Söhbət, çoxlarımızın həyatda, çoxlarımızın sosial şəbəkə vasitəsilə tanıdığımız sevimlimiz Nata Uğurludan gedir. Özü balaca, ürəyi, arzuları, təbiətə, insanlara sevgisi dünyaya sığmayan qızı çoxdan tanıyıram. Məcburi köçkünlüyün ilk illəri idi. Feyzbukda dost olduğumuz bir neçə gənc şair dostlarımızla söhbətləşib görüşdük. O vaxt Nata Uğurlu mənə çox doğma gəldi, onu çox sevdim amma Vətəndən didərgin düşdüyünü, məcburi köçkün həyatı yaşadığını sonra öyrəndim. Nata Uğurlu ailəsi ilə bərabər Laçın şəhərində, əvvəllər Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyevin adını daşıyan, indi isə “Zəfər” adı verilən küçədə yaşayıblar və məlum hadisədən sonra Nata xanım çox əziyyətlər çəkib... Hal-hazırda isə o, öz evlərində yaşayır. O evdə ki, Natanın uşaqlığının ən gözəl anları orda keçmişdi. Torpaqlarımız işğaldan azad olunana qədər Laçında yaşadığı anları, ən kiçik xatirəni belə unutmayıb müsahibim.
Onunla söhbətimiz də Laçında pərvazlanıb boy verən güllərin, çiçəklərin insan ruhunu oxşadığı, əzəmətli dağların şuxluğunun özünə qayıtdığı bir günə təsadüf edirdi.
-Nata xanım, şükürlər olsun, indi doğma ata ocağının çırağını yandırırsan, Böyük xoşbəxtlikdir.
-Bəli böyük xoşbəxtlikdir. Həmişə bu aylarda deyirdim ki, kaş düşmən yox, biz görərdik bu çiçəklərin açılmasını. 32 ildən sonra nəhayət, stolumuzun üstündə oldu bu Laçın ətirli çiçəklər.
Hiss edirəm ki, qəlbi sevinc, kədər qarışıq hisslərlə dolub daşır və o, söhbətini belə davam edir:
-Gəlin elə yüzlərlə insanın yaşadığı o ağrılı, acılı məcburi köçkünlük həyatına keçiddən başlayaq.
May ayı idi. Hamı kimi Laçın sakinləri gələcəklə bağlı planlar, xəyallar qururdu. Biz uşaqların da özünə görə arzularımız vardı. Amma deyir, sən saydığını say, gör fələk nə sayır. Mayın 8-i gecə hər şeydən xəbərsiz evimizdə oturmuşduq. Ani olaraq həyətə çıxdım və o an qarşımdan alazan raketi keçib o tayda qonşunun evinə düşdü. O ana qədər inanmırdıq. Sonradan biləckdik ki, qrand mərmiləri mətbəximizə və artıq nişanəsi belə qalmayan tut ağacından asılan yellənəcəyimizin üstünə düşüb...
Beləcə doğma Laçınımızdan məcburən didərgin düşdük. Hərə bir yerə üz tutsa da, biz Sumqayıta gəldik. Dəcəl, ərköyük bir qız, bambaşqa bir mühit. Çox acılar yaşadım. Universitetə sənəd verməli idim bir neçə ay sonra. İki il qəbul ola bilmədim. Əlbəttə ki, keçirdiyim sarsıntılar imtahanda öz işini gördü...
Yenidən ötən illərə qayıdır
-Xəbərləri izləyirdik. Birdən eşitdiyimiz xəbər xalamı və məni şok etdi, duyduq ki, Laçın yolu bağlanıb. Atamın, dayımın və başqa qohumlarımızın əsir düşəcəyi qorxusu qəlbimizi bürüdü. Bir neçə saniyə sonra xəbərlərin canlı buraxılışı efirə çıxdı və diktor: “Sizə xoş xəbərimiz var, yollar açıldı”,- dedi.
İndi təsəvvür edin. Laçının işğal olunma xəbərindən 3 gün keçib atamdan xəbər yoxdu. Bilirsiniz ki, o vaxt da mobil telefon yox idi. 3 gün sonra xalamgilin qapısının zəngi çalındı. Qapını açıb atamı görəndə beşimiz də qaçıb atama sarıldıq, əl-ayağını qucaqladıq. Sonra atam dedi ki, əsir düşəcəkdim, 10 dəqiqədən sonra yollar açıldı, çıxdım. Bu sarsıntı ilə cəmi bir il yaşadı atam. Ölümündən əvvəl danışırdı ki, sığınacaqdan evə gəldim gördüm ki, qrand düşüb mətbəxə, yerlə bir edib hər şeyi. İkinci dəfə yelləncəyin üstünə düşüb. Deyirdi ki, həmin anda düşündüm ki, uşaqlar yelləncəkdə olsalar nə olardı?!
-Təhsilini necə davam etdirdin?
-İllərlə ali məktəbə qəbul ola bilmədim. Məcburi köçkünlük həyatı, atamın gözümün önündə şam kimi əriməsi, dünyasını dəyişməsi və bir sözlə, danışa bilmədiyim hər şey. Bir neçə il sonra indiki Kooperasiya kollecinə qəbul oldum. İmtahana getdiyim gün güclü yağış yağırdı. Ayaqqabım cırılmışdı. Yaxınlıqda ayaqqabı təmir ediləcək yer yox idi. Yaxşı xatırlamıram, kiminsə ayağıma böyük olan ayaqqabısını geyinib gedib imtahan verdim və qəbul oldum.
Vətən həsrətilə tam 31 il yaşadım. Əgər yaşamaq demək olarsa. Çünki uşaqlığımı, sevincimi, dəcəlliyimi, ən əsası isə xatirələrimi orda qoyub gəlmişdim.
-Bəs iş həyatına necə başladın?
-Kitabxanaya işə düzəldim, dostlar qazandım. Amma ürəyim, ağlım Laçında idi. Hər bahar gələndə “bu ayda həyətimizdə nərgiz bənövşə, açırdı”, deyə həsrət çəkirdim...
Sonra Allah bizə gözlədiyimiz sevinci yaşatdı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qəhrəman oğullarının - şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına Torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu və günlərin bir günü Laçına ilk gedənlərdən biri bizə doğma olan, qardaşımız sayılan laçınlımız evimizin, həyətimizin videosunu çəkib mənə göndərdi. O, nə hisslər idi, İlahi!! Gecə saat 3-ə qədər dəfələrlə izlədim o kadrları. Atamın nişanəsi olan, o, sakinlərinin həsrətini çəkən evə baxmaqdan doymurdum... Nəhayət, iki il sonra Qayıdış Proqramı ilə qayıtmaq bizim ailəmizə də qismət oldu. İllərlə həsrətini çəkdiyim Laçına gəldim. Ağlımda xatirələr, ürəyimdə sevinc, kədər hissi bir-birinə qarışmışdı. Vətənə döndüyüm üçün çox sevinirəm, dostlarımdan ayrıldım deyə üzgünəm.
1992-ci ildə Laçın işğal olunanda dayımgildən çıxdıq Laçından. 2023-cü ildə də ilk dəfə dayımgilə qayıtdıq Laçına. Bu təsadüfmü idi, yoxsa, Allahın yazısımı...
Ordan çıxıb öz evimizə doğru gəlirdik. İllər, insanlar kimi yollar da dəyişib. Tanıdığım yerləri gördükcə həyacandan ürəyim yerindən çıxacaqdı sanki. Öz həyətimizə çatdıq. 2 alma, 7 tut, 2 ceviz ağacından bir nişanə belə olsun qalmamışdı. Həyəti gəzirik. Bacım qızına göstərib danışıram ki, uşaq vaxtı burda ölü quşu bastırıb ağlamaq üçün əlimizi ağzımıza salmışdıq. Bax, burda, üzümü tur ağacının qırılan budağı cızmışdı. Bu gün də o xatirələr məni buraxmır.
-Uşaq vaxtı təhsil aldığın məktəbi necə xatırlayırsan?
-Bir neçə gün sonra təhsil aldığım məktəbə getdim. Hər otağında bir xatirəm var, gəzdikcə düşür yadıma. İdman zalında keçirilən şənliklər, akt zalında keçirilən tədbirlər. Ümumiyyətlə, tədbirlərdə fəal iştirak edirdim...
-Nata xanım, 1992-ci il mayın 25-də Laçında keçiriləcək “Son zəng”ə hazırlaşan məzunların arzuları mayın 18-də Laçının işğalı ilə yarımçıq qalmışdı. Bu barədə nə deyərdin?
- Mayın 25-də Laçında keçirilən “Çalınmayan son zəng” adlı tədbirdə oldum. İllərdir axtardığım xarici dil və sözlərini həmişə işlətdiyim biologiya müəllimələrimi gördüm. Xəyal məni uşaqlıq illərimə apardı. Artıq göz yaşlarımız dayanmırdı. Bu an müəlliməmin çıxışında adımı çəkməsi məni daha çox ağlatdı. Amma o gün hamımızın gözündən sevinc, qürur göz yaşları axırdı. O gün 1992-ci ildə mayın 25-də keçirilən “Son zəng”ə hazırlaşan məzunların arzuları mayın 18-də Laçının işğalı ilə yarımçıq qalmışdı. Həmin məzunlar gecikən “Son zəng”lərini məzunu olduqları Laşın şəhər 2 saylı tam orta məktəbdə 32 ildən sonra vurdular. Bu, Laçın azadlığa qovuşandan sonra çalınan ilk “Son zəng” oldu.
Laçında yaşamağın qüruru bir başqa olurmuş, bəlkə də uşaq olanda biz bunu o qədər də dərk etmirmişik.
Son olaraq sizə bu şəkli göndərirəm. İstəsəniz, verərsiniz. Bu, sadəcə bir günün, bir anın mənzərəsidir.
Rəhbərliyinizə, Baş redaktor Elşən Əliyevə və kollektivinizə Laçından salamlar göndərir, təşəkkür edirəm.
-Söhbətə görə çox sağ ol Nata!
-Siz də sağ olun! Sizi Laçında gözləyəcəm...
Söhbətləşdi: Tahirə AĞAMİRZƏ