08.09.2024, 07:30
AZ EN
11.10.2022, 14:47 520

Şuşa şəhərinin tarixi memarlıq abidəsi sayılan bulaqları

QARABAĞ

XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmışdı. Şuşa Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın hakimiyyəti dövründə (1747-1763) şəhərdə böyük tikinti işləri aparılmış, sonra İbrahimxəlil xanın dövründə (1763-1806-cı illər) isə Qarabağ xanlığı daha da güclənmişdi.

Bu fikirləri  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, professor, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Onun sözlərinə görə, Şuşa şəhərində 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud olmuşdur. Pənahəli xanın hakimiyyəti illərində (1747-1763) şəhərin salınmasının ilkin mərhələsində ən qədim məhəllələr sonralar şəhərin relyefinə uyğun olaraq, “Aşağı məhəllə” adlandırılmışdır. “Aşağı” məhəllə 9 məhəllədən təşkil olunmuşdur: Seyidli, Çöl Qala, Çuxur Məhəllə, Quyuluq, Dördlər Qurdu, Qurdlar, Merdinli, Hacı Yusifli, Culfalar. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdı. “Yuxarı” məhəllə 8 məhəllədən təşkil olunmuşdu: Saatlı, Mamayı, Köçərli, Xocamircanlı, Ağadədəli, Dəmirçilər, Təzə Məhəllə, Hamamqabağı.

Bununla yanaşı, Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə çox mühüm strateji əhəmiyyətli qala olmasını bir sıra tədqiqatçılar dəfələrlə bildirmişlər. Məşhur klimatoloqlar dəniz səthindən 1400 metr hündürlükdə yerləşən mühüm əhəmiyyətli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli Şuşanın böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləmişdilər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı “Turşsu” deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultdu. Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınmışdır. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.

Elçin Əhmədov qeyd edib ki, Şuşa tarixən bulaqları ilə məşhur olub. Bunların içərisində İsa bulağı, Daşaltı bulağı, Əjdaha bulağı, Səkili bulaq, Şor bulaq, Saxsı bulaq, Qotur bulaq və digərlərinin adlarını çəkmək olar.

Şəhərdəki bulaqlar artıq formalaşmış əsas şəhər meydanlarında tikilmişdi. Buna nümunə olaraq “Meydan” bulağının adını çəkmək olar. Şuşa şəhərinin “Meydan” deyilən hissəsi XIX əsrdə tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan, bulaqdan və qoşa minarəli yaraşıqlı Cümə məscidindən (Yuхarı Gövhər Ağa) ibarət olmuşdur. XIX əsrin memarlıq abidəsi sayılan “Meydan” bulağı şəhərin tarixən “Meydan” deyilən ərazisində yerləşirdi. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı erməni vandalizminə məruz qalaraq tamamilə dağıdılmışdır.

Bundan əlavə, İsa bulağı Şuşada məşhur bulaqlardan və tarixi yerlərdən biridir. Şuşa şəhərindən 5-6 kilometr aralı, dəniz səviyyəsindən təxminən 1500 metr hündürlükdə, meşədə yerləşir. Bununla yanaşı, 1873-cü ildə Şuşada əhalini içməli su ilə təmin etmək üçün Xan qızı Xurşidbanu Natəvan Sarıbaba dağından şəhərə su kəməri çəkdirmişdi. Həmin su kəməri saxsı borularla çəkildiyi üçün suyu sərin olurdu. Sonralar saxsı borular tunc borularla əvəz edilmişdir. Bulaq ağ mərmər sal daşlarla tikilmişdir. “Xan qızı” bulağı 12 gözdən və 8 guşəli çarhovuzdan ibarət olmaqla yanaşı, Xurşidbanu Natəvanın evinin yanında tikilmişdir ki, bulaq sonradan “Xan qızı bulağı” adı ilə məşhur olmuşdur.

Qeyd etmək lazımdır ki, Şuşadakı 17 məhəllə və digər tarixi memarlıq abidəsi sayılan bulaqların hamısı Şuşanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu 30 ilə yaxın müddətində qurudulmuş, dağıdılmış, erməniləşdirilməyə cəhd göstərilmiş və ya məhv edilmişdir. İşğal dövründə bulaqların ətrafındakı tikililərin üzərindəki yazıları tamamilə silib üstünə xaç işarəsi çəkmişdilər.

Tarixən Şuşada inşa edilmiş bulaqlar ayrı-ayrı məhəllələrin ən izdihamlı yerlərində və yol ayrıclarında salınmışdı. Bu barədə danışan Elçin Əhmədov deyib ki, Şuşa məhəllə bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kub formada arxitekturaya malik olmuşdur. Onları Şərq üslubunda tikilmiş bulaq təyinatlı tikililərdən biri olmaqla şəhərsalma mədəniyyətinin nümunəsi kimi dəyərləndirmək olar. Şuşanın məhəllə bulaqları eyni üslubda hazırlanmış memarlıq nümunəsi kimi şəhərin küçə və meydanlarını əhəmiyyətli dərəcədə tamamlamış və ümumşəhər ansamblının üslub vəhdətinə yaraşıq vermişdir.

Məhəllə bulaqları məscidlərlə bir yerdə memarlıq rolunu oynayan küçə qovşağının bütün kompozisiyasını canlandırırdı. Buna misal olaraq, iki küçənin kəsişməsində olan Mamayı məhəlləsinin bulağını qeyd etmək olar. Məhəllə sakinlərinin içməli suya olan ehtiyaclarının təmin edilməsi məqsədilə 1910-cu ildə Şuşa şəhərində yuxarı məhəllələrdən biri olan Mamayı məhəlləsində bu bulaq inşa edilmiş və məhəlləyə su kəməri çəkilərək su təchizatı problemi demək olar ki, aradan qaldırılmışdır. Məhəllə Mamay bəyin adı ilə bağlı olduğu üçün o vaxtdan yerli əhali tərəfindən Mamayı bulağı adı ilə adlandırılır.

Eyni zamanda, Şuşa şəhərində digər məhəllə bulaqları da mövcud olmuşdur ki, onların hamısı XIX əsrin memarlıq abidəsi sayılır.

AZƏRTAC

 

Oxşar xəbərlər