- Artıq bir ildən çoxdur ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibi formalaşdırılıb. Bu müddət ərzində hansı işlər görülüb?
- Düz bir il bundan əvvəl Dövlət Komitəsi yanında İctimai Şuraya növbəti seçkilər keçirilib. Nəticədə, demək olar ki, Şuranın tərkibi 60 faiz yenilənib. Əvvəlki tərkibdə Şuranın fəaliyyətini müsbət hesab edirəm. Ötən bir ildə də səmərəli fəaliyyət göstərməyə çalışmışıq. Əsas məqsədlərimizdən biri Dövlət Komitəsi ilə İctimai Şura arasında işgüzar əlaqənin daha da möhkəmləndirilməsi idi və biz buna nail olduq. Bu gün bizim sıx əməkdaşlığımız var. İctimai Şuranın fəaliyyəti üçün Dövlət Komitəsi tərəfindən lazımı şərait yaradılıb. Düzdür, biz pandemiya dövrü olduğuna görə bu müddət ərzində çoxlu görüşlər təşkil edə bilmədik. Ancaq qaydaların bizə verdiyi imkanlar daxilində məcburi köçkünlərlə görüşlər keçirə və onların problemləri ilə maraqlana bildik. Bundan əlavə, Komitə sədrinin dəstəyi ilə biz sosial şəbəkələrin bizə verdiyi imkandan istifadə edərək ictima şuralar arasında bir ilkə imza atdıq. Dövlət Komitəsinin rəhbər heyətinin və məsul şəxslərinin üzv olduğu qrup yaradıldı. Həmin qrup vasitəsilə bizə daxil olan məlumatlar, təkliflərimiz, iradlarımız Dövlət Komitəsinin rəhbər heyətinin diqqətinə çatdırılır. Onlar da bizim təqdim etdiyimiz məlumatlara çox diqqətlə, operativ şəkildə yanaşırlar. Biz reklam xatirinə işlər görmürük. Əsas məqsədimiz məcburi köçkünlərlə bağlı dövlət siyasətinin həyata keçirilməsinə ictimai dəstəyi təmin etməkdir. Ümumilikdə bir illik fəaliyyətimizi qənaətbəxş hesab edirəm.
- Sizcə, bu gün məcburi köçkünlərin daha çox hansı problemləri var və İctimai Şuraya hansı məsələlərlə bağlı müraciətlər edilir?
- Müraciətlər, əsasən, mənzil-məişət məsələləri, kommunal problemlərlə bağlı olur. Bəzən bizə hər hansı bir bölgədəki qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaş kommunal məsələ ilə bağlı müraciət edir. Araşdırıb görürük ki, həmin problemlə təkcə o deyil, həmin ərazidə yaşayan yerli əhali də rastlaşır. Belə ümumi problemlər də var. Bildiyiniz kimi, torpaqlarımız azad edilənə qədər dövlət tərəfindən məcburi köçkünlər üçün hər cür mühəndis-texniki və sosial infrastrukturu olan müasir tipli binalar, qəsəbələr, yaşayış kompleksləri tikilərək onların istifadəsinə verilib. Ancaq onu da deməliyəm ki, bu gün hələ də yataqxanalarda, bağçalarda, sanatoriyalarda yaşayan məcburi köçkünlərimiz var. Buna görə bizə müraciətlərin əksəriyyəti yaşayış şəraitinin yaxşılaşdırılması, mənzil məsələsi ilə bağlıdır. İşğaldan azad edilmiş ərazilərimizdə bu gün bərpa-quruculuq işləri həyata keçirilir. Mən ona görə də həmin şəxslərin bir qədər də səbrli olmağını tövsiyə edirəm. Çünki indi məcburi köçkünlər üçün yeni yaşayış sahələri, evlər, mənzillər onların ata-baba yurdlarında tikilir. Biz yaxın vaxtlarda onların öz torpaqlarına qayıtmasının şahidi olacağıq. Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icrası davam etdirilir və oraya köşçürülmənin ilkin mərhələsinə hazırlıq görülür. Şuşa, Kəlbəcər və Laçında böyük işlər gedir, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının baş planları təsdiqlənib. Hesab edirəm ki, biz əsas diqqətimizi qayıdışa hazırlıq məsələlərinə yönəltməliyik. Biz bu işdə dövlətimizə dəstək olmalıyıq.
