Xıdırlı kəndi Ağdamın qədim yaşayış mskənlərindən biridir. Bir qrup tarixçi ailm kənd sakinlərinin qədim türk – Xıdır tayfasından olduğunu deyirlər. Bəzi alimlər isə Ağa Məhəmməd şah Qacar dövründə Qazax-Şəmsəddin sultanlığından, digərləri isə onların 15-ci əsrdə Qarabağın dağlıq ərazisindən köçürüldüyünü iddia edirlər. Kənd sakinlərinin 12-ci əsrdə Teymurləngin dövründə Suriya istiqamətindən köçürülməsini söyləyən tarixçilər də var. Bütün bu söylənilənlərin hamısı hələ ki, iddia olaraq qalır.
Xıdırlı kəndi beş məhəllədən ibarətdir. Çuxurməhəllə kəndindən başlamış düz xətt boyunca “Dəlikdaş” istiqamətinədək uzanır. Əvvəlcə “Revolyutsiya”, sonra isə “İnqilab” adlandırılan kolxozda beş briqada həmin məhəllələrdə formalaşdırıldığından kəndin məhəllələri də briqadaların sıra nömrəsi ilə adlanır.
Burada “Daş təpə” deyilən ərazi var ki, kəndin ən hündür yeri sayılır. Həmin yüksəkliyə görə sovet dövründə təpədə televiziya verilişlərinin ötürücüsü quraşdırılmışdı. Buna görə də kənd sakinləri mərkəzi televiziyanın verilişlərini keyfiyyətlə izləyə bilirdilər.
“Çömçəli”, “Narlı” kimi onlarla bulaq, “Toy gədiyi”, “Çay bağçası”, “Mərək”, “Qozlu bağ” kəndin gəzməli-görməli yerlərindən sayılırdı. Bundan əlavə 5 nömrəli məhəllədə “Kukuşka” adlanan kiçik dəmiryolu xəttinin stansiyası da var idi.
Əslən Ağdamdan olan araşdırıcı-jurnalist Vüqar Tofiqli yazılarında Xıdırlı kəndinin özəllikləri haqqında da məlumat verir. O, qeyd edir ki, buranın sakinləri çox zəhmətkeş olublar. Kənddə maldarlıq yaxşı inkişaf etmişdi. Ağdam bazarına çıxarılan Xıdırlı qaymağının ləzzəti dillərə düşmüşdü.
Bu kənd öz ziyalıları ilə seçilirdi. Ağdamda ötən əsrin 50-ci illərində Məmməd Əliyev birinci katib, Rüstəm Rüstəmov 1-ci Qarabağ müharibəsi illərində ikinci katib, Səlim Abdullayev isə üçüncü katib vəzifəsində çalışıblar. Telman Allahverdiyev, Hüseyn Hüseynov, Nizami Əliyev və Allahverdi Əliyev uzun illər Ağdamda müxtəlif vəzifələrdə olublar.
Xanpəri Məmmədova, Mehdi Mehdiyev, Şəkəralı Allahverdiyev və Əhməd Hümmətov kəndin sayılıb-seçilən ziyalılarından olublar. Raqub Məmmədov uzun illər rayon Komsomol komitəsinin katibi, Ağdam İcra hakimiyyətinin başçısı olub, Milli Təhlükəsizlik Nazirliyində çalışıb.
1-ci Qarabağ müharibəsində Xıdırlı kəndinin oğulları da mərdliklə döyüşüblər. Hidayət Eldar oğlu Rüstəmov Milli Qəhrəmandır.
Vətənin müdafiəsinə qalxan Yadulla, Fikrət, Tofiq adlı üç qardaş da döyüşlərdə şücaətlər göstəriblər. Yadulla şəhid olub. Ağamirzəyev Kərəm, Məmmədov Mehman, Abdullayev Nazim kimi döyüşçülər də bu kəndin yetirməsidirlər.
Xıdırlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam rayonu Azərbaycana təhvil verilib.
2022-ci il oktyabrın 4-də Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda səfərdə olarkən bir sıra məntəqələrin təməli qoyulub. Ağdam rayonunun yeni təməli qoyulan 3 kəndindən biri də Xıdırlı kəndidir. Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır.
Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır. Bu ilin oktyabr ayının 10-da başlanmış tikinti işləri 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulub.
Mina RƏŞİD