22.11.2024, 01:23
AZ EN
14.03.2022, 16:00 331

Əyyub Şırlanlı: Kəndimiz uzunömürlülər yurdu idi...

QARABAĞ

Şuşanın bir-birindən gözəl, dağlar qoynunda qərar tutmuş axar-baxarlı kəndləri sırasında Şırlanın xüsusi yeri var.

Şuşadan olan Əməkdar müəllim, şair Əyyub Şırlanlı kəndin özəllikləri barədə AZƏRTAC-ın müxbirinə deyib: “Şırlan kəndi sağdan Qırxqız dağına, soldan Sarıbaba yaylağına, arxası isə Ağqayaya söykənir, dəniz səviyyəsindən 1700-1800 metr yüksəklikdə yerləşir. Kənd qədim yaşayış məskənlərindən biri olub, onun ərazisindən tapılmiş iri saxsı küpələr, torpaq və gildən düzəldilmiş qadın bəzək və məişət əşyaları, üçmərtəbəli qəbirlər, nəhəng insanın bazu, kəllə və qıç sümüklərinin qalıqları, sümük üzərinə çəkilmiş insan şəkilləri və s. bunu sübut edir. Təəssüf ki, həmin maddi-mədəniyyət abidələri qorunub saxlanılmayıb. Uçqunların, yer sürüşmələrinin altında qalan məzarlar, qəbir daşları çox-çox qədimlərdən xəbər verirdi...

Şırlan hündür yerdən tökülən çay, şəlalə, şırşır deməkdir. 1992-ci il mayın 10-da Şuşanın işğalından iki gün sonra Şırlan erməni quldur birləşmələri tərəfindən tamamilə dağıdılaraq xarabazara çevrilib.

Şırlan çayı 30-40 kilometr məsafə qət edərək Qarqar çayına qovuşur. Təbiəti və havası təmiz, suyu olduqca safdır. Məşhur turş su ilə yanaşı, burada kükürd suları, çoxlu bulaqlar, zümrüd meşələr, zəngin fauna və flora örtüyü, qiymətli bitki aləmi, heyvan və quşlar aləmi ilə yanaşı, civə və digər faydalı qazıntılara malik olub”.

Həmsöhbətimiz qeyd edib ki, əfsanəvi “Gəlin qaya”, “Qız qayası”, “Üçağızlı” dərələrinə sığışmayan nəriltili dağ çayları, əsrarəngiz gözəlliklərə malik Şırlan kəndi fransız, ingilis, rus, fars, ərəb və digər səyyahların marağına səbəb olub. Məşhur türk sərkərdələri Ənvər Paşa, Nuru Paşa bu kənddə qonaq olublar. Deyilənə görə, Teymurləng də buradan keçib...

XIX əsrdə bu torpaqda bitən ardıc və palıddan konyak hazırlamaq, təbii boyaqlarda istifadə etmək üçün fransız milyonçusu Şapon “Qırx qız”ın ətəklərinə yol çəkdirib. Həmin yolun izləri indiyədək qalırdı və el arasında “Şapon yolu” adlanırdı.

Əyyub Şırlanlı daha sonra deyib: “Şırlan kəndindəki məktəb dünyəvi təhsil ocağı kimi fəaliyyət göstərib. 1903-1920-ci illərdə məktəb Ocaqqulu Allahverdiyevin, 1920-1933-cü illərdə Əbdürəhim Əbdüləzimovun evində fəaliyyət göstərib. 1933-cü ildə kənddə yeni məktəb binası tikilib. Məktəbdə ətraf Qozlu, Vağazin, Fərrac, Nurəddin, Fingə, Kosalar, Canhəsən, Zamanpəyəsi, Mirzələr, İmanlar, Turabxan, Paşalar, Məmişlər, Qaraşlar, Xanımlar, Çay kəndi, Dərə yuxarı, Allahqulular, Şahverdilər, İmanqulular, Cəmillilər, Kərgicahan, Xəlfəli, Süsülü kəndlərindən olanlar üçün internat təşkil edilmişdi.

Bu kənd həm də özünün uzunömürlü sakinləri ilə də tanınıb. Kənd sakinlərindən Sənəm Allahverdiyeva 130, Cabbar Çobanov 125, Ağalar Babayev, Nəsib Çobanov, İsa Qasımov, Səkinə Abbasova 120, Fatma Babayeva 115, Cəlal Quliyev 109, Şirin Əhmədova 107, Nənəxanım Ramazanova, Əkbər Əliyev, Əbülqasım Abbasov, Gülül Həsənova, Cəmil Əhmədov 105, Həmid Məmmədov, Paşa Hüseynov 100 il ömür sürüblər. Kənd sakinlərindən Həsən Səmədov 97, Usub Ramazanov 96, Gözəl Səmədova, Firəngiz Hüseynova 95, Züleyxa Həsənova 90 il yaşayıblar”.

Oxşar xəbərlər