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin rəmzi olan qoçları gətirib qoyursunuz buraya və özünüz sübut edəsiniz ki, buralar oğuz torpaqlarıdır. Deyilənə görə, V.Ambarsumyan gedəndən sonra ermənilər 11 qoçu bir gecənin içində məhv edirlər...

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər