Mehmandarovlar Qarabağın, Şuşanın qədim və məşhur soylarındandır. Bu soyun yaranmasının tarixçəsinə gəldikdə, mənbələrdə qeyd edilir ki, Qarabağ xanlığının idarəetmə aparatında bir çox hərbi və mülki vəzifələr mövcud olmuş və bu vəzifələrdən biri də mehmandar (“qonaqpərvər”, “qonaqsevər”) idi. Mehmandarın vəzifəsi xarici dövlətlərin nümayəndələrini və digər rəsmi qonaqları ölkənin sərhədində qarşılayaraq müşayiət etmək, hörmətlə xanlığın paytaxtına gətirib yerləşdirmək, həmçinin onların istirahətlərini yüksək səviyyədə təşkil etmək olmuşdur. Bununla yanaşı, xanlığa gələn qonaqların məktublarını saraya, xanın məktublarını isə onlara çatdırmaq vəzifəsini də yerinə yetirmişlər. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin və oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə bu şərəfli və məsuliyyətli vəzifəni Mirzə Əli bəy həyata keçirirdi. Bu səbəbdən də 1830-cu illərdə Azərbaycanda yeni soyadı sistemi formalaşarkən Mirzə Əli bəyin övladları və bu nəslin görkəmli nümayəndələri babalarının keçmiş vəzifəsini özlərinə götürmüş və bütün rəsmi dövlət sənədlərində Mehmandarovlar kimi qeydə alınmışlar.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
Onun qeydlərini təqdim edirik.
Mirzə Əli bəy yaşı ilə əlaqədar mehmandarlıq vəzifəsindən istefaya çıxarkən Mehdiqulu xan Cavanşir bir çox mükafatlarla yanaşı, ona Şuşanın qədim 17 məhəlləsindən biri olan, “Təzə məhəllə” adı ilə tanınan yerdə əlavə torpaq sahəsi də bağışlamışdı. Mirzə Əli bəy də burada o dövrün tanınmış memarı olan Kərbəlayi Səfixan Qarabağinin rəhbərliyi ilə heç bir binaya bənzəməyən malikanə tipli saray kompleksi inşa etmişdi. Qarabağ xanının mehmandarı Mirzə Əli bəyin 3 oğul övladı olmuşdur: Mirzə Həsən bəy, Mirzə Sadıq bəy və Mirzə Mustafa bəy.
Səməd bəy Mehmandarov qısa fəaliyyəti dövründə 30 minlik ordu yaratmağa nail oldu
Mirzə Əli bəyin oğlu Mirzə Sadıq bəy Mehmandarov dövlət xidməti ilə əlaqədar olaraq Lənkəranda yaşamışdır. Mehmandarovlar soyunun görkəmli xadimlərindən olan Mirzə Sadıq bəyin oğlu, görkəmli hərb xadimi, general, Səməd bəy Mehmandarov 1856-cı ildə Lənkəranda anadan olmuşdur. 1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Səməd bəy Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edilmiş, nazirliyin və ordunun formalaşdırılması ona tapşırılmışdır. Onun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, ən başlıcası isə Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də tezliklə öz təsdiqini tapmışdır. 1918-ci il noyabrın 1-də o, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirin müavini, həmin il dekabrın 25-də isə hərbi nazir təyin edildi və qısa fəaliyyəti dövründə 30 minlik milli ordu yaratmağa nail oldu. 1928-ci ildə Səməd bəy Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris olunmuşdur. O, rus, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfəsi ilə məşğul olmuşdur. O, 1931-ci ildə Bakıda vəfat etmişdir.
Mustafa bəy Mehmandarov “Təzə məhəllə” sakinləri üçün su çəkdirmişdi
Mirzə Əli bəyin kiçik oğlu Mirzə Mustafa bəy Mehmandarov 1825-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, Şuşa qəza məktəbini bitirmiş, savadlı olduğuna görə şuşalılar ona “Mirzə” deyə müraciət etmişlər. 1843-cü ildə Şuşa qəza idarəsində katib işləmiş Mirzə Mustafa bəy Mehmandarov 1870-ci ildən Şuşa və Zəngəzur qəzalarında seçki üzrə ali müsəlman silkindən Şuşa bəy komissiyasının üzvü olmuş, kollec katibi, müşavir, xeyriyyəçi, xəttat, publisist kimi tanınmışdır. Şuşada qardaşı oğlu Qasım bəy Mehmandarovla birlikdə susuzluqdan əziyyət çəkən “Təzə məhəllə” sakinləri üçün 1899-cu ildə su çəkdirmiş və hər ikisinin vəsaiti hesabına yerli daşlardan memarlıq abidəsi sayılan, gözəl bir bulaq tikilmişdir. “Təzə məhəllə” bulağı adlanan bu bulaq bir əsrə yaxın, yəni Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ildə işğalına qədər olan müddətdə məhəllə sakinlərinin ehtiyacını təmin etmişdir.
Əbdülkərim bəy Mehmandarov Şuşa Xeyriyyə Cəmiyyətinin sədri kimi bir çox xeyirxah işlər görmüşdür
Mirzə Mustafa bəyin böyük oğlu, ilk ali təhsilli azərbaycanlılardan biri olan Əbdülkərim bəy Mehmandarov 1854-cü ildə Şuşada anadan olmuşdur. O, Şuşa qəza məktəbini əlaçı şagird kimi, daha sonra 1872-ci ildə Bakı şəhər gimnaziyasını qızıl medalla bitirərək Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasına daxil olmuşdur. 1877-ci ildə akademiyanı bitirib Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləmişdir. O, 1881-ci ildə 162-ci Axaltski piyada polkunun kiçik həkimi vəzifəsinə təyin edilmiş, 1883-cü ilin yanvarında isə Yelizavetpol quberniyasının Cavanşir qəzasına həkim göndərilmişdir. Bununla da o, hərbi xidmətdən mülki xidmətə keçmiş və sonrakı bütün fəaliyyətini doğma Qarabağda səhiyyə və mədəni-maarif işlərinə həsr etmişdir. 1893-cü ildə Qafqaz həkimlərinin Tiflisdə keçirilən birinci qurultayında fəal həkim kimi iştirak etmiş və bölgədəki vəba epidemiyası haqqında hesabat vermişdi.
Əbdülkərim bəy Mehmandarov 1895-ci ildən həkimlik fəaliyyətini Ağdamda və Şuşada davam etdirmiş, sonra Şuşada əvvəlcə “Difai” Partiyası Şuşa komitəsinin sədri, daha sonra isə komitənin əsasında yaradılan Qarabağ Birlik Məclisinin rəhbəri olmuşdur. O, Azərbaycanda ilk dəfə olaraq Qafqaz mülki idarəsinin əmri ilə Yelizavetpol (Gəncə) quberniyasının Cavanşir qəzasına həkim təyin edilmişdir. On il burada işləyən Əbdülkərim bəy 1895-ci ildən Şuşa qəzasında kənd həkimi vəzifəsində çalışmışdır. Həmin ildə Məmmədrza ağa Vəkilov və Əbdülxalıq Axundov ilə birgə Bakı Tibb Cəmiyyətini təsis etmişdir. Onun xeyriyyəçilik fəaliyyəti daha geniş olmuş, Əhməd bəy Ağaoğlu ilə birlikdə Şuşada xəstəxana və yetim qalmış uşaqlar üçün məktəb və qiraətxana açmışdır. O, həm də Şuşa Xeyriyyə Cəmiyyətinin sədri kimi bir çox xeyirxah işlər görmüşdür. 1911-ci ildə onun təşəbbüsü ilə Şuşada ilk dəfə qız məktəbi açılmışdır. Onun Şuşadakı xeyriyyəçilik fəaliyyətində Həmidə xanım Cavanşirin çox böyük köməyi olmuşdur. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə də səhiyyənin inkişafı, əhaliyə tibbi yardımın təşkili işləri üçün böyük xidmət göstərmişdir. Sovet hakimiyyəti onu siyasi baxışlarına görə təqib etmiş, fiziki və mənəvi iztirablar vermişdir. O, 1929-cu ildə vəfat etmişdir.
Əbdülkərim bəy Mehmandarovun oğlu Rəşid bəy Mehmandarov 1887-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, şəhər Real məktəbini bitirdikdən sonra Tiflis hərbi məktəbinə daxil olmuşdur. Rəşid bəy Mehmandarov Kiyevdə ali təhsil almış, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli ordusunun zabiti olmuşdur. 1937-ci ildə o da, qardaşı Ədil bəy Mehmandarov kimi tutulub Bakıya aparılmış və 1938-ci ildə güllələnmişdir.
Rəşid bəyin qardaşı Ədil bəy Mehmandarov 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. O, Şuşa Real məktəbini bitirəndən sonra Bakı şəhərində feldşerlik kursunda oxumuşdur. Ədil bəy Mehmandarov bir müddət Şuşa şəhər xəstəxanasında çalışmışdır. Sonra Kiyev Politexnik İnstitutuna daxil olmuş, burada Qafqaz Həmyerlilər Cəmiyyətinin üzvü kimi fəaliyyət göstərmişdir. Daha sonra doğma şəhərə qayıtmış və ictimai-siyasi fəaliyyətlə məşğul olmuş Ədil bəy Mehmandarov şəhər bələdiyyəsində işləyərək Şuşanın abadlığına çalışmışdır. Bununla yanaşı, Azərbaycanda sovetləşmədən sonra 1927-ci ildə siyasi fəaliyyətinə görə həbs edilmişdir. Bir müddət həbsdə olandan sonra buraxılmış, sonra müəllimliyə başlamış, Şuşa Pedaqoji texnikumunda dərs demişdir. Ədil bəy Mehmandarov 1930-cu ildə yenidən həbs olunmuş, həbsdən azad olunandan sonra iş yerinə qayıtmışdır. Sonuncu dəfə 1937-ci ildə tutulub Bakıya aparılmış və güllələnmişdir.
Mehmandarovların malikanəsi
Qeyd etmək lazımdır ki, XIX əsrin memarlıq abidəsi sayılan Mehmandarovlara məxsus malikanə kompleksinə böyük yaşayış evi, kiçik yaşayış evi və məscid daxildir. Həmçinin daha sonralar məscidə gedən yolun üstündə bulaq tikilmişdir. Mehmandarovların malikanə kompleksi ilk dəfə 1977-1978-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılmışdır. Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 nömrəli əmrinə əsasən qoyulmuşdur. XIX əsr tarixi memarlıq abidəsi olan Mehmandarovlar ailəsinə məxsus malikanə kompleksində 19 may 1987-ci il tarixindən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlamışdır. Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ildə işğalı zamanı filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilmişdir. Bundan əvvəl isə sovet dövründə Mehmandarovların böyük yaşayış binasında Şuşa Şəhər Xəstəxanası fəaliyyət göstərmişdir. Yaşayış kompleksinə daxil olan, 1984-cü ildən etibarən Şuşada təbii dərman vasitəsi kimi istifadə edilən bitkilərin toplandığı məhəllə məscidi isə, “Yaşıl Aptek” kimi fəaliyyət göstərmişdir.
Şuşa işğaldan azad edildikdən sonra şəhərin bərpası istiqamətində işlərə başlanıldı. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun həyata keçirilir, tarixi memarlıq abidələri bərpa olunur. Mehmandarovların malikanə kompleksində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən aparılır. Biz çox sevinirik ki, Şuşanın həm tarixi-mədəni ənənələri bərpa olunur, həm də tarixi memarlıq abidələri Azərbaycan memarlıq üslubunda öz əvvəlki simasını alır. (AZƏRTAC)