Bizə vahid aylıq müavinətlərlə bağlı da müraciət edənlər var. Bununla bağlı hər bir müraciəti Dövlət Komitəsinə yönləndiririk və komitənin məsul əməkdaşları vətəndaşlara, qanunun tələblərinin yol verdiyi qaydalar çərçivəsində, cavablar verirlər və bizi də operativ qaydada məlumatlandırırlar. İctimai Şura olaraq, vahid aylıq müavinətin Komitə tərəfindən qeyri-qanuni kəsilməsi halına rast gəlməmişik.
Biz məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə görüşlərdə olarkən onların problemlərini dinləməklə yanaşı öz müşahidələrimizi də aparırıq. Çatışmazlıqlar və problemlər müşahidə etdikdə bu barədə komitə səlahiyyətlilərinə məlumat təqdim edirik. Məsələn, biz Müşfiq qəsəbəsində olarkən orada salınmış parkda yaşıllıqların bir qisminin məhv olduğunu müşahidə etmişdik. Bu barədə komitəyə bildirdik. Komitə tərəfindən bununla bağlı dərhal qərar qəbul edildi. Artıq həmin parkda təmir-abadlıq işləri yekunlaşmaqdadır. Digər yaşayış komplekslərində, qəsəbələrdə də mövcud yaşıllıqlarla bağlı bu cür hallara rast gəlinir. Artıq komitə tərəfindən bununla bağlı geniş işlərə start verilib. Düzü, burada tək komitə məsuliyyətli olmalı deyil. Yaxşı olardı, orada yaşayan məcburi köçkünlərimiz də yaşıllıqlara qarşı biganəlik nümayiş etdirməsinlər. Yaşıllıqlar, təmizlik onlara xidmət edir.
- Qeyd etdiniz ki, hazırda yataqxanalarda, uşaq bağçalarında, sanatoriyalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərimiz var. Bu yaxınlarda Dövlət Komitəsinin sədri Rövşən Rzayev mətbuata açıqlamasında bildirdi ki, məcburi köçkün ailələrinin onlara verilmiş mənzillərdən necə istifadə etdiklərini müəyyənləşdirmək üçün monitorinqlər davam etdirilir və kirayə müqaviləsində təsbit olunmuş şərtlərin pozulması ilə bağlı 510 fakt aşkar edilərək, məhkəməyə müraciət olunub. Məhkəmələrdə komitənin müraciətlərinə müsbət cavab veriləcəyi təqdirdə həmin mənzillər hələ də ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinə verilə bilərmi?
- Verilə bilər yox, məqsəd elə odur. Mən dəfələrlə şahidi olmuşam ki, komitənin rəhbərliyi öz evi olan məcburi köçkünlərə müraciət edib ki, dövlətin onlara verdiyi mənzildən könüllü şəkildə imtina etsinlər və həmin mənzilləri hələ də qəzalı binalarda, ağır şəraitdə yaşayan məcburi köçkünlərə verilsin. Düzdür, həmin müraciətlərə müsbət cavab verənlər də oldu. Amma təəssüflər olsun ki, onların da sayı azdır. Onu da qeyd edim ki, dövlətin məcburi köçkünlərə verdiyi mənzillərlə bağlı monitorinqlər daimi xarakter daşıyır. Komitənin dövlət tərəfindən mənzillə təmin olunan, amma qapısını bağlı saxlayıb yaşamayan məcburi köçkünü oradan çıxarmaq səlahiyyəti yoxdur. Belə hallarla bağlı məhkəmə orqanlarına müraciət edilir və həmin məsələ barədə məhkəmə müvafiq qərar verir. Müvafiq qərara da uyğun olaraq Dövlət Komitəsi, ilk növbədə, həmin mənzilləri məcburi köçkün olan şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, daha sonra isə yataqxanalarda, sanatoriyalarda, qəzalı binalarda yaşayan ailələrə verir. Biz bu qərarı alqışlayırıq.
- Azərbaycanda bir sıra dövlət qurumlarının yanında ictimai şuralar fəaliyyət göstərir. Amma reallıq ondan ibarətdir ki, onların fəaliyyəti bir o qədər də qənaətbəxş deyil. Sizcə, ictimai şuralar necə fəaliyyət göstərməlidir?
