Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin işğaldan azad edilməsi hər kəsdə böyük sevinc və qürur hissi yaradıb. Məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına imkan yaranıb. Müsahibimiz məcburi köçkün, yazıçı-jurnalist İlqar Rəsuldur. O, 1966-cı ildə Ağdamda anadan olub. Şəhərin Muradbəyli adlanan hissəsində yaşayıb. Şəhər 3 nömrəli orta məktəbi, Ağdamda Kənd Təsərrüfatı Texnikumunu bitirib. Ağdam işğal olunduqdan sonra məcburi köçkün kimi Bakıda müvəqqəti məskunlaşıb. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil alıb. Ölkənin tanınmış mətbuat orqanlarında müxtəlif vəzifələrdə işləyib.
- Məcburi köçkünlüyün həyatınıza hansı təsirləri olub?
- Müharibənin, məcburi köçkünlüyün həyatımıza çox pis təsiri olub. Yaşayış səviyyəsinə, ümumiyyətlə, mənəvi-psixoloji duruma mənfi təsir göstərib. Yaxınlarımızı itirmişik, onları Bakıda dəfn etməli olmuşuq. Qohum-əqrəbanın xeyrindən-şərindən xəbərimiz olmayıb. Bütün bunlar mənəvi basqı, əziyyət idi. İlk vaxtlarda bunu hiss etməyənlər, sonra mütləq təsirini görüblər. Artıq torpaqlarımız işğaldan azad olunub. Məcburi köçkünlüyümüz başa çatır. Ağdama qayıtdıqdan sonra isə artıq məcburi köçkün yox, oranın yerli sakini olacağıq.
- Ağdam rayonuna ötən il iki dəfə səfər etmisiniz? Yenidən o yerlərə ayaq basdıqda hansı hissləri keçirdiniz? Haraları ziyarət etdiniz?
- Əlbəttə ki, Ağdama ilk dəfə ayaq basanda çox pis oldum. Şəhərin vəziyyətini videolarda gördüyüm üçün əvvəlcədən buna hazır idim. Şəhərin icazə verilən yerlərini ziyarət etdik. İmarəti, Şahbulaq qalasını, Şəhidlər Xiyabanını, Cümə məscidini, digər yerləri gördük. Amma bir haşiyə çıxım, mən həyətimizi, yaşadığımız yeri də ziyarət etdim. Ora şəhərin köhnə hissəsidir, köhnə mülkləri yerləşir. Evin divarları yerində idi. Görünür, daşı təzə olmadığı üçün söküb aparmayıblar. Amma, təbii ki, evlər hamısı məhv edilib. Hər halda məhəlləmizi görmək o boyda xarabalığın içində xoş bir hiss yaratdı. Həm də o hissi yaratdı ki, ermənini bağışlamaq olmaz. Onlara güzəşt olmamalıdır, sözsüz ki, olmayacaq da…
- Sizcə, qayıdış prosesində hansı məsələlər nəzərə alınmalıdır?
- Qayıdış prosesində ilkin olaraq yaşayış və iş yerləri yaradılmalıdır. Biri olmasa, digəri də alınmır. Hər ikisi təmin olunmalıdır. Bu məsələ həllini tapmalıdır. Əlbəttə, istərdim ki, Ağdamın köhnə hissəsi əvvəlki kimi bərpa olunsun. Həmin hissədə eyvanlı, tağlı-darvazalı evlər, binalar, qədim küçələr, kəhrizlər bərpa olunsun. Amma bu mənim istəyindən də asılı deyil, yuxarı səviyyədə qərar verilməlidir. O da anlaşılandır ki, sakinlərin bir hissəsinin istəyini yerinə yetirəndə, digərləri də deyəcək ki, o zaman bizim də öz yerimizi verin. Bu da, problemdir. Amma Ağdamın atributu var – Qarabağ atları. Bu atributun şəhərin giriş qapısında, yaxud mərkəzində yerləşdirilməsi üçün işlər görülməlidir. Abidə qoyulmalı, ya-xud başqa hər hansı tədbir görülməlidir ki, bu şəhər öz atributu ilə yaşasın. Onun atributuna fiziki olaraq toxunmaq olsun.
- Ağdamın Baş planı haqqında rəyiniz necədir?
- Ağdamın Baş planı haqqında rəyim yaxşıdır. Müasir tipli böyük bir şəhər salınır. Təkcə Azərbaycanın yox, dünyanın bir çox şəhərlərində qüsur sayıla biləcək çatışmazlıqlar var. Amma bizim yeni şəhərdə həmin məsələlər də həllini tapır. Bu baxımdan düşünmürəm ki, şəhərin Baş planından narazılıq ola bilər. Baş plan, dediyim kimi, atributları da əks etdirərsə, daha yaxşı olar. Yəqin ki, nəzərə alınar. Hər halda sorğular aparılır, bu məsələlərlə bağlı əhalinin fikri öyrənilir. Ona görə düşünürəm ki, yerli sakinlərin istəkləri də nəzərə alınır, şəhər salındıqca da Baş planda əksini tapacaq. Buna görə də narazılığım yoxdur. İstərdim ki, şəhər, sadəcə, Baş planda yaxşı olmasın, həm də onun gerçəkləşdirilməsi yüksək səviyyədə olsun. Tikinti, inşaat işləri yüksək səviyyədə həyata keçirilsin.
