- Flora xanım, Ağdamın işğalından sonra harada məskunlaşdınız və iş fəaliyyətiniz necə davam etdi?
- Ağdam işğal olunandan sonra biz Mingəçevirə gəldik və burada müvəqqəti məskunlaşdıq. 1995-2001-ci ilə kimi N.Tusi adına ADPU-nun Ağcabədi filialının pedaqoji fakültəsində pedaqoq kimi, 2001-ci ildən AMİ-nin Mingəçevir filialında baş müəllim, 2006-cı ildən isə “İbtidai təhsilin pedaqogika və metodikası” fakültəsində dekan vəzifələrində çalışmışam. 2004-cü il aprelin 24-də Naxçıvan Dövlət Universitetində “İsmayıl Şıxlının romanlarında xarakter problemi” mövzusunda dissertasiya işimi müdafiə etdim. 2007-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstutunda “İlyas Əfəndiyevin dramaturgiya dili “mövzusunda doktorluq işim təsdiq olundu. 2021-ci ilin may ayının 27-də doktorluq işimi müdafiə etdim. 2022-ci ilin fevralın 3-də elmlər doktoru diplomunu almışam.
- Ağdamsız keçən illər həyatınızda hansı izlər buraxdı?
- Tanrı heç kimə yurd, el-oba acısı yaşatmasın. Ağdamsız keçən illər həyatımın ən ağır illəridir. 30 yaşımda Ağdamdan köçkün düşdüm, 58 yaşımda elim, obam düşmən təcavüzündən xilas oldu. Birinci Qarabağ müharibəsində əzizlərimi - atamı, qardaşımı, əmim oğlunu, mamam oğlunu itirdim. Artıq köçkün deyiləm, çox şükür, buna görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı ordumuza, şəhidlərimizə, qazilərimizə borcluyuq. Əbədiyyətdə var olan şəhidlərimiz qəlbimizdə daim yaşayacaq. Mənim ana nənəmin atasını ermənilər 1918 ci ildə öldürüblər. 1992-ci il iyun ayında həyat yoldaşım Məhərrəmov Rəmiyəddin Oruc oğlu Ağdərə rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Deməli, tarix təkrarlanır. Biz və gələcək nəsil bu müharibəni unutmamalıyıq. Hər şeydən pay vermək olar, amma Vətəndən və torpaqdan pay olmaz.
- Flora xanım, bu günlərdə “youtube” kanalında Sizin haqqınızda çəkilmiş “Biz qayıdırıq” videosüjetə baxdıq. Çox maraqlı idi. Səmimiyyət dolu ürək sözlərinizi dinlədik...
- Bu videosüjet “Mingəçevir Valideynlər Assosiasiyası” ictimai birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi” layihəsi çərçivəsində çəkilib. Videosüjetdə tələbəlik illəri haqqında xatirələrimi bölüşmüşəm, köçkünlük və iş həyatımdan danışmışam.
- Hansı universitetdə çalışmısınızsa, orada həm pedaqoji kollektiv arasında böyük hörmət qazanmısınız, həm də tələbələr tərəfindən çox sevilirsiniz. Bunun sirri nədədir, yəni bu sevgiyə necə nail olmusunuz?
-Sadəcə, hər bir kəsə qarşı səmimi olmuşam. Mən ümumiyyətlə, insanları, tələbələrimi öz övladım kimi sevmişəm. Gənclər bizim gələcəyimizdir. Onları qorumaq bizim borcumuzdur. Mən istedadlı tələbələrimlə fəxr edirəm.
- Filologiya elmləri doktoru, mühüm vəzifələrdə çalışan ziyalı xanımsınız. Bəs necə oldu ki, eyni zamanda təsərrüfat sahəsində də çalışmağa qərar verdiniz, Axı, bu, çox məsuliyyət tələb edən işdir. Bu işlərin öhdəsindən necə gəlirsiniz?
- Hazırda Mingəçevir Dövlət Universitetində çalışmaqla yanaşı, kirayədə yaşadığım evin həyətyanı sahəsində təsərrüfatla məşğulam. 30 xarici keçi və iri buynuzlu heyvana baxıram. 150 toyuq-cücəmiz var. Düzdür, zəhmət tələb edən işdir. Bunun üçün insan zəhmətkeş olmalıdır. Biz elə uşaq vaxtlarımızdan - Ağdamda yaşadığımız illərdə halal zəhmətlə məşğul olmuşuq. İnanıram ki, Ağdama qayıdanda dövlət mənə pay torpağı verəcək, mən Ağdamımda da, inşallah, təsərrüfatımı genişləndirəcəyəm.
- Ailənizlə bağlı nə deyərdiniz?
-1988-ci ildə ailə həyatı qurmuşam. Həyat yoldaşım birinci Qarabağ müharibəsində Sırxavənd uğrunda döyüşdə şəhid olub. İki övladım var. Oğlum Məhərrəmov Pərviz Rəmiyəddin oğlu Polis Akademiyasını bitirib. Gəncə şəhərində baş əməliyyatçı vəzifəsində isləyir. Ailəlidir, üç qiz övladı var. Həyat yoldaşı GDU-nin maliyyə ixtisasının əyani şöbəsində təhsil alır. O, da şəhid qızıdır. Kirayədə yaşayırlar. Qızım Abdullayeva Xəyalə Rəmiyəddin qızı MDU-nun Xarici dillər kafedrasında ingilis dili müəlliməsi işləyir. Ailəlidir, 3 övladı var.
Söhbətləşdi: Tahirə AĞAMİRZƏ