- İctimai şuraların vəzifəsi yalnız hər hansı bir problemi taparaq onu ictimailəşdirmək olmamalıdır. Əsas vəzifə təmsil olunduğu orqanın qarşısında dövlətin qoyduğu tapşırıqların yerinə yetirilməsinə köməklik göstərmək olmalıdır. Dövlət qurumu ilə onun yanındakı ictimai şura arasında sıx və işgüzar münasibət yoxdursa, buna nail olmaq çətindir. Burada ictimai şuralara seçilən şəxslərin mövqeyi də böyük əhəmiyyət kəsb edir. Bu gün ictimai şuralara seçki məsələlərində problemlər var. Seçki məsələsi, hesab edirəm ki, təkmilləşdirilməlidir. Bəzən hər hansı dövlət qurumunun yanındakı ictimai şuraya onun fəaliyyət istiqamətlərinə aidiyyəti olmayan şəxslər üzv seçilirlər. Düzdür, qanun buna qadağa qoymur. Ancaq həmin sahədən anlayışı olan şəxsin ictimai şurada təmsil olunması daha düzgündür. Sadəcə olaraq, bu gün çoxu ictimai şuralara seçilməyə həvəs göstərir. Burada başqa məsələlər də var. Ancaq ümumilikdə ictimai şuralarda savadlı, bacarıqlı və vicdanlı adamlar fəaliyyət göstərir. Onu da qeyd edim ki, bizim ictimai şurada təmsil olunanların hamısı məcburi köçkünlərdir. Bu, çox yaxşı haldır. Çünki onlar məcburi köçkünlərin hansı problemlərinin olduğunu daha yaxşı bilirlər. Bu da bizim işimizə müsbət təsir göstərir.
- Bayaq belə bir ifadə işlətdiniz ki, çoxlu insan ictimai şuralara seçilməyə həvəs göstərir. Buna səbəb nədir? Bəlkə ictimai şuralarda tanışlıq, maddiyat və ya başqa məsələlərin olduğunu düşünürlər?
- Açığını desəm, mən heç vaxt maddiyyatla bağlı məsələyə rast gəlməmişəm. Nə də biz o düşüncədə deyilik ki, həmin qurumdan hədiyyə, pul umaq. Tam səmimi deyirəm ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şurada belə bir məsələ yoxdur. Bizim məqsədimiz ölkə başçısının ictimai iştirakçılıqla bağlı təşəbbüslərinə dəstək göstərməkdir. Yəni cənab Prezidentin ictimai iştirakçılıqla bağlı çağrışına uyğun olaraq bu prosesdə iştirak etmək bizlər üçün həm fəxrdir və bütün digər maddi qazanclardan üstündür. Ola bilər ki, haradasa siz dediyiniz hallar var. Bunu istisna etmirəm. Hətta bəziləri karyerasını düşünərək də ictimai şuralara üzv olmaq istəyir. Ancaq mən ictimai şuralarda təmsil olunan əksər adamlar tanıyıram ki, onların məsəqdi dövlət qurumu ilə vətəndaşların arasında münasibətlərə xidmət göstərməkdir.
- İctimai şura olaraq Böyük qayıdışla bağlı hansı təklifləriniz var?
- Bizim ilk işimiz qayıdışa hazırlıqla bağlı görüşlərin keçirilməsi olub. Belə ki, ilk olaraq Abşeron rayonunun Masazır qəsəbəsindəki “Zəngilan şəhərciyi”ndə Ağalı kəndinin sakinləri ilə görüş keçirdik. Sevindirici haldır ki, görüşdə gənclər də iştirak edirdilər. Onların bu məsələ ilə bağlı fikirlərini öyrəndik. Doğma kəndinbelə tezliklə bərpa olunması ağalıları çox sevindirir. İlkin mərhələdə köçürüləcək 200 ailənin içərisində olmağı arzulayanlardan xeyili müraciət aldıq. Bizə gənclərin fikirləri çox maraqlı idi. Çünki onların əksəriyyəti Bakıda böyüyüb. Biz maraqlı olmalıyıq ki, gənclərimiz birinci növbədə qayıtsınlar. Azad edilmiş torpaqların gələcək inkişafı onlardan aslıdır. Əsasən, onları da iş məsələləri maraqlandırır. Qayıdışla bağlı bizim təkliflərimiz də var. Belə ki, biz təklif edirik ki, gənc məcburi köçkünlərə stimul olaraq güzəştlər tətbiq edilməlidir. Vahid aylıq müavinətlər köçürülmədən sonra bir müddət də verilməlidir. Xüsusən də, gənclərin müavinətləri saxlanılmalıdır. Həmçinin dövlət tərəfindən bir sıra güzəştlər tətbiq edilməlidir. Orada böyüyən insanlarımız onsuz da ora qayıdacaqlar. Çünki həmin şəxslər uzun illər idi ki, bu həsrətlə yaşayırdılar. Ancaq gənclərimizin həmin yerlərə qayıtması üçün güzəştlər tətbiq etməliyik. Hesab edirəm ki, dövlət də bu istiqamətdə tədbirlər görəcək.