-Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən Laçında doğulub, doğma ocağından didərgin düşən söz, qələm adamı Arif Məmmədli Laçınsız necə yaşadı?
-Doğulmaq və yaşamaq insanın öz iradəsindən asılı deyil. Yəni, hər kəs Allahın verdiyi ömrü yaşayır. Amma bu ömrü necə yaşamaq, hansı duyğularla yaşamaq həm də bir taledir. Mənim və taleyinə qaçqınlıq, məcburi köçkünlük yazılan insanların yaşantıları isə gözlənilməz, eyni zamanda çox fərqli oldu. Ayrı-ayrılıqda hərə bir tale yaşasa da, təsəlli səbəbimiz eyni idi: “Elnən gələn qara gün toy-bayramdır”. Təbii ki, özümüzü ovutmaq üçün tapındığımız bu təsəlli ilə ömrü boyu barışmadıq. Nəinki o qara günü heç vaxt toy-bayram hesab etmədik, hətta toy-bayramlarda da həmin günün ağırlığı altında əzildik. Bütün bunlara baxmayaraq, ümidimizi həmişə diri saxladıq. Hər il Laçına qayıdacağımıza inandıq. Arzumuz, ümidimiz 27 il gerçəkləşməsə də, ruhdan düşmədik. Bizi, bəlkə də, bu inam yaşatdı. Laçından didərgin düşəndə 33 yaşım vardı. Artıq övladlarımın yaşı 30-u keçib. Aradan uzun illər ötsə də, nədənsə Laçın yaddaşımda düz 30 il əvvəlki kimi qalıb. Laçın deyəndə mən təkcə onun gözəl təbiətini, əzəmətli dağlarını, sərt qışını, çal-çağırlı mülayim yazını, sərin yayını, yağışlı-çiskinli qəmgin payızını xatırlamıram. İlk növbədə Laçının təbiətinə oxşayan dağ vüqarlı insanlar canlanır gözlərim önündə. Qaya kimi sərt kişilərin bəzən bulud kimi necə dolduqları, kövrəldikləri düşür yadıma. Təəssüflənirəm ki, Laçını göz yaddaşında qoruyan insanların sırası xeyli seyrəlib. Laçının işğaldan azad edilməsi xəbərini eşitməyib dünyadan köçən, ya da qələbə xəbərinin sevincini yaşasa da, Laçına qovuşa bilməyən insanlar haqqında düşünəndə çox sarsılıram. Amma əminəm ki, bu gün onların da ruhu şaddır. Məcburi köçkünlüyün mərhumiyyətlərinə dayanma gücünü doğma dədə-baba torpaqlarına bağlılığımızdan, soyumuza-kökümüzə sadiqliyimizdən və ən vacibi heç vaxt sarsılmayan inamımızdan aldıq.
-Şərqi Zəngəzurun göz-bəbəyi "Laçın işğaldan azad edildi"- deyildiyində hansı hisslər keçirdiniz?
- O hissi sözlə ifadə etmək mümkün deyil. Amma Şuşanın işğaldan azad edilməsi bizi sanki bu xəbəri eşitməyə hazırlamışdı. Ona görə də bir az sakit qarşıladıq. Dekabrın 1-də illərlə gözlədiyimiz Qələbəni böyük coşqu ilə qeyd etdik.Nə qədər acı olsa da, bir həqiqətdir ki, insan bəzən əlində olanın qədrini bilmir. Onun qiymətini itirəndən sonra anlayır. Etiraf edim ki, vaxtında biz də Laçının dəyərini yetərincə dəyərləndirə bilməmişik. İnanıram ki, zəngin təbii sərvətlərə malik bu füsunkar yerlər qurucu insanların əli ilə daha da gözəlləşdiriləcək, Laçın dünyanın ən möhtəşəm turizm mərkəzlərindən birinə çevriləcəkdir.
-Qəhrəmanlarımızın-Şəhidlərimizin qanı-canı bahasına işğaldan azad olunan yurdlarımızda bu gün yeni yollar salınır, müasir evlər tikilir... Bu barədə fikiriniz?
-Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və nəzarəti ilə bu layihələr planlı şəkildə, yerli relyefə uyğun olaraq həyata keçirilir və tədqirə layiqdir. Bütün bunları alqışlayıram. Düşünürəm ki, müasirliklə köhnəliyin vəhdəti mütləq nəzərə alınmalıdır. Yəni Laçın kəndlərinin özəlliyi, dədə-baba memarlığının vacib elementləri qorunub saxlanılmalıdır.
-"Laçın yurdu" jurnalının təsisçisi və baş redaktoru kimi Laçınla bağlı hansı işləri işıqlandırırsınız? Birinci və İkinci Qarabağ müharibəsində Laçın xeyli sayda şəhid verdi. Şəhid ailələrinə baş çəkirsinizmi?
-"Laçın yurdu" jurnalını 2010-cu ildə təsis etdik və 2011-ci ildə ilk sayı işıq üzü gördü. Əsas məqsədimiz fiziki olaraq işğal edilən Laçının mənəvi coğrafiyasını qorumaq idi. “O kənd bizim kəndimizdir”, “Kimlər keçdi bu dünyadan”, “Axtar babaları”, “Şəhidlərimiz”, “Qarabağ qaziləri” və s. rublikalar altında müxtəlif yazılar çap etməklə yaddaşımızı təzələməyə çalışdıq. Xüsusilə Laçında doğulmayan gənclərimizə Laçının tarixi şəxsiyyətləri, ziyalıları, qəhrəmanları, təbiəti haqqında bilgilər verməklə onlarda güclü vətənpərvərlik hissləri aşılaya bildik.
Bəli, Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Laçınlılar çox oldu. Hər iki müharibədə şəhid olan Laçınlılar haqqında “Laçin yurdu”nun xüsusi buraxılışlarını hazırlamışıq. Həmin buraxılışlarda şəhidlərimizin qısa, lakin şərəfli ömür yolu öz əksini tapıb. Laçın qeydiyyatında olmayan Laçınlı şəhidlər də çoxdur. Araşdırmalar apardıqca yeni adlar üzə çıxır və say dəyişir.
Şəhid ailələri ilə daha çox şəhidlərimizin anım tədbirlərində görüşürük. Onların maddi dəstəkdən daha çox mənəvi dəstəyə ehtiyacları olur.
Şəhid Şahgündüz Cabbarovun atası, şair Kamil Vəfadar bir dəfə yazmışdı ki: “Harada Laçın adı varsa, ürəyi ora dartır Gündüzü. “Laçın yurdu” jurnalı Gündüzün arzularından biridir. “Biriydi” yazmıram, keçmiş zamana aid etmirəm şəhidlərimizi, onlar bütün zamanların yaşayan sakinləridir”.
Bu fikirləri mən də bölüşərək, qanları bahasına işğal tarixlərini Qələbə gününə çevirən şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm.
Söhbətləşdi: Tahirə AĞAMİRZƏ