Bunu açıqlamasında Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə deyib.
Fariz İsmayılzadə bildirib ki, Azərbaycan neft və qazı artıq bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu istiqamətdə coğrafiya getdikcə genişlənir.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qazını alan ölkələrin sayı artır və yeni tərəfdaşlar bu əməkdaşlığa qoşulur. “Artıq Almaniya da Azərbaycan qazını alan ölkələr sırasına qoşulub. Coğrafiya genişləndikcə Azərbaycanın siyasi və diplomatik əlaqələri də güclənir. Bu ölkələr Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, müxtəlif beynəlxalq platformalarda ölkəmizi dəstəkləyirlər”, - deyə Fariz İsmayılzadə qeyd edib.
Fariz İsmayılzadə vurğulayıb ki, enerji layihələri yalnız enerji sahəsi ilə məhdudlaşmır, paralel olaraq investisiya və ticarət əlaqələrinin də genişlənməsinə təkan verir.
“Serbiya nümunəsi göstərdi ki, qaz və neft layihələri ilə yanaşı, investisiya layihələri və ticarət əlaqələri də inkişaf edir. Enerji sektorunda əməkdaşlıq digər sahələrdə də sərmayələrin qoyulmasına imkan yaradır. Məsələn, elektrik enerjisinin istehsalı sahəsinə Azərbaycan tərəfindən investisiyaların yatırılması planlaşdırılır”, - deyə deputat bildirib.
Milli Məclisin deputatı əlavə edib ki, bu proseslər Azərbaycanın iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına və dayanıqlı iqtisadi artıma mühüm töhfə verir. (AZƏRTAC)