- Ötən il bir neçə kitabınız çap olunub. Hətta “Sara” romanınızın təqdimatını Ağdamda keçirmisiniz…
- Yaradıcılıq baxımından 2021-ci il daha uğurlu oldu. Çünki həmin il mənim biri roman, biri hekayələr olmaqla, iki kitabım çapdan çıxdı. Kifayət qədər həcmli kitablardır. “Sara" romanının təqdimatının işğaldan azad olunmuş ərazidə, xüsusən də, müəllifin öz yurdunda, şəhərində keçirilməsi çox əlamətdar hadisə idi. Bunun 2021-ci il üçün yox, ümumiyyətlə, öz həyatımın əsas yaddaqalan hadisələrindən biri hesab edirəm. Şahbulaq qalasının yanında təqdimat məraimi keçirildi. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Yazıçılar Birliyi dəstək verdi. Xüsusi ilə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çox böyük dəstək oldu. Tədbirə diqqət etməsi, orda iştirak və çıxış etməsi çox təqdirəlayiq haldır. Qısa müddətdə təyin olunmasına baxmayaraq, Emin Hüseynov hər kəsin rəğbətini qazanıb, hər kəsin güvəndiyi şəxsə çevrilib. Dəstək olan hər kəsə təşəkkür edirəm. 2021-ci ildə üçüncü kitabı da çap etdirə bilərdim, amma onu növbəti ilə saxladım. Bu baxımdan 2021-ci il mənim üçün məhsuldar il oldu, o cür də yadımda qalacaq.
- Əsərlərinizdə Ağdam, məcburi köçkünlük həyatınız haqqında yazmısınız?
- Bütün romanlarım, əsasən də, “Sara" romanı Qarabağa, Ağdamın özünə, şəhidlərə, əsirliyə və məcburi köçkünlüyə aiddir. Qarabağ, eyni zamanda, onun ayrı-ayrı hissələri, məcburi köçkünlük, müharibə barədə hekayələrim var. Ona görə hesab edirəm ki, indiyə qədər nəşr olunmuş kitablarımda bu mövzu kifayət qədər geniş yer tutub. Yəni, bu baxımdan əskiklik yoxdur. Heç şübhəsiz ki, 30 ilə yaxın müddətdə məcburi köçkün kimi yaşamaq, müharibənin əziyyətini çəkmək yaradıcı insanın əsərlərində istər-istəməz əksini tapmalı idi. Mənim əsərlərimdə də bu mövzu kifayət qədər yer alıb.
- Ağdama qayıdacaqsınızmı? Orada hansı fəaliyyətlə məşğul olacaqsınız?
- Əlbəttə ki, Ağdama qayıdacam və orada yaşayacam. Çox istərdim ki, nəhayət, o imkan yaransın. Açığı, hansı işlərlə məşğul olacağımı bilmirəm. Bəzi planlarım var. Amma onları nə dərəcədə yerinə yetirə biləcəm, məndən asılı məsələ deyil. Şərait yaradılarsa, başqa işlər təklif olunarsa, bir sıra işlər var ki, icra edə bilərəm. Mən mətbuat, jurnalistika, ədəbiyyat sahəsində müxbirlikdən tutmuş yüksək vəzifəyə qədər müxtəlif işlərdə çalışmışam. O baxımdan, hər hansı bir iş olarsa, yerinə yetirəcəyimə əminəm. Amma təklif də olmalıdır. Biz bilmirik orada istər dövlət, istər şirkətlər tərəfindən hansı təkliflər ola bilər. İstərdim ki, bizim kimi yaradıcı adamlara şərait yaradılsın, öz işini, biznesini qursun. Həmin işin hesabına həm ailələrini saxlasınlar, həm də yaradıcılıqlarını davam etdirsinlər. Bununla bağlı özümün ayrıca layihəm də var. Nə etmək olar ki, şəhərə xeyir vermək mümkün olsun? İstər şəhərin öz səviyyəsində, istər də ölkə səviyyəsində. Cəlbedici işlər, planlar var. Qeyd etdiyim kimi, bilmirəm oradakı münasibətlər neçə formalaşacaq, şərait hansı imkanları ortaya qoyacaq. Hər halda dövlətimizdən, onu idarə edənlərdən asılıdır. Bu adı bir jurnalist, yazıçı işi deyil. Hər halda gözləyək. Ümid edirəm ki, belə təkliflər də olacaq. Belə şərait yaradılar, hansı işləri görməyimizlə bağlı bizim də rəyimiz öyrənilər. Onda mən öz təkliflərimi verərəm. Məni cəlb edən odur ki, orada evimiz olsun, mən orada oturub yaradıcılığımla məşğul ola bilim. Sözsüz ki, iş də olmalıdır ki, dolana bilək, maddi çətinliklər yaradıcılığımıza mane olmasın.
Müsahibəni yazdı:
Nazilə XAQANİ