-Vaqif bəy, Cəbrayıldan ayrı düşdüyünüz illəri unuda bilərsinizmi?
- Heç vaxt, xain qonşularımızın növbəti xəyanəti nəticəsində düz iyirmi yeddi il Vətən həsrəti ilə yaşadıq. Bu illər ərzində Cəbrayılsız çox çətin oldu, çox. Çox ağrıdıq, çox sızladıq, çox üzüldük. Hətta xəlvətə düşəndə ürəyimiz partlamasın deyə ağladıq da. Ancaq bu da bir çox ürəklərin həsrətə dözməyərək dayanmasına mane ola bilmədi. Bəli, dayandı ürəklər, əbədi olaraq dayandı. Sağ qalanlar isə öz həyatlarını mənəvi-psixoloji sarsıntıların burulğanlarında davam etdirməyə məhkum oldular. Övladlarından onu düz 27 il hər gecə yuxusunda görənlər də oldu, onu bircə dəfə də olsun yuxuda görmək üçün hər şeyindən, bütün varidatından keçməyə hazır olanlar da, hər gün göz yaşı töküb ağlayanlar da. Bunlar sadəcə sözlər deyil, reallıqlardır, həqiqətlərdir. Ətrafımızdadır bu insanlar, şəxsən tanıyırıq onları. Dünyasını dəyişəni də var, yaşayanı da. Təbii ki, bu hissləri yaşayanlar bizi daha yaxşı anlayar...
- Deməli, harada olmağınızdan asılı olmayaraq ürəyinizdə bir Vətən gəzdirmisiniz həmişə…
- Bir yazı da, yazmışam. Yazmışam ki, doğma yurdum, bir şeydən rahat ol ki, sənsiz keçən otuz ilə yaxın bu müddət ərzində övladların sənin müqəddəs adını qorumağa çalışdılar və əksər hallarda buna nail oldular. Sənin bir ana kimi verdiyin gözəl tərbiyə hər zaman, hər yerdə özün doğrultdu. Didərgin düşmüş övladların öz tərbiyəsi, sadəliyi, qüruru, mənəvi təmizliyi və sədaqəti ilə daim seçildilər. Dostluqda, qonşuluqda, yoldaşlıqda, kollektivdə - yaşadıqları və işlədikləri hər yerdə. Sevimli Cəbrayılım, sanki müqəddəs adın daim mələklər kimi çiyinlərimizdə oturaraq düzümüzün və səhvimizin monitorinqini apardı, bizi nəzarətdə saxladı, üzərimizdə böyük bir məsuliyyət hissi yaratdı.“Mən bunu edə bilmərəm”, “Bu mənə yaraşmaz” tipli ifadələr övladlarının beyninə, yaddaşına hopdu, elə bil onları hər bir şeyə ehtiyatlı yanaşmağa vadar etdi və qoruyucu bir mələk kimi hər cür pisliklərdən qorudu. Müqəddəs torpağım, dünyanın dörd bir tərəfinə səpələnmiş sakinlərin harada yaşamalarından asılı olmayaraq, olduqları hər yerdə Vətəni öz namusları bildilər, onun adının üstündə yarpaq kimi əsdilər, yolunda canlarını fəda etdilər. Qəhrəman zabitin Ramil Səfərov kimi. Qeyrətli oğlun Ramil Səfərov canını sıxıb özünə qarşı edilən həqarətlərə dözməyə çalışsa da, Azərbaycana, onun bayrağına dil uzadanda, onu təhqir etməyə qalxanda erməni zabiti Qurqen Markaryanı gözünü qırpmadan Avropanın göbəyindəcə baltalayaraq cəhənnəmə vasil etdi. Özünü, ailəsini, karyerasını, gələcək perspektivini, heç bir şeyi düşünmədən, nəzərə almadan. Çünki Vətənini, bayrağını hər şeydən üstün tutdu.
- Bu Zəfər gününə inanırdınızmı?
- Bu inam olmasaydı, yaşamaq çox çətin olardı. Son vaxtlar insanlarımız ən çox ondan narahatçılıq keçirirdilər ki, zaman keçdikcə doğma Cəbrayıldan ruhən uzaqlaşarlar. Yeni doğulan uşaqların onun torpağından, suyundan və tərbiyəsindən uzaq düşəcəklərindən qorxurdular. Axı şəxsiyyətin formalaşmasında dağ havasının da, bulaq suyunun da, gözəl təbiətin də, ətraf mühitin də, bir sözlə, yaşam coğrafiyasının özünəməxsus və danılmaz rolu var. Valideynlər ha çalışırdılar, vuruşurdular alınmırdı, gücləri çatmırdı o zamanların uşaqlarını yetişdirməyə və bundan narahat olmağa, doğma torpağın əvəzolunmaz gücünü isə bir daha anlamağa, etiraf etməyə başlamışdılar. İnşallah, bu təhlükə də yurda qovuşmaqla ortadan qalxar.
- Cəbrayılın azad olunması xəbəri yəqin ki, dünyada aldığınız ən gözəl xəbər oldu...
- Çox xoşbəxtik ki, 27 ildən sonra qəhrəman Azərbaycan əsgəri Cəbrayılı da yağı düşmənin işğalından azad etdi. Analarının qucağında, beşikdə evlərini tərk edən körpələr 27 il sonra tanklar üzərində geriyə döndülər. Ancaq bu qədər ləngimə bizlərin günahı ucbatından olmadı. Gəl dünyadakı çirkinlikləri, ikili standartları, böyük güclərin haqsızlıq və ədalətsizliklərini də unutmayaq. Ermənilərin özü qorxaq olsa da, arxalarındakı güclərin çox böyük olduğunu nəzərə alaq. Şükürlər olsun bu günə ki, yurdumuz artıq azaddır. Övladlarının bir qismi də olsa, onu ziyarət edə bilib. İnan ki, hamısı can atır bu görüşə. Böyük həvəslə, coşquyla. Lakin ermənilər bu dəfə də insani və bəşəri dəyərlərdən çox-çox uzaq olduqlarını bütün dünyaya göstərdilər. Vaxtilə işğal etdikləri torpaqlarımızın hər addımında minalar basdırmaqla, günahsız, mülki insanların qanına susamaqla. Budur gecikmələrə səbəb.
Allaha şükürlər olsun ki, bir daha o dözülməz ağrıları, iztirabları yaşamayacağıq, vicdan əzabı çəkməyəcəyik. İyirmi üç avqust bizim üçün daha matəm günü olmayacaq. Əksinə, bundan sonra Cəbrayılın işğaldan azad olunduğu günü – 4 oktyabrı toy-bayram edəcəyik. Bunun üçün müzəffər Ali Baş Komandanımıza, güclü ordumuza, müqəddəs şəhidlərimizə və qazilərimizə borcluyuq.
- Gün o gün olsun, Sizinlə Cəbrayılda görüşək.
- Var olun! Səsimizə səs verən “Vətən səsi”nə təşəkkür edirəm.
Mina RƏŞİD