16.04.2025, 01:10
AZ EN
23.11.2022, 16:45 695

Bu gün baş verənlər Ermənistanın öz əli ilə öz başına gətirdiyi fəlakətlərin tərkib hissəsidir

YAZILAR

Hərbi Ekspert Ədalət Verdiyev “Vətən səsi”nin suallarını cavablandırıb.

- Ədalər müəllim, Azərbaycan 30 il işğalda qalan torpaqlarını 44 gündə erməni işğalından azad etdi və qələbə çaldı. Qələbəmizi qardaş və dost ölkələr alqışlasalar da, təbii ki, düşmən və düşmənə havadarlıq edən dövlətlər bunu həzm edə bilmir və bu gün Cənubi Qafqazda təhlükəli oyunlar gedir. Bir tərəfdən qonşumuz İran, digər tərəfdən Hindistan, Rusiya, Fransa Ermənistanı durmadan silahlandırır.

-Ermənistanı silahlandıran ölkələr arasında Fransanı mən önə çəkmək istəməzdim. Fransanın bu günə qədər Ermənistana verdiyi tək silah  milan tank əleyhinə idarə olunan raket kompleksidir. Lakin  nəzərə almaq lazımdır ki, bu komplekslər  Almaniya və Fransa ilə müştərək istehsal olunur və alman silahlarının da Ermənistana verildiyinə rast gəlməmişik.  Amma bu silahların, yəni, milan komplekslərinin Hindistanda lisenziya ilə  istehsalı mövcuddur.  Böyük ehtimalla bu silahlar Hindistandan verilib. İranın isə dəstəyi 30 ildir ki, davam edir.  Təlimlər də keçməsi ilə bərabər, İranın PUA operatorları Ermənistandan olan həmkarlarına İran ərazisində təlimlər keçməsi məlumdur. Birinci Qarabağ müharibəsindən başlayaraq  bu günə qədər İranın Qarabağa və Ermənistana tibbi medikametlər, ərzaq, əşya, bəzən isə sursat göndərməsinə dair faktlar mövcuddur. Ona görə də İranın  bu fəaliyyətlərinin qarşısının alınması, belə deyək, Azərbaycan  üçün prioritet vəzifələrdən biridir. Lakin hələlik  biz buna tam nail ola bilməmişik. Ermənistanı silahlandıran ölkələrdən biri də Hindistandır. Hindistandan isə Ermənistana həm kontur batareya sistemləri,  artilleriya topları və tank əleyhinə  vasitələr, o cümlədən də zərbə tipli PUAlar əldə etmək niyyətindədir. Bunlar barədə nüfuzlu kütləvi informasiya vasitələrində məqalələr dərc olunsa da, nə Ermənistan, nə də Hindistan tərəfi rəsmi şəkildə bu məlumatları təkzib etmədiklərinə görə, hesab edirəm ki, bu real müqavilələr ola bilər.

-Qələbəmizdən iki il keçir, lakin Rusiyanın sülhməramlı kontingenti öz missiyasından başqa hər işlə məşğul olur və həm Rusiya, həm də Ermənistan sülhməramlıların vaxtının uzadılmasına cəhd edirlər. Azərbaycan bununla bağlı addımlar atacaqmı? Bədnam Ermənistanın sürətlə silahlanması qarşıdurmadan xəbər vermirmi?

-Rusiya sülhməramlılarının vaxtının uzadılmasına cəhd etməsi normal bir şeydi.  Çünki Rusiya girdiyi regiondan elə də rahatlıqla çıxmaq istəmir. Xüsusilə də Rusiya yaxşı anlayır ki, indi onun nüfuzu həm Qarabağda, həm  Ermənistan ərazisində kifayət qədər aşağıdır və Rusiyanın burada zəifləməsini görən böyük dövlətlərdən, məsələn, həm  ABŞ, həm Fransa, hətta Hindistan, İran belə  Ermənistanda yerləşmək niyyətindədir.  Amma Rusiyanın orda olduğu müddətdə  digər qüvvələrin orda  necə yerləşəcəyi də başqa bir məsələdir. İstənilən halda bizi maraqlandıran Qarabağ ərazisindəki  rus sülhməramlılarının fəaliyyətidir. Bu fəaliyyətlərdə də çox ciddi  çatışmazlıqlar var. Ərazilərimizin həm minalanmasında,  həm Qarabağ  ərazisinə silah-sursatın daşınmasında Rusiya sülhməramlılarının sanki maraqlı bir tərəf olduğunu müşahidə etməkdəyik. Başqa sözlə desək, bu gün Qarabağdan,  erməni silahlılarının çıxarılmamasının və bu günə qədər onların qalmasının əsas zəmanətçisi məhz rus sülhməramlılarıdır. Rus sülhməramlılarının ərazidən çıxması xəbəri  yayılandan bir neçə saat sonra Azərbaycan torpaqlarında erməni silahlısının qalacağını zənn etmirəm.

-ikinci “Qisas” əməliyyatına ehtiyac yaranırmı?

-İkinci “Qisas” əməliyyatına zərurət isə artıq yaranıb. Hesab edirəm ki, Azərbaycan buna  Laçın dəhlizinə  nəzarəti bərpa etməklə başlamalıdır. Ən azından Türkiyə, Rusiya birgə monitorinq mərkəzi Laçın dəhlizinə nəzarət etməlidir. Heç bir halda Laçın dəhlizinə nəzarət Rusiya sülhməramlı kontingentində qalmamalıdır.

-Bildiyimiz kimi, Qarabağda, Şərqi Zəngəzurda təlim-bərpa, quruculuq, infrastruktur layihələr həyata keçirilir. İşlərin uğurla həyata keçirilməsi əhalimizi sevindirsə də, Böyük Qayıdışa coşqu ilə hazırlaşsaq  da, bir tərəfdən də Ermənistanın ardıcıl olaraq iri çaplı silahlarla atəşkəsi pozması, istər-istəməz narahatlıq doğurur. Ordakı vətəndaşlarımızın təhlükəsizliyinin təminatı necə qorunur?

-Ərazidə çalışan mülki vətəndaşların təhlükəsizliyi yüksək səviyyədə qorunur. Hər hansı bir əməliyyatın planlaşdırıldığı və yaxud da düşmən tərəfindən təhdidlərin  yarandığı halda orada çalışan mülki vətəndaşlar xəbərdar olunurlar, zərurət yarandıqda isə onların təxliyyəsi də həyata keçirilə bilər. Bu barədə isə elə bir ciddi problemimiz yoxdur. İndiyə qədər də biz həmin ərazilərdə bu il ərzində mülki əhalinin düşmən atəşindən həlak olması və ya yaralanması faktına rast gəlməmişik.  

-Putinin Ermənistana səfəri zamanı onun ermənilər tərəfindən “Rusiya, Ermənistandan rədd ol”, “Rusiya düşməndir” şüarları ilə qarşılanmasına münasibətiniz də maraqlı olar.

-Ermənistan tərəfindən Rusiya Prezidentinin səfəri zamanı səslənən “Rusiya Ermənistanda rədd ol”, “Rusiya düşməndir”, Putin, Lukaşenko, Qasım Comart Tokayevə hətta personanonqrad elan etmək təklifləri də plakatlarda öz əksini tapır. Amma hər bir halda Ermənistan nədənsə üzv olduğu KTMT-dən niyə bu qədər alçaldığını anlamaq  əvəzinə, səbəblərini axtarmaq əvəzinə,  eyni ittifaqda yer aldığı dövlət başçılarına belə deyək, yüklənir, öz üzərinə düşən məsuliyyəti onların çiyninə qoymağa çalışır. Halbuki 30 il ərzində Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi və bu işğalda tutaq ki, Qazaxıstanın və yaxud da Belarusun günahı yox idi.  Rusiya ola bilsin, bəli, Ermənistanı silahlandırırdı. Amma digər dövlətlər silahlandırmırdı və onlar da Ermənistana uzun illər ərzində Azərbaycan ərazilərinin azad olunması barədə mesajını verirdilər. Amma Ermənistan özünün işğal siyasətini üç onillik ərzində davam etdirməklə  tərəfdaşların dediyinə reaksiya vermirdi yaxud tam əks olan bir reaksiya verirdi və haylar yeni ərazilər əldə etmək istəyirdi. Ermənistanın sərhədləri dənizlərə, okeanlara qədər çatdırmaq niyyəti barədə bəyanatlar səsləndirilirdi. Sonunda Ermənistanın başına dəyən Dəmir yumruq, eyni zamanda Ermənistanın müttəfiqlərini də bir qədər sevindirdi deyə bilirik. Çünki  onlar da Ermənistanın başından da böyük qələt elədiyinin fərqindəydilər. Odur ki, bu gün baş verənlərə Ermənistanın öz əli ilə öz başına gətirdiyi fəlakətlərin tərkib hissəsi kimi baxılmalıdır.

Söhbətləşdi